AMİ-nin Qazax filialında 20 Yanvar faciəsinin 24-cü
ildönümü ilə əlaqədar silsilə anım tədbirləri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları filialın kitabxanasında
düzənlənmiş "20 Yanvar şəhidləri unudulmur" adlı
fotosərgiyə tamaşa etdilər. Sonra foyedə 20 Yanvar
şəhidlərinə həsr edilmiş məqalə, oçerk, roman və şeirlər
çap olunmuş kitab və jurnallara baxış oldu. Daha sonra
filialın akt zalında anım tədbiri başladı. Tədbiri
direktor, dosent A.Qasımova açdı və şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla qeyd edildi. Sonra ictimai və
təbiət fənləri kafedrasının baş müəllimi M.Süleymanov 20
Yanvarla bağlı bəzi tarixi faktları iştirakçıların
diqqətinə çatdırdı. Tələbələrdən Pərviz Bayramov,
Gülçiçək Hüseynova, Nicat Məmmədli, Sənəm Namazova çıxış
etdilər. Sonda iştirakçılara 20 Yanvarla bağlı slayd
təqdim edildi.
***
Astara Pedaqoji Kollecində 20 Yanvar faciəsinin 24-cü
ildönümünün qeyd edilməsi məqsədi ilə silsilə tədbir
keçirilib.
Anım tədbirini kollecin direktoru, fəlsəfə doktoru
Əlihəsən Həmzəyev açıb. Bir dəqiqəlik sükutla faciə
qurbanları yad edilib. Kollecin tarix müəllimləri Vüsal
Babayev və Elçin Mahmudov "20 Yanvar Azərbaycan xalqının
qan yaddaşıdır" və "Qanlı tarix - şanlı tarix"
mövzularında məruzə ediblər. Müəllimlərdən Xalid
Məmmədov, Günay Hüseynova, Aygün Abbasova, Aynur
Əsgərzadə, tələbələrdən Kürsümxanım Məmmədli, Elnarə
Hacızadə, Ofeliya Məmmədsalahova, İlahə Kazımlı,
Şəmsiyyə Yusifəlizadə, Elməddin Ələkbərov, Gülnar
Mirzəyeva, Kürsüm Tağızadə çıxış edərək yanvar
şəhidlərinin daim yaddaşlarda yaşayacağını, bu faciənin
heç vaxt unudulmayacağını və qisasın yerdə
qalmayacağını vurğulayıblar.
***
Bakıdakı 61 nömrəli tam orta məktəbdə 20 Yanvar
faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi
keçirilib.
Tədbir iştirakçıları öncə şəhidlərin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zenfira
Şıxəliyeva həmin müdhiş gecədə baş verən hadisələrdən
ətraflı danışıb və 20 Yanvar faciəsini Azərbaycan
xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib. Qeyd
edilib ki, o zaman ümummilli lider Heydər Əliyev heç
nədən çəkinmədən Azərbaycanın Moskvadakı nümayəndəliyinə
gələrək M.Qorbaçov və onun komandasının atdığı bu
cinayətkar addımı kəskin tənqid edib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov, Bakıdakı 220 nömrəli tam orta məktəbin
direktoru Almaz Əsgərova və başqaları da Azərbaycan
xalqının başına gətirilən bu fəlakətdən danışıblar.
Sonra məktəblilər ədəbi-bədii kompozisiya nümayiş
etdiriblər.
***
Bakıdakı Yusif Mirzəyev adına 44 nömrəli məktəbdə 20
Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl məktəbdə fəaliyyət göstərən 46 nömrəli
Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin "Dram" dərnəyinin
rəhbəri Vəfa Həşimova, məktəbin tərbiyə işləri üzrə
direktor müavini Qönçə Cəfərova uşaqlarla Şəhidlər
xiyabanını ziyarət ediblər. Şagirdlər şəhidlərin uyuduğu
məzarların üstünə qərənfillər qoyublar və vətənpərvərlik
mövzusunda şeirlər söyləyiblər.
Məktəbin akt zalında keçirilən tədbirdə aparıcılar
VIII"a" sinif şagirdi Fatimə Cəfərli və X"a" sinif
şagirdi Ceyhun Mustafayev 20 Yanvar faciəsi haqqında
tədbir iştirakçılarına məlumat verdilər. Məktəbin
şagirdləri və "Dram" dərnəyinin üzvləri şəhidlər
haqqında hazırladıqları kompozisiyalarla çıxış etdilər.
"20 Yanvar cəmiyyəti"nin sədri Soltan Əzimzadə o qanlı
gecə haqqında danışdı. Tədbirin sonunda məktəbin
direktoru Samirə Əkbərova 20 Yanvar faciəsi haqqında
geniş məlumat verdi.
***
Məktəblərin Vətənə məhəbbət, hərbi vətənpərvərlik, doğma
torpağa bağlılıq ruhunda tərbiyəsi, xüsusilə qan
yaddaşımızın unudulmaması üçün 20 Yanvar faciəsinin
24-cü ildönümü ilə əlaqədar Şamaxı rayonunun ümumtəhsil
məktəblərində də silsilə tədbirlər həyata keçirilmişdir.
İctimaiyyətin nümayəndələri, müəllimlər və şagirdlərin
iştirak etdiyi tədbirlərdə çıxış edən rayon təhsil
işçiləri və ziyalılar Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olmuş 20 Yanvar haqqında geniş danışılmış,
ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.
Məktəblərdə vətənpərvərlik mövzusunda bədii qiraət
gecələri keçirilmiş, inşa yazı, rəsm müsabiqələri və
idman tədbirləri təşkil olunmuşdur.
***
Bakıdakı N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin
tarix müəllimi Nargilə Əhmədovanın VI "a" sinif
şagirdləri ilə keçirdiyi "20 Yanvar - qan yaddaşımız"
adlı ədəbi-bədii tədbir də 20 Yanvar hadisəsinə həsr
olunmuşdu.
Öncə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla
anılmışdır. Sonra məktəbin direktoru Əlislam Abasquliyev
çıxış edərək həmin gün paytaxtımızda, şəhərətrafı
ərazilərdə törədilən vəhşiliklərdən danışmış, 20 Yanvar
hadisələrinə ilk dəfə məhz ulu öndər Heydər Əliyevin
ölkəmizə rəhbərliyə qayıtdıqdan sonra siyasi və hüquqi
qiymət verdiyini qeyd etmişdir. Şagirdlər 20 Yanvar
faciəsindən bəhs edən şeirlər söyləmiş, şəhidlərə həsr
olunmuş mahnılar oxumuşlar. 20 Yanvar şəhidlərindən
Larisa Məmmədovaya həsr olunmuş səhnəciklər şagirdlərin
törədilən qırğına nə qədər həssaslıqla yanaşdıqlarından,
tariximizin yaxın keçmişində baş verən hadisələrə
dərindən qiymət verməyə çalışdıqlarından xəbər verirdi.
"Azərbaycan müəllimi" |