Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

"Arzum ali təhsil alıb elə bu uşaq evində çalışmaqdır"

 

 Bakıdakı 2 nömrəli uşaq evinin sakini Gülara Seyidova ilə söhbət

Uşaq evinin yetirməsi Seyidova Gülara Fərhad qızı ilə boya-başa çatdığı "ev"in kitabxanasında görüşdük. Əvvəlcə qəti olaraq müsahibə vermək istəmədi:

- Heç nə yazmayın barəmdə, xahiş edirəm - dedi.

Sonra razılaşdı. Söhbətimiz boyu bu qızda elə bir doğmalıq, elə bir alicənablıq gördüm ki, Gülaranın mülayim, təmkinli səsi hər gün yadıma düşür...

Gülara ilə söhbətimiz oxucularımız üçün də maraqlı olar:

- Qızım, hansı ildənsən?

- 1990-cı ilin iyul ayının 19-danam.

- Harada doğulmusan?

- Deyilənə görə, Ağsuda. Amma kəndin adını bilmirəm.

- Burada olduğun illərdə kimsə, nə vaxtsa yanına gəlib?

- Heç vaxt, heç kim! Bundan sonra gəlsələr nə mənası var? Artıq öz ayaqlarımın üstündə dura bilirəm. İşləyirəm, özümü müdafiə edirəm. Kimsəsiz də deyiləm. Azərbaycan dövləti kimi, Sevda anam kimi himayədarlarım var.

- Müəllimlərindən soruşmamısan səni buraya kim gətirib?

- Eşitmişəm ki, mənim üç yaşım olanda elə indiki adım-soyadımla  ata tərəfimdən "Uşaq evi"nə gətirilmişəm...

- Bilmirsən, bacın-qardaşın da varmı?

- Bilmirəm. Ailəmiz haqqında heç bir məlumatım yoxdur. Buraya tək verilmişəm.

- İstərsən ki, nə vaxtsa bacını, qardaşını tapasan?

- Əgər onlar da hansısa uşaq evindən tapılsa, mənə daha böyük bir dərd olar. Özümün problemlərim azmış kimi, bir də onları düşünsəm...

- Mən o mənada demədim. Yəni evinizdən gəlib səni tapsalar...

- Bilirsiniz, mən əvvəlcə  "Gənclik"dəki uşaq nevroloji dispanserində olmuşam. Dispanserə hansı səbəbdən aparıldığımı bilmirəm. Oradan bu uşaq evinə verilmişəm. Əziyyətimi də çəkənlər çəkiblər. Üzləri ağ olsun. Şükürlər olsun Allahıma ki, bu gün heç bir xəstəliyim-filan da yoxdur. Vallah adicə soyuqlayanda, ya qripə yoluxanda bizə elə qayğıkeşliklə, elə yüksək səviyyədə baxıblar ki... Yəni ehtiyac, diqqətsizlik, biganəlik nədir, biz burada hiss etməmişik, bilməmişik, görməmişik.

Artıq böyümüşəm. Ona görə də bu gün əsl valideynlərimlə qarşılaşsam, onları nədəsə ittiham etmərəm. Sadəcə qınayaram ki, axı, insan öz balasından, ürəyinin bir parçasından necə imtina edə bilər?

- Günlərin birində xəstə, əlsiz-ayaqsız, köməksiz bir qadın yanına gəlib sənə desə ki, bax, Gülara, mən sənin doğma ananam, amma öz gələcəyin, yaxşılığın, təminatın naminə zamanında mən səni uşaq evinə verməyə məcbur oldum. Qəbul edərsənmi onu?

Dərindən ah çəkir:

- Ürək ki, var, daşdan deyil axı, bir parça ətdir də... yumşaq bir əzələ kütləsidi...qəbul edərəm...

Axırıncı iki kəlməni az qala pıçıltı ilə deyir. Ani bir sükutdan sonra isə yenə söhbətinə davam edir:

- Mən Allahın yaxşı bəndəsiyəm ki, hər zaman başımın üstündə Allahım və dövlətim olub. Sevda xanım da sanki həqiqətən bizim anamızdır. Özünün bir qızı, bir oğlu var, ancaq o, buradakı uşaqların hamısını öz doğma balalarından seçmir.

- Orta məktəbi nə zaman bitirmisən?

- Mən doqquzuncu sinifdən çıxıb texniki  kollecə getdim, dizayn fakültəsində oxudum. Ağlıma belə gəlməzdi ki, kolleci bitirdikdən iki-üç ay sonra  məni üzvü olduğum Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında təlimatçı vəzifəsinə işə dəvət edəcəklər. İndi də elə orada təlimatçı işləyirəm.

- Keçən dəfə gələndə uşaqlar mənə dedilər ki, burada hamımızın ad günlərini keçirirlər.

- Doğru deyiblər. "Uşaq evi"ndə bu, bir ənənə halını alıb. Ad günləri mənim üçün elə bir önəm daşımasa da, Sevda anam əvvəllər olduğu kimi indi də mənim ad günlərimi qeyd edir. Əslində 18 yaşımız tamam olandan sonra biz bu evimizlə vidalaşmalıyıq. Amma gedəcək bir yerim, üz tutacaq bir kimsəm olmadığından Sevda anam məni heç hara buraxmadı.

- Gülara, sənin buradakı yaşıdlarının  taleyi 18 yaşları tamam olduqdan sonra necə oldu?

- Valideyni, qohum-əqrəbası olanları gəlib apardılar. Bir də ki, doğmalarının  adama 18 yaşından sonra sahib çıxması elə də bir hünər deyil. Hünər odur ki, bir isti nəfəsə, bir təbəssümə, bir sığala, bir şirin  sözə, bir doğma baxışa ehtiyacımız olanda, bir rezin əmziyə aldanıb kiriyəndə bizə yiyə duraydı doğmalarımız, bizdən imtina etməyəydilər!

- Qızım, bəs qohum-əqrəbası olmayan uşaqlar 18 yaşdan sonra haraya gedirlər?

- Oğlanlar təbii ki, əsgər gedirlər. Ali məktəbə qəbul olunan oğlan və qızlarımız da oxuduqları təhsil ocaqlarının yataqxanalarında məskunlaşırlar. Qalanları da müstəqil həyata atılır, kimə nə tale yazılıbsa, o həyatı yaşayırlar. Alın yazısına inansam da, insan özü də öz həyatını normal səviyyədə qurmağa cəhd etməlidir.

Bütün söhbətimiz boyunca Gülara dəfələrlə kövrəlsə də təmkinini saxlamağı, qəhərini udmağı bacarır.

- Otaq şəraitin necədir? Burada sənin üçün çətin deyil ki?

- Xeyr, elə əvvəlki yerimdə, uşaqlarla birlikdəyəm. Mənə belə çox xoşdur. Hazırda burada olan uşaqlardan ən böyüyu mən olsam da, hamısı doğmalarımdır, özümünkülərdir. Üzüm-gözüm elə öyrəşib ki, işə gedəndə də bu böyük ailəm üçün darıxıram. Burada həqiqətən hamını-uşaqları da, işçi kollektivini də çox istəyirəm. Kollecdə oxuyanda dərsdən qayıdıb otağa girən kimi balacalar sevinclə qışqırışırdılar: "Gülü gəldi, Gülü gəldi".

İndi havalar soyuqdur da...hərdən uşaqlardan kimsə xəstələnəndə tərbiyəçilərlə bahəm mən də onların keşiyini çəkirəm.

- Bu "ev"də neçə bacı-qardaşsınız?

- Təxminən 150 nəfər. Hamısını bircə-bircə adıynan, soyadıynan, hətta xasiyyətiynən əzbərdən tanıyıram. İşdən çıxıb buraya qayıdanda doğrudan çox sevinirəm. Elə bilirəm dünya mənimdir. Deyirəm ay Allah, mən bunları nə qədər sevirəm?! İnanın ki, haçansa mənim geniş imkanlarım olarsa, əlimdə olan son qəpiyimi də bu uşaqların yolunda sərf edərəm.

- Gülara, burada böyüyən qız uşaqlarının yemək hazırlamaq, ev işləri görmək vərdişi necə formalaşır? Onların bu barədə təsəvvürləri, daha dəqiqi, bacarıqları olurmu?

- Əlbəttə! Əvvəla müxtəlif dərnəklərdə uşaqlara toxumaq, tikmək, rəqs etmək, mahnı oxumaq və s. öyrədilir. Sonra da hansısa bir tədbir, ad günləri, bayramlar olanda biz qızlar da hərəmiz bir işin qulpundan yapışırıq. Süfrənin düzəldilməsində, salatların, yeməklərin hazırlanmasında biz də kömək edir, əlimizdən gələni əsirgəmirik. Mən özüm müxtəlif növ salatlar hazırlamağı bacarıram və ehtiyac olanda bu işi məmnuniyyətlə yerinə yetirirəm.

- Hansı yeməyi daha çox xoşlayırsan?

-Yemək mənim üçün önəm daşımır. Allahın verdiyindən nə olsa yeyirəm və bunu bizə nəsib etdiyi üçün Allahıma şükür edirəm.

- Nə cür geyimlərə üstünlük verirsən?

- Klassik üslubda olan ciddi geyimləri xoşlayıram.

- Kitab oxumaqla aran necədir?

- Kitab oxumaq daha çox sevdiyim məşğuliyyətdir. Kollecdə oxuyanda bizə kompüter proqramlarını da öyrədiblər...sağ olsunlar.

- Gənc Azərbaycan qızı olaraq, xarakterində hansı xüsusiyyətlər var?

- Özüm barədə nə desəm, təvazökarlıqdan kənar görünər. Sadə olmağı çox dəyərləndirirəm. Heç bir dəbdəbəli əşya, bahalı geyim, daş-qaş gözümdə deyil. Kosmetikadan, makiyajdan istifadə etmirəm. Allah məni necə yaradıbsa, belə də qəbulumdur. Ağlım kəsəndən də, qoymamışam hörüklərimə qayçı vurulsun.

- Hansı dilləri bilirsən?

- Təbii ki, öz ana dilimizi lazımi səviyyədə bilirəm. Rus və ingilis dillərindən isə məlumatlıyam.

- Özünü hansı sənətdə təsəvvür edirsən?

- Ancaq və ancaq müəllim. Bağça müəllimi, ibtidai sinif müəllimi. Nə olur-olsun, təki balaca uşaqların əhatəsində olum. Onların başına sığal çəkim, onlara savad verim, həyat dərsi öyrədim.

Kolleci bitirdikdən sonra sənədlərimi TQDK-ya təqdim etmişdim, ancaq ali məktəbə qəbul ola bilmədim. İndi hazırlaşıram, növbəti qəbulda yenə özümü sınayacağam.

- Zəhmətin itməz inşallah, qəbul olarsan.

- Amin.

- Dedin ki, müəllim peşəsini çox sevirəm. Sənə kim sevdirib bu sənəti?

- Əslində mən gözümü açıb müəllimi həyatımda iki ampluada görmüşəm. Həm ana kimi, həm də dərs öyrədən kimi. Uşaq evlərində, uşaq bağçalarında işləyənlər həqiqətən iki vəzifə daşıyırlar, həm ana, həm də müəllim vəzifələrini... Burada bizə elə öyüd-nəsihət veriblər ki, bəlkə də heç bəzi ailələrdə o cür öyüd-nəsihətlərə ehtiyac duymurlar.

Mən özüm məhz ona görə müəllim olmaq istəyirəm ki, uşaq evində işləyim, buradakı uşaqların qayğısına qalım, onlara ehtiyacı olan nəvazişi göstərim. Mənim üçün ən müqəddəs, ən dəyərli vəzifə müəllim işləməkdir. Burada bizim zəhmətimizi çəkən Məxmər xanım, Aynurə xanım var. Könül müəllim isə elə bilirəm əsl anamdır.

Hərdən düşünürəm ki, Allah qismət eləsə, ali təhsil ala bilsəm, yenə də bu uşaq evindən, buradakı doğmalarımdan ayrıla bilmərəm. Ona görə də gələcəklə bağlı ən ümdə arzum ali təhsil alıb elə bu uşaq evində çalışmaqdır.

- Gülara, bu dünyada xoşbəxtliyin neçə rəngi, neçə növü varsa, mən sənə onların hamısından arzulayıram. Yeni ilin bu ilk ayında bəs sənin ürəyindən hansı  arzular keçir?

- Mən ali təhsil almağa çox böyük önəm verirəm. Təhsilsiz, elmsiz inanın ki, dünya başıma dar gələr...

Gecə-gündüz özümə dua edirəm ki, heç bir maneə mənim qarşımı kəsməsin, Allah  qapılarımı açsın ki, bu il ali məktəbə daxil ola bilim, yəni ən böyük arzuma çatım.

- Gülara, gözlədiyin hansısa hədiyyə varmı?

- Ürəyimdən keçən hədiyyələr olur. Ancaq ən böyük hədiyyəni uca Allahımdan gözləyirəm.

- Azərbaycan qadını, Azərbaycan anası savadlı olmalıdır ki, onun böyütdüyü, tərbiyə verdiyi uşaqlar respublikamızı hər yerdə layiqincə təmsil edə bilsinlər.

- Təhsil almaq sahəsində dövlətimizin atdığı addımlar göz qabağındadır. Yeni Azərbaycan Partiyasının  sıravi bir üzvü kimi partiyanın xətti ilə mən də müəyyən tədbirlərə qatılır, Prezidentimizə hər an dəstək durmağa çalışıram. Uşaq müəssisələrinin, qocalar evlərinin sakinlərinə, qaçqın və məcburi köçkün uşaqlarına diqqət və qayğı göstərdikləri üçün hörmətli Prezidentimiz cənab İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.  

Söhbəti yazdı:
Ellada UMUDLU,
"Azərbaycan müəllimi

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov