Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

8 yaşlı Nərgiz beynəlxalq müsabiqənin qalibi olub

 

 Bakının Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 28 dərnək fəaliyyət göstərir. Burada uşaq, yeniyetmə və gənclər öz asudə vaxtlarını  səmərəli və faydalı keçirirlər. Onların məlumat dairələrinin genişlənməsində, estetik zövqlərinin  artırılmasında, istedad və yaradıcılıq qabiliyyətlərinin  üzə çıxarılmasında bu dərnəklərin rolu çox böyükdür.

Yaradıcılıq mərkəzinin nailiyyətləri çoxdur. Dərnək üzvləri  nəinki şəhər, respublika əhəmiyyətli tədbirlərdə, hətta beynəlxalq müsabiqə və sərgilərdə, festival və  bayramlarda  fəal iştirak edirlər. Gənc rəssamlar uğurlarını artırmaqda davam edirlər. Belə ki, onlar Amerika, İngiltərə,Yaponiya, Türkiyə, İordaniya, Norveç, Yunanıstan, Polşa, Çexiya, Rusiya, Ukrayna, Belarus, Sloveniya, Hindistan, Finlandiya və digər ölkələrdə keçirilən beynəlxalq rəsm müsabiqə və sərgilərdə yüksək  nailiyyətlər  əldə  edərək qızıl, gümüş, bürünc medallar, diplom və fəxri fərmanlar qazanıblar.

Növbəti uğurlardan biri də Polşa Respublikasında "Su-həyat və element" mövzusunda keçirilən XVII beynəlxalq uşaq rəsm müsabiqəsində əldə edilən qalibiyyətdir. Belə ki, mərkəzin rəsm studiyasının 36 dərnək üzvünün su mövzusunda çəkdiyi rəsm işləri Polşaya  göndərilib və həmişə olduğu kimi, bu dəfə də gənc rəssamlar böyük uğur qazanıblar. Dünyanın müxtəlif ölkələrinin 5-19 yaş həddində olan uşaq və gəncləri arasında keçirilən müsabiqədə iştirak edən 4 dərnək üzvü-Şövqi Məmmədzadə, Rəşid Rəfiyev, Lalə Cavadlı və Tural Ağakişiyev qalib olub. Mərkəzdə öz xüsusi istedadı və pedaqoji  ustalığı ilə seçilən dərnək rəhbəri Nərmin Abdullayevanın yetirmələri olan bu uşaqların rəsm işləri müsabiqənin təşkilat komitəsi tərəfindən qaliblər sırasına daxil edilib.  Şövqi Məmmədzadə  I yeri tutduğuna görə  xüsusi medal və diploma, Rəşid Rəfiyev, Lalə Cavadlı, Tural Ağakişiyev və dərnək rəhbəri Nərmin Abdullayeva isə xüsusi diploma layiq görülüblər.

Mərkəzin direktoru Lalə Qətinin sözlərinə görə, bu günlərdə Azərbaycanın Polşadakı səfirliyinin katibi Samir Rzayev qalibləri mükafatlandırmaq üçün yaradıcılıq mərkəzində olub. O xüsusi olaraq qeyd edib ki, müsabiqədə Azərbaycanı məhz bu mərkəzin dərnək üzvləri  təmsil edib. Bildirib ki, yekun sərgidə Azərbaycanın Polşadakı səfiri cənab Həsən Həsənov  iştirak edib. S.Rzayev görüşdə qaliblərə medal və diplomları, müsabiqənin kataloqunu  təqdim edib və istedadlı yeniyetmə gənclərə  gələcək fəaliyyətlərində uğurlar diləyib.

Heç şübhəsiz ki, sənət yarışmasında  qazanılan hər bir uğur dərnək üzvlərini daha fəal olmağa, gözəl sənət əsərləri yaratmağa ruhlandırır. Qazanılan hər bir uğur mərkəzin fəaliyyətinə verilən qiymət kimi dəyərləndirilir.

Sevindirici haldır ki, 2013-cü ildə Yaponiyada YUNİSEF  tərəfindən təşkil olunmuş XIV beynəlxalq  uşaq ekoloji rəsm müsabiqəsində  mərkəzin rəsm dərnəyinin üzvləri də fəal iştirak ediblər. 77 ölkədən olan uşaqların qatıldığı bu müsabiqəyə Azərbaycandan göndərilən 43 rəsm işinin 31-i  mərkəzin rəsm dərnəyinin  rəhbəri  Nərmin Abdullayevanın  yetirmələrinə məxsus olub. "Yer kürəsində dostcasına yaşamaq" mövzusuna həsr olunan müsabiqənin nəticəsi olaraq bu günlərdə mərkəzə Yaponiyadan bağlama göndərilib. Bağlamada müsabiqənin təşkilat komitəsinin mərkəzə ünvanladığı təşəkkür məktubu, müsabiqədə qalib olan uşaqların rəsm işlərindən ibarət  kataloq və müsabiqəyə qatılmış 31 dərnək üzvünün hər birinə kiçik hədiyyə olub. Təşkilat komitəsi rəsm dərnəyinin üzvlərinə 2014-cü ildə  Yaponiyada "Yer; möcüzə planeti"  mövzusunda keçiriləcək XV beynəlxalq uşaq ekoloji rəsm müsabiqəsində iştirak etmək üçün dəvətnamə göndərib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov