Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Qazaxıstan Parlamentinin Məclis sədri BDU-nun müəllim-tələbə heyəti ilə görüşüb

 

Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri Nurlan Niqmatulinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonağı təqdim edərək onun haqqında ətraflı məlumat verib. Bildirilib ki, Nurlan Niqmatulin Astana şəhər icra hakiminin müavini, Prezident Administrasiyası rəhbərinin müavini, Qaraqanda vilayətinin qubernatoru, "Nur Otan"  partiyası sədrinin birinci müavini (Qazaxıstan Respublikasının iqtidar partiyası ) vəzifələrində çalışıb. Artıq iki ildir ki, Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri vəzifəsini daşıyan N.Niqmatulin hökumətin ali mükafatları olan "Kurmet" və II dərəcəli "Barıs" ordenləri ilə təltif olunub. Akademik Abel Məhərrəmov Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından da bəhs edərək deyib ki, bu ölkələr ortaq dil, mədəniyyət və tarixə malik olan  qardaş dövlətlərdir. Əsrlər boyu xalqlarımız bir-birinə  bağlı olub və həmişə bu əlaqələri qorumaq, gücləndirmək  və genişləndirmək istiqamətində səy göstəriblər. Hazırda qarşılıqlı uğurlu əlaqələrin mövcud olması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və qazax xalqının görkəmli oğlu Nursultan Nazarbayevin birgə səylərinin nəticəsində hasil olub.

Daha sonra çıxış edən Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri Nurlan Niqmatulin BDU-nun onda xoş təəssürat yaratdığını və bu qocaman ali təhsil ocağının kollektivi ilə görüşməsindən məmnunluğunu ifadə edib. Qonaq ölkələrimiz arasında mövcud münasibətlərdən, ölkəsinin xarici siyasəti, iqtisadiyyatın bugünkü durumu, ölkə qarşısında duran məqsədlərdən və digər mühüm məsələlərdən danışıb.

Qeyd edək ki,  qonaq universitetin Heydər Əliyev Muzeyi, Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi ilə tanış olub.

Xatırladaq ki, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin fevralın 19-da Azərbaycana rəsmi səfərə gəlib. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov