Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2014 - №07

 

Əli bəy HÜSEYNZADƏ - 150

"Səadət" məktəbinin müdiri Əli bəy Hüseynzadə

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında  21 yanvar 2014-cü il tarixli sərəncam imzalayıb. Sərəncamda Əli bəy Hüseynzadə  "Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında  mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim kimi dəyərləndirilir.  

...Qafqaz müsəlmanları adından yazılmış ilk siyasi tələbnamənin və "Türkləşmək, islamlaşmaq, avropalaşmaq" triadasının müəllifi, türkçülük məfkurəsinin qurucusu, Azərbaycan rəssamlığında dəsgah boyakarlığının banisi, "Həyat" qəzetinin, "Füyuzat" dərgisinin baş redaktoru, Türkiyədə ilk "Ensiklopedik tibb lüğət"ini yazmış İstanbul Universitetinin tibb professoru, Homerin "İliada"sından "Troya pərisinin hekayəsi"ni, Vergilinin "Eneida"sından "Troyanın son gecəsi Eneyin başından keçənlər"i, Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini  yunan, Hötenin "Faust"unu alman, Miltonun "İtirilmiş cənnət"ini ingilis, Xəyyamın rübailərini fars, Adam Smitin "Millətlərin sərvəti" əsərini fransız dilindən ilk dəfə türkcəyə çevirmiş mütərcim, "İttihad və Tərəqqi Cəmiyyəti"nin, "Türk Ocaqları"nın, "Turan Heyəti"nin yaradıcılarından biri, Mirzə Bala Məmmədzadənin təbirincə "Azərbaycan bayrağını mənalandıran üç ümdə amilin ideoloqu", Bakıda "Səadət" məktəbinin müdiri... Əli bəy Hüseynzadənin 150 illiyi tamam olur.

Doğrudur, Əli bəy Hüseynzadənin müəllimlik fəaliyyəti daha geniş bir söhbətin mövzusu ola bilər. O, təkcə Bakıda deyil, Krımda da, təkcə İstanbulda deyil, Beyrutda da pedaqoji fəaliyyətlə məşğul olub. "Yazımız, dilimiz, "İkinci il"imiz məqaləsi XX yüzilin əvvəllərində Azərbaycan pedaqoji fikrinin bəlkə də ən çox müzakirə olunan sənədlərindən biri kimi xatırlanır.

Ancaq Hüseynzadənin həyatında az araşdırılmış mərhələlərdən biri onun "Səadət" məktəbində müdir işlədiyi (1907-1910) dövrlə bağlıdır.

***

İstanbul Universiteti Tibb Fakültəsinin müəllimləri arasında.  Oturanlar: sağdan üçüncü professor Əli bəy Hüseynzadə   "Şərq və Qərb ədəbiyyatına... vaqif ədiblərimizin birinci səfində sanılan... Əli bəy Hüseynzadə ilə görüşə doğrusu cürət etmirdim. Səadət mədrəsəsinə vardıqda... qapıçıdan mədrəsədə kim var? - deyə sualıma: "Əli bəy Hüseynzadə burada" cavabını alıb həmin anda... Əli bəyə... qoşdum. Əli bəyi görəndə abrım bir xəcalət buldu".

"Ciddi çöhrəli" Əli bəyin qarşısında abrına bir xəcalət gələn Bürhan Şərif  Kazandan məxsusi olaraq "Əli bəyi görmək üçün" Bakıya  gəlmişdi" və "Əli bəy Hüseynzadənin yanında" müsahibəsinin bu gün "Səadət" məktəbinin tarixini öyrənənlər üçün gərəkli bir qaynaq olacağını heç ağlına da gətirməmişdi.

" - Ruhani dərsləri öyrədirsizmi?

-Xeyir. Bizim proqramımızda orta məktəblərdə teoloji fənlərə bəhs var. Fəqət ruhani cəmiyyətlər Daxiliyyə Nəzarətinə tabe bular. Məktəblərə isə maarif nəzarəti... rəhbərlik edər.

- Səadət Cəmiyyəti fənlər məktəbi açmağa təşəbbüs etmirmi?

- Niyyət var. Və lakin təşəbbüs edən yox..."

***

 "1908-də Bakıda "Səadət Müsəlman Dini Cəmiyyəti" quruldu. Əlizadə cəmiyyətin başqanlığına gətirilirkən yazar Nəcəf bəy Vəzirov və İsa bəy Aşurbəyov cəmiyyətin katibliyinə təyin edildilər. Cəmiyyət qurulduqdan sonra Bakıda  bir mədrəsə açılması məsələsi gündəmə gəldi və sentyabr 1908-də "Mədrəseyi-Səadət" açıldı. Buranın müdirliyinə Əli bəy Hüseynzadə gətirilib. Fərhad Ağazadə, Molla Qədir İsmayılzadə və Üzeyir Hacıbəyov (Ceyhun Hacıbəyli, Axund Molla Ağa Əlizadə, Məmməd Hənəfı Terequlov, Əlicabbar Orucəliyev... - A.T.) kibi Qafqazda tanınmış şəxslərin də mədrəsədə dərs verməsi təmin olundu" (Nesrin Sarıəhmədoğlu)

N.Sarıəhmədoğlunun qeydlərini təshih etməyə ehtiyac var. Çünki  bu məktəbin ilk müdiri Əli bəy deyil, Sarbon Universitetinin məzunu Mirzə Ələkbər Xan Bəhmən olmuşdu.

"1908-ci ildə Bakıda bir neçə dost və arkadaş tərəfindən "Səadət" məktəbi adı ilə təsis edilən orta proqramlı milli məktəbdə" 1908-10-cu illər arası "bir müddət dərs naziri və türkcə müəllimi olaraq" çalışdığını yazan Əli bəy xatırladır ki, həmin məktəbin müdiri "Mirzə Ələkbər Xan Bəhmən sonralar İranın Balkan və Misir səfiri olmuşdu".

Mirzə Əliəkbər Xan Bəhmən Parisdə yaşayırdı. İstanbulda Feyzavər xanım mənə Bəhmənin Parisdən "Ustadi-möhtərəm dostu" Əli bəyə fars və fransız dillərində yazdığı məktubları, avtoqraflı fotoşəkillərini göstərdi.

"Səadət" məktəbində "Əli bəy Hüseynzadənin direktorluğu dövründə... müəllimlər müsabiqə yolu ilə seçilib, qəbul edilirdi" ( M.Aslanov).

"Mədrəseyi-səadət" Əli bəy Hüseynzadənin Bakıdakı son iş yeri oldu.

Əli bəy 1910-cu ilin dekabrında həm "Səadət" məktəbini, həm də Bakını tərk etdi.

Hüseynzadənin Azərbaycandan getməsi ilə bağlı "Səadət" məktəbində keçiriləcək ziyafətdə, əslində isə ayrılıq mərasimində iştirak etmək üçün Bakının adlı-sanlı üləmalarına, alimlərinə, şəhərin ərbabi-irfanına - irfan sahiblərinə, əsilzadələrinə xüsusi dəvətnamələr göndərildi. Bu, iyirminci yüzilin əvvəllərində tarixə düşmüş, yüz ildən də çoxdur ki, əfsanə kimi xatırlanan, dillərdə dastan olan bir ayrılıq, bir vida mərasimidir. Bakının bütün mötəbər simalarının qatıldığı ilk ziyafətdir.

Azərbaycan ziyalıları onun şərəfinə ziyafət verirdilər. Məclisin yuxarı başında, fəxri yerində Bakı qazisi Mir Məhəmməd Kərim Ağa əyləşmişdi...

7 dekabr 1910. "Yeni Füyuzat": "1910 sənəsi dekabrın üçündə "Səadət" mədrəsəsi heyəti-idarəsi tərəfindən təbib, ədib Hüseynzadə Əli bəy bəradərimiz şərəfinə böyük ziyafət kəşidə olunmuşdur. Ziyafətə Bakı üləmayi-benamı (ünlü alimləri) və əyani-girami (hörmətli əsilzadələr) və bütün ərbabi-irfan (elm-irfan sahibləri) xüsusi təzkirələr ilə dəvət olunmuşdu...

Ətəmə və əşrəbə fövqəladə məbzul və mütənnəvve və şəkli-ziyafət adabi-islamiyyə üzrə mürəttəb  idi (Çeşidli, bol  yemək-içməklə zəngin ziyafət islam qaydalarına, üsuluna uyğun tərtib edilmişdi).

Təamdan sonra əvvəla Bakı qazisi Ağa Mir Kərim ağa həzrətləri elm və irfanın lüzumuna və Əli bəyin xədəmat və fəzayilinə (xidmət və fəzilətlərinə) dair bir nitqi-bəliğ irad buyurdular (gözəl, bəlağətli nitq söylədi). Qazi həzrətləri mütəaqib (ardınca) dövləti-aliyəyi-İran şahbəndəri (İran konsulu) Saidülvüzarə Mirhüseyn xan Ağazadə cənabları dəxi lisani-farsi ilə atidəki (aşağıdakı) nitqi söyləmişdir:

Həzərat! Gərçi cənab Əli bəy Hüseynzadənin İstanbula getməsi biz Bakı müsəlmanları, xüsusilə də "Səadət" kollektivi üçün olduqca çox təəssüf doğurur, lakin bu gün bütün müsəlmanlara islam dövlətinə bacardıqları qədər kömək etmək vacib olduğundan belə bir elm və bilik sahibinin gedişindən özümüzə təsəlli veririk. Və razıyıq Allahdan. İstəyirik ki, uğuru ona yar etsin ki, ona həvalə olunan işlərdə ən böyük islam dövlətinə layiqincə xidmət edə, himmət göstərə bilsin. Və belə bir yüksək məqama nail olmasını səmimi-qəlbdən təbrik edirik.

Ən sonda mədrəsə heyəti-idarəsi tərəfindən bir zat Əli bəyin bütün Qafqaza, xüsusi ilə bir neçə sənədən bəri mədrəseyi-məzkurəyə etdiyi xidmətlərə dair bir neçə sözlər söylədikdən sonra mədrəsədən iftiraqına (ayrılışına) bütün mədrəsə heyətinin mütəəssif və mütəəssir olduğunu (heyfsləndiyini və təəssüfləndiyini) əlavə ilə nitqinə xitam verdi.

Əli bəy Qafqaz Şeyxülislamı mərhum nöktəgu (incə və dərin kəlamlı) Şeyx Əhmədin həfidi (nəvəsi) olub, Bakı sancaqlarından Səlyan şəhərində dünyaya gəlmişdir. Tiflisdə məktəbi-edadini (orta məktəbi) və Peterburqda ülumi-riyaziyyə və təbiyyə darülfünununu ikmal etdikdən sonra İstanbula gedib məktəbi-tibbiyəyi-əsgəriyyəyə girmiş və sonra Məktəbi-Tibbiyəyi-Şahanədə müəllim müavini olmuşdur.

Bilaxirə (sonra) dövri-istibdadda fərar edib Bakıya gəlmiş və burada "Füyuzat" məcmuəsi ilə "Həyat" qəzetələrində baş mühərrirlik etmişdir.

İki sənədən bəri də "Səadət" mədrəsəsinin müdiri idi.

Əli bəy doğru düşünən, doğru yazan, doğru yaşayan bir ədib, təbibdir. Qafqaz ondan, o, Qafqazdan razı qalaraq İstanbula gediyor".

***

Əli bəy Hüseynzadənin Bakıdan İstanbula gedişi Azərbaycanın ziyalı mühitində, az qala, milli fəlakət səviyyəsində qəbul və dərk edilirdi. Çünki iki il öncə Bakını tərk edən Əhməd bəy Ağayev kimi, Əli bəy Hüseynzadə də Əlabbas Müznib demişkən, "bir böyük aləm kəşf" etmişdi, "millətə milləti qandırmışdı", onun gedişiylə "Qafqaz əhalisi başsız, böyüksüz" qalırdı,  "dilsizlərin dili, karların qulağı, korların görən gözü", "bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının atası" Bakını tərk edirdi və Əliqulu Qəmküsar bu ərəfədə "Əli bəy Hüseynzadə həzrətlərinin Qafqaziyadan mühacirəti münasibəti ilə" yazdığı "Təhəssürat" şerində "Getmə, bizi naümid etmə!" - deyirdi: 

Cism və canımda ehtisasatım,

Şu kədərli fəraqə nifrət edər.

Getdiyin yerlərə xəyalatım

Sürünüb əczlə pəkeycə gedər...  

Bu sözlər isə müəllim Ağababazadənin həmin kədərli hicrətlə bağlı dediklərindəndir: "O, ...həyati-ictimaiyyəmizi yoluna salmağı həkimanə, filosofanə sözlər ilə dedi, yazdı, söylədi. Dilini bilmədik. Sözünü düşünmədik və daha başqa səbəblərə... axırda acı bir "əlvida" deyib getdi".

4 fevral 1911. "Bürhani-tərəqqi" (Həştərxan) qəzeti: "Bakudə "Füyuzat" məcəlləsinin mühərriri və Səadət məktəbinin müdiri Doktor Əli Bəy Hüseynzadə cənabları İstanbula  getdi.  Məzkur Əli bəy cənabları hazır İstanbulun tibb fakultəsi səririyyati-cildiyyə və əfrənciyyə (dəri-zöhrəvi xəstəlikləri klinikası) rəisliginə təyin edilərək idareyi-padşahi sadir olmuşdur". "Böylə bir fazil möhtərəmi Baku müsəlman qardaşlarımız qədrini bilməyib buraxdıqlarından dolayı təəssüf ediyoruz".   

10 noyabr 1910. "Günəş" qəzeti: Baku xəbərləri. Baku. Bu yaqın zamanlarda "Səadət" məktəbinin müdiri ədib-i əzəm və filosof Əli Bəy Hüseynzadə həzrətləri Bakudən əzimət edəcəkdir. Eşitdigimizə görə... xüsusi kitabxanasını və qeyri əşyalarını "Səadət" məktəbinə bağışlamışdır".

"Bakıdan ayrılarkən bütün ev əşyamı - mebel, bufet dəsti, kitablarımın bir qismi və sairə - "Səadət" məktəbinə hədiyyə etdim" (Ə.Hüseynzadə).

***

... Bakıdan İstanbula gedəndən sonra da müəllim kollektivi Əli bəyi məktəbdə baş verən ən xırda təfərrüatların ayrıntıları ilə, hətta məişət və ailə problemlərinə qədər məlumatlandırmağa ehtiyac duyurdular. Fərhad Ağazadənin 1912-ci ilin 29 fevralında Əli bəyə yazdığı məktub da həmin münasibətlərin tarixdə qalmış nişanələrindəndir: "Ustadi-möhtərəmimiz Əli bəy. Novruz bayramınız mübarək olsun. Həmişə bəxt sizə yar olsun. Bu günlərdə Qəmər xanım 2500 rublə alıb İskəndərdən boşandı. 2 ildən sonra İskəndərə bir qız uşağı buraxıb ondan ayrıldı. Səbəb: Bir-biriylə yola getməmək. Bu peşmanlığı bən o vaxtlar duymuşdum. Ey kaş öz işlərimi də böylə biləydim!.. Şeyda xanım sizə məktub yazacaq. Ancaq bayram münasibətiylə şuğli çoxalmış. Bayramdan sonra yazacaq. Müəllimlərimizin sizə ərz ü səlamı var".

***

Əli bəy Hüseynzadə "Səadət" məktəbində çalışdığı illərdə mütərcim olaraq, Şekspirin "Hamlet"ini tərcümə etməyə başlamış, rəssam olaraq, "I Şah Abbasın portreti"ni və "Bibi-Heybət məscidi" tablosunu çəkmiş, eləcə də XX yüzil Azərbaycan ədəbiyyatının zirvələrindən birini -  "Siyasəti-fürusət"i qələmə almışdı.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov