Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

Azərbaycanda distant təhsil: vəzifələr, perspektivlər

 

(Əvvəli qəzetimizin 13 dekabr 2013-cü il tarixli sayında) 

Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra təhsil də yeni forma və məzmun əldə etməyə başladı. Yeni texnologiyalar distant təhsilin imkanlarını genişləndirdi. XXI əsrdə distant təhsil dedikdə bu, təhsilalana öyrədilən məlumatın informasiya və kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılmasını və online imtahanların götürülməsi kimi başa düşülür. Distant təhsilin tətbiqinin uğurlu nəticələri təhsilalmanın bu formasına dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır. 

Azərbaycan Respublikasında təhsil islahatları ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik illərinə təsadüf edir. 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü və planauyğun aparılmasına başlanılmışdır. Aparılan islahatların nəticəsi olaraq 10 il sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqrami" tədrisin  təşkilində Bolonya prinsiplərini əks etdirməklə bərabər distant təhsili də əhatə etmişdir. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9-cu maddəsi məsafədən təhsilin təşkilini nəzərdə tutmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Strategiyadakı dördüncü strateji istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsasında təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması və digər tədbirlərlə yanaşı, distant təhsil kimi tədbirləri də əhatə etmişdir. Beləliklə, distant təhsilin inkişafına dövlət dəstəyi strategiyada da öz əksini tapmışdır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda da distant təhsil təhsilalma kimi göstərilib. Təhsil Qanunda "distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması" kimi dəyərləndirilib.  

Distant təhsilin tətbiqi imkanları

 Distant təhsil vəsaitləri bütün növ informasiya texnologiyaları-kompüter, kompüter şəbəkələri, multimedia, audio və video sistemlərini əhatə edir. Bu təhsil formasının əsasını proqram təminatı təşkil edir. Proqram təminatı universitetin strukturunu, özündə informasiyaları birləşdirən verilənlər bazasını əhatə edir.  Distant təhsilin əsas komponentləri təhsilverənlə təhsilalan arasında qarşılıqlı əlaqənin olması, təhsilin məzmununun kompüter vizuallığı, böyük həcmli informasiyaların arxivləşdirilməsi, məlumat axtarış sisteminin mövcudluğu və tədris materiallarının mənimsənilməsinə nəzarət təşkil edir.

Dünya təcrübəsində distant təhsili həyata keçirmək üçün əlverişli proqram təminatlarından biri də MOODLE (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur. Sistem 50000 tələbəni və yüzlərlə kursu əhatə etmək imkanına malikdir. Windows, Linux, Mac OS X kimi proqram təminatları bu sistemi dəstəkləyir. Sistemdə yaranmış hər hansı bir problemin həlli asanlıqla mümkündür. Moodle vasitəsilə məsafədən təhsil, vebinarlar və online konfranslar həyata keçirmək olar.

Dünya təcrübəsi göstərir ki, distant təhsil bir neçə istiqamətdə həyata keçirilə bilər: Ayrı-ayrı ixtisaslar və peşələr üzrə  distant təhsil kursları, distant orta təhsil, distant ali təhsil və distant əlavə təhsil, distant "açıq dəsr"lər və distant konfranslar.

Ayrı-ayrı ixtisaslar və peşələr üzrə distant təhsil kursları müxtəlif şirkətlərdə, dövlət qurumlarında və müəssisələrdə çalışan əməkdaşların çalışdıqları sahələr üzrə iş yerlərini tərk etmədən, daha ucuz və sərfəli yolla peşə qabiliyyətlərinin təkmilləşdirilıməsinə xidmət edir. Bu kurslar vasitəsilə əldə olunan sertifikatlar yerli və beynəlxalq xarakterli ola bilər. Distant yolla həyata keçirilən təlimlər Azərbaycanda daha geniş yayılmış tədris metodu kimi tanınır.

Distant "açıq dərs"lərin keçirilməsi ənənəsi isə Azərbaycan təhsil məkanına çoxdan tanışdır. Distant açıq dərslər fakültələrarası, universitetlərarası və ya beynəlxalq xarakter ala bilər. Tələbələr bu yolla yerli və xarici mütəxəssislərdən konkret bir mövzu ilə bağlı geniş məlumat əldə edə və bu dərsi online yolla interaktiv şəklə sala bilərlər.

Distant və ya online konfranslar da Azərbaycanda geniş yayılmış təlim metodudur. Polycam kameralar və ya skype proqramı vasitəsi ilə bir neçə təhsil müəssisəsinin bir arada konfrans keçirməsi ənənəsi artıq uzun illərdir mövcuddur.

Bəs ali təhsildə distant təhsil dedikdə nə başa düşürük? Əlbəttə ki, burada tədris prosesinin distant idarə olunması əsas yerlərdən birini tutur. Tədris prosesi modullardan ibarətdir. Hər modul bir neçə mühazirəni əhatə edir. Mühazirələr rəqəmsal formatda slaydlar şəklində təqdim olunur. Slaydlar təhsilalanın aktivliyinin artmasına və diqqətinin tədris olunan materiala yönəlməsinə böyük təsir edir. Burada lazımi və əhəmiyyətli məlumatlar birləşmiş, sistemləşdirilmiş şəkildə sadə və anlaşılan dildə təqdim olunur. Hər mühazirə dinləməsindən sonra tədris olunan materiallar test yolu ilə yoxlanılır, mənimsənilmə səviyyəsi öyrənilir. Bütün modullar üzrə testlərin uğurlu nəticəsindən sonra fənn üzrə imtahan və ya məqbul suallar təqdim olunur.  

Distant təhsilin tələbələr üçün üstünlükləri nədən ibarətdir? 

* Əlçatan olması - təhsil müəssisəsinin harada yerləşməsindən asılı olmayaraq internet və kompüter olan hər yerdən təhsil ala bilmək imkanı.

* Sosiallıq - sosial gərginliyi aradan götürməklə harada yaşamasından, maddi təminatından, yaşından, səhhətindən asılı olmayaraq insanların   bərabər təhsil alması üçün şəraitin yaradılması.

* Keyfiyyət - dünyanın tanınmış və yüksək kvalifikasiyalı universitetlərində təhsil almaq şansı verməklə yanaşı, təhsilin monitorinqinin aparılması, professor-müəllim heyəti ilə birbaşa və rahat əlaqə, tədris krediti götürən tələbələrlə internet üzərindən sıx əlaqə və qrup, komanda şəklində verilən tapşırıqların yerinə yetirilməsi.

* İndividuallıq - tələbəyə individual tədris proqramının, tədris planının, tədris qrafikinin hazırlanmasına şərait yaratmaq,  fənlərin mənimsəmə ardıcıllığının gənc analar və fiziki cəhətdən qüsurlu insanlar üçün əlçatan olması.

* Obyektivlik - qiymətləndirmənin fənn müəlliminin kimliyindən asılı olmayaraq obyektiv və şəffaf aparılması.

* İnnovasiyalaşdırma - ən müasir informasiya texnologiyalarından istifadə etməklə ən son yenilikləri tətbiq etmə imkanı.

* Səmərəlilik - ev kirayəsi, nəqliyyat xərcləri, tədris materiallarına çəkilən xərclərin və vaxtın qənaət olunması, tədris tapşırıqlarının qısa müddət ərzində elektron daşıyıcılar vasitəsilə çatdırılması. Dərsdə iştirak etmədiyi təqdirdə saytda yerləşdirilən mühazirə videorolikini istənilən qədər təkrar izləmək imkanının verilməsi. 

*  Davamlılıq - istənilən ixtisas üzrə təhsil pilləsini başa vurub, digər təhsil pilləsini əldə etməyə şəraitin yaradılması.

* Mobillik - informasiyanın müəllim tərəfindən hər gün yenilənməsi hesabına tələbənin aktual materialı əldə etməklə peşəkar yetişməsi və müasir əmək bazarını öyrənə bilməsi.

Beləliklə, distant təhsil qeyri-ənənəvi mənbələrə istinad etməklə effektivliyi, sərbəst fəaliyyəti, fərdi və yeni yaradıcılıq imkanı, müxtəlif peşəkar vərdişlərin əldə olunub möhkəmləndirilməsi, hadisə və proseslərin konseptual və riyazi modelləşdirməsi hesabına təhsildə yeni forma və metodların reallaşdılmasına şərait yaradır.  

Naxçıvanda distant təhsilin tətbiqi imkanları 

Soruşa bilərsiniz ki, distant təhsil üçün niyə məhz Naxçıvanı hədəf seçmişik?

Bu suala cavab verməmişdən öncə Naxçıvan Muxtar Respublikasında internetin yaranması və hazırda ali təhsildə tətbiqindən bəhs edək. Çünki distant təhsilin keyfiyyəti kompüter avadanlıqları və internetin sürətindən, o cümlədən digər audio-vizual və informasiya texnologiyalarının uğurlu tətbiqindan asılıdır.

Naxçıvan Muxtar Respublikasında İnternet ilk dəfə 1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində abunəçilərin istifadəsinə verilmişdir. O zaman yalnız 8 abunəçi ilə İnternetə qoşulma imkanı əldə edən mərkəz qısa zamanda böyük inkişaf yolu keçmişdir. 10 may 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda nakhchivan.az internet provayderi yaradılmışdır. 2006-cı ildən internet provayderin adı nakhinternet.az olaraq dəyişdirilmişdir. Həmin dövrdə yalnız Dial-up-la internetlə qoşulmaqla internetin sürəti 56 kbt/san olmuşdur. 2005-ci ilin oktyabr ayından etibarən isə Naxçıvan şəhərində internet şəbəkəsinə ən müasir texnologiya ilə - ADSL (asimmetrik rəqəmli abunəçi xətti), yəni genişzolaqlı internet xidməti vasitəsilə qoşulma tətbiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 5 aprel 2010-cu il tarixli sərəncamı ilə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan MR İnternet Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar Respublikası ərazisində inzibati və təsərrüfat obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar respublika əhalisini İnternetlə təmin etmək, internetlə əlaqədar müxtəlif xidmətləri göstərməkdir. Mərkəz yüksək keyfiyyətli İnternet xidmətləri, web səhifələrin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi və qurulması işlərini həyata keçirir. Muxtar respublikanın telekommunikasiya şəbəkəsi TAE (Trans-Asiya-Avropa) fiberoptik magistral xəttinə qoşulub. Bütün informasiyalar bu magistralin üzərindən ötürülür. 2012-ci ilin avqust ayından başlayaraq Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına başlanılmışdır. "Evədək optika" layihəsi imkan verir ki, hər abunəçiyə 10 mbt/san və ondan yuxarı sürətdə internet verilsin. Bu da elektron ticarət, məsafədən təhsil (distant) istifadə və s. üçün əlverişli internet sürətidir. 

Hazırda Naxçıvanda İnternetdən istifadə edənlərin sayı 344 mindən çoxdur. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində belə genişzolaqlı İnternet xidməti fəaliyyət göstərir. 2013-cü ildə Naxçıvanın yaşayış məntəqələrinin 85,3 faizində genişzolaqlı İnternet xidməti, 90 faizində isə simsiz İnternet xidməti göstərilib. Muxtar respublikaya daxil olan internetin sürəti 2005-ci ildə 512 kbt/saniyə idisə, 2013-cü ildə bu sürət 3 GB/saniyəyə çatdırılıb.

Naxçıvan MR-də ali təhsil müəssisələrinə internet 8-10 mb/san verilir. Tam orta məktəblərdə isə bu rəqəm 4-5 mb/san arası dəyişir. Qeyd edək ki, elektronlaşma yalnız təhsil müəssisələrini əhatə etmir. 2013-cü ilin oktyabrında Naxçıvanda "Elektron hökumət" (e-hokumet.nmr.az) portalı da istifadəyə verilmişdir. Bu portal vasitəsilə muxtar respublikanın 34 dövlət orqanının xidmətlərindən yararlanmaq mümkündür.

2014-cü ildə muxtar respublikanın yasayıs məntəqələrinin 100 faizinin genişzolaqlı internetlə təmin edilməsi nəzərdə tutulub. Bu il muxtar respublikaya daxil olan internetin sürəti artırılaraq 5 GB/saniyə olması planlaşdırılıb. 

Naxçıvanda ali təhsilin inkişafında İKT 

Naxçıvan MR-in aparıcı ali məktəblərindən sayılan Naxçıvan Dövlət Universitetində müasir İKT-nin tətbiqi imkanları 2000-ci ilə təsadüf edir. Həmin dövrdən başlayaraq Azərbaycan Respublikasında İKT-nin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət proqramları,  Naxçıvan MR-də bu sahədə aparılan köklü islahatlar və universitet layihələrinin ali məktəbə qazandırdığı informasiya texnologiyaları ildən-ilə artmağa başladı. 2005-ci ildən bu günədək ardıcıl həyata keçirilən Elektron - Naxçıvan beynəlxalq konfransları isə həm dövlət qurumlarının, həm də xarici ali təhsil müəssisələrinin İKT-nin gözü ilə Naxçıvanı tanımasına şərait yaratdı. Dövlət və ali təhsil müəssisəsinin qarşılıqlı işbirliyi ilə həyata vəsiqə alan tədbirlər isə NDU-nun paytaxt və regional ali məktəblər arasında İKT-nin tətbiqi imkanlarına görə ilk sıralarda yer tutmasına səbəb oldu. Qeyd edək ki, universitetin maddi-texniki bazası- elektron lövhə və proyektorla təchiz olunmuş  100-dən artıq auditoriya, 1000-dən yuxarı kompüter avadanlığı, Polycom kameralı auditoriyalar, elektron kitabxana, internet portal və universitetin 110 ha ərazisini əhatə edən 10 mb/san gücündə wi-fi simsiz internet xidməti   Elektron Təhsil bazasının yaradılmasına geniş imkanlar açdı. Hazırda universitetdə bütün ixtisaslar üzrə imtahanların kompüter vasitəsilə aparılması, bütün dərslərin, elmi-pedaqoji təcrübələrin nəticələrinin, təhsilin bütün sahələrinin mərhələ-mərhələ elektronlaşması, online dərslərin təşkili, magistr dissertasiyaları və diplom işlərinin elektron qəbulu və digər tədbirlər İKT imkanlarının öyrədən və öyrənən arasındakı münasibətlərin düzgün qurulması, obyektivlik, şəffaflıq, aktuallıq, peşəkarlıq kimi prinsiplərin tədrisdə tətbiqi ilə nəticələnmişdir.      

Hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil məkanında 3,5 milyon dollarlıq dəyəri və genişmiqyaslı əhatə dairəsi ilə seçilən və Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən "Elektron universitet" layihəsi isə aparılan məqsədyönlü tədbirlərin ən uğurlu nəticəsidir. Artıq Naxçıvan Dövlət Universitetinin elektronlaşması universitetə girişdən tutmuş, çıxışadək bütün proseslərin, tələbənin dərsə davamiyyətinin, elmi-pedaqoji potensialın, administrativ işlərin elektronlaşmasını əhatə edir. Qeyd edək ki, "Elektron universitet" layihəsi reallaşdıqdan sonra Naxçıvan MR rəhbərliyinin dəstəyi ilə universitetə ayrılan internetin sürətinin 100 mb/san çatdırılacağı planlaşdırılır.

Bütün bu prosesləri isə distant təhsilə keçid və hazırlıq mərhəsi kimi də dəyərləndirmək olar. Distant təhsilin nəticələri o zaman uğurlu ola bilər ki, o mövcud bazanın təməlləri üzərində davam gətirə bilsin. Bəs, distant təhsili həyata keçirmək üçün hansı meyarlar tələb olunur?

İlk növbədə sürəti 100 və ya 200 mb/san olan internet, ən müasir kompüter avadanlıqları, bu avadanlıqlardan sərbəst istifadə edən professor-müəllim heyəti və öyrənən tərəfin bütün bu prosesləri əldə etmə imkanı. Distant təhsili həyata keçirən universitet buna nə qədər hazırdırsa onu qəbul edən cəmiyyət də buna o qədər hazır olmalıdır.  Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında distant təhsilə keçidi tam reallaşdırmaq olar. Lakin bundan əvvəl Azərbaycanda distant təhsili tətbiq etmək üçün aşağıdakı proseslərin həyata keçirilməsi zəruridir:

1. Azərbaycan Respublikasında distant təhsillə bağlı hədəfləri bəlli edən strategiyanın işlənib hazırlanması.

2. Strategiyanı həyata keçirə biləcək kadr potensialının və vəzifələrin müəyyənləşməsi.

3. Distant təhsillə bağlı qanunvericilik bazasının yaradılması.

4. Cəmiyyətin distant təhsilə hazırlığına, maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələri tərəfindən aparılmasına geniş şəraitin yaradılması.

5. Azərbaycanda nümunəvi Distant Təhsil Universitetinin yaradılması.

6. Cəmiyyətin bütün təbəqələrinin distant dərsləri almasına şərait yaradan Distant Təhsil Televiziyasının yaradılması.

7. Tədris-metodiki vəsaitlərin və elmi ədəbiyyatların Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elektronlaşmasına nəzarətin gücləndirilməsi.     

8. Bu sahədə dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən istifadə edilməsi.

Biz bu təhsilalma formasını tətbiq etməklə cəmiyyətin bütün təbəqələrinin təhsil almasına şərait yarada bilərik. Artıq yaşından, fiziki problemlərindən, iqtisadi və sosial durumundan asılı olmayaraq hər kəs təhsil ala biləcəkdir. Ən böyük qazancımız cəmiyyətimizi pis vərdişlərdən, kənar meyillərdən uzaq etməklə, onun üçün əlçatmaz sayılan arzuların reallaşmasına, müasirləşməsinə, dünyagörüşünün artmasına, əmək bazarının tələblərinə uyğun yetişməsinə, İKT imkanlarını yalnız əyləncə vasitəsi deyil, eyni zamanda elmin və təhsilin inkişafına xidmət edən vasitə kimi qəbul etməsinə şərait yaratmaqdır. Ən nəhayət, bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü prosesləri dövlətin qüdrətlənməsinə, iqtisadi, siyasi, sosial gücünün artmasına, təhsil strategiyasının uğurlu tətbiqinə yönəldə bilərik.  

Surə SEYİD,
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru,
filologiya
üzrə fəlsəfə doktoru, dosent
[email protected]

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov