Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 
"Uçitelskaya qazeta"dan

Rusiyalı müəllimlər icbari qaydada psixologiyanı öyrənməli olacaqlar

 

Rusiya məktəblərində psixoloji təlimə diqqət gücləndirilib. Artıq ümumtəhsil məktəblərində işləyən bütün müəllimlər ali məktəbdə aldıqları ixtisasdan asılı olmayaraq icbari qaydada psixologiyanı öyrənməli olacaqlar.  "Uçitelskaya qazeta"nın yazdığına görə, orta məktəblərdə müəllim-şagird münasibətlərində baş vermiş son xoşagəlməz hadisələr Rusiyanın Təhsil və Elm Nazirliyi  qarşısında orta məktəblərdə təlim-tərbiyə mühitinin sağlamlaşdırılması, müəllim və şagirdlər arasında ünsiyyətin nizama salınması kimi təxirəsalınmaz vəzifələr qoyub.  Qeyd edək ki, fevralın əvvəllərində paytaxtda yuxarı sinif şagirdi tərəfindən bir neçə məktəblinin girov götürülməsi və bir müəllimin həlak olması ilə nəticələnmiş faciədən sonra   bütün ümumtəhsil məktəblərində psixoloji xidmətin gücləndirilməsinə qərar verilib. Qəzetin məlumatına əsasən, hətta   Rusiya Dövlət Duması məktəb psixoloqlarının peşəkar hazırlığının və onların diplomlarının yararlılığının yoxlanılması barədə Təhsil və Elm Nazirliyinə müraciət edib.

Təhsil və elm naziri  Dmitri Livanov isə KİV-ə verdiyi  müsahibəsində bəyan edib ki, ilk növbədə, məktəb müəllimlərinin psixoloji hazırlığını yüksəltmək lazımdır.  "İstisnasız olaraq bütün müəllimlərin psixoloji hazırlığını yüksəltmək ən vacib məsələdir. Çünki müəllim  məktəb psixoloqlarından fərqli olaraq  öz vaxtının daha çox  hissəsini uşaqlarla ünsiyyətdə keçirir",- deyə nazir bildirib. O əlavə edib ki, məktəblərdə tədrisin keyfiyyətini intensiv psixoloji-pedaqoji kurs keçmiş və müəllim olmaq istəyən  müxtəlif peşə sahələrinin mütəxəssislərini bu işə cəlb etməklə artırmaq olar.  "Biz pedaqoji universitetlərə zəif abituriyentlərin daxil olması kimi ikiqat neqativ seçimin qarşısını almalıyıq, məhz bu seçim nəticəsində heç də yaxşı olmayan məzunlar məktəblərə işləməyə gedirlər".

  Qeyd edək ki, hazırda ictimai müzakirəsi keçirilən pedaqoji təhsilə dəstək konsepsiyasına dair layihədə ali məktəblərdə  universal və pedaqoji bakalavriat  proqramlarının tətbiq olunması, eləcə də  artıq ali təhsili olan və məktəblərdə müəllim kimi işləmək istəyənlər üçün magistr proqramlarının inkişaf etdirilməsi nəzərdə tutulub. M.V.Lomonosov adına  Moskva Dövlət Universitetinin pedaqogika və təhsil psixologiyası kafedrasının müdiri, professor Andrey Podolskinin sözlərinə görə,  müəllimlərin psixoloji hazırlığı ən yüksək səviyyədə təmin olunmalıdır. "Pedaqoji universitetlərdə oxuduğumuz  psixoloji mühazirələr  dərsliklərdən götürülmüş ümumi söz yığınağıdır. Müəllimlərin əksəriyyətinin müasir  uşaqlar, xüsusən də yeniyetmələr barədə bilikləri yoxdur". Beynəlxalq Təhsil Akademiyasının üzvü olan tanınmış professor hesab edir ki, pedaqoji ali məktəblərdə psixologiyanın tədris kursu təkrar gözdən keçirilməlidir.  "Biz müəllimlərə şagird şəxsiyyətinin inkişafı və tərbiyəsində fəal iştirakdan başqa hər şeyi öyrədirik. Lakin məktəbdə ən başlıca məsələ müəllimin  şagird şəxsiyyətinin inkişaf və tərbiyəsində fəal iştirakını təmin etməkdir".        

   Bir sıra qurumlar  (səhiyyə və sosial inkişaf nazirlikləri) orta məktəblərdə  psixologiya fənninin tədrisini labüd hesab edirlər. Artıq  Təhsil və Elm Nazirliyi  ilə əldə olunmuş razılığa  əsasən orta məktəblərdə "Psixologiya" fənninin tədrisi nəzərdə tutulub. Ekspertlər bu fənnin V-VI siniflərdən tədris olunması imkanlarını müzakirə edirlər.  Müəllimlər isə psixologiyanın  III-XI siniflərdə hər gün tədris olunmasında təkid edirlər.

   Mütəxəssislər qeyd edirlər ki, psixologiya barədə bilikləri uşaqlara  məktəbdən başqa heç yerdə vermirlər. Şagirdlər artıq III sinifdən başlayaraq  narkotik, alkoqol, ilk sevgi ilə bağlı bəzi biliklərə malik olmalıdırlar. Uşaq bütün bunlara hazır olmalıdır. Hazırda III və IV sinif şagirdləri üçün psixologiya dərslikləri  müzakirə mərhələsindədir. Ekspertlər hesab edir ki, psixologiyanın məktəb proqramında tədrisinə başlamaq üçün ən azı iki il iş aparılmalıdır. İlin sonlarına kimi III - IV siniflərdə psixologiya dərsliklərinin müzakirəsi və onların nəşri məsələsi həllini tapacaq. Lakin problem dərsliklərin nəşri ilə bitmir. Bundan əlavə, psixologiya fənnini tədris edə biləcək müəllimlər də hazırlanmalı, onlar ixtisasartırma kurslarından keçməlidirlər. Psixologiyanı tədris edəcək müəllimlər üçün də  müvafıq dərsliklər hazırlanmalıdır.   

Məsələnin ciddiliyini nəzərə alaraq paytaxt Moskva və digər şəhərlərdə məktəb psixoloqlarının ixtisasının artırılması nəzərdə tutulub.  Psixologiya müəllimlərinin əlavə attestasiyası Moskva Psixoloji-Pedaqoji Universitetində aparılacaq. Adıçəkilən universitetdə məktəb psixoloqlarının ixtisasartırma kursları mövcud olsa da artıq bu sahədə işlər  daha fəal surətdə davam etdiriləcək. Əlavə attestasiya aparmaq üçün bu məsələni təhsil departamentləri  ilə razılaşdırmaq lazımdır, çünki məktəb psixoloqlarının statusu  pedaqoji statusa bərabər tutulur.  Attestasiyanın keçirilmə vaxtı və bu prosesin proqramı da təhsil qurumları ilə razılaşdırılmalıdır. Mütəxəssislər  qeyd edirlər ki, məktəblərdə psixoloji xidmətin  keyfiyyətinə təsir edən bir sıra amillər mövcuddur. Bunlardan birincisi az əməkhaqlarıdır. Ölkədə məktəb psixoloqunun orta əməkhaqqı müəllimin maaşından aşağıdır. Bundan əlavə, məktəblər psixoloqları öz ştatlarında   saxlamaqda maraqlı deyillər. Maliyyə mənbələrini və öz statuslarını itirmək istəməyən məktəblər icbari qaydada riyaziyyat, coğrafiya  və rus dili müəllimlərini ştatda saxlamalıdır.  Psixoloqun işə qəbulu məsələsini isə məktəb direktoru özü həll edir. Buna görə də bir sıra məktəblərdə psixoloqun işini müvafiq psixoloji təhsili olmayan direktorlar yerinə yetirir. Buna görə də hər bir məktəbdə psixoloq yeri ayrılmalı, onun hazırlığı isə ən yüksək səviyyədə olmalıdır.  Məktəblərdə əlverişli psixoloji mühiti yaratmaq üçün məktəb psixoloqunun köməyinə onun həmkarları - yeniyetmələrin işi üzrə mütəxəssis və ya kliniki psixoloqlar da cəlb oluna bilər. Yalnız birgə səylər nəticəsində məktəbdə ab-havanın möhkəmlənməsinə nail olmaq olar.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov