Azərbaycanın
dilbər guşəsi olan Qarabağa sahib olmaq istəyən
Ermənistanın xalqımıza qarşı törətdiyi ən amansız
vəhşiliklərdən biri də Xocalı soyqırımıdır. Dağlıq
Qarabağ münaqişəsi nəticəsində neçə-neçə digər rayonları
itirsək də, Xocalıda tam başqa müsibət oldu. Həm daha
bir yaşayış məntəqəmiz işğal edildi, həm də bütün Xocalı
sakinlərı ağlagəlməz qəddarlıqla məhv edildi.
Bu il Xocalı soyqırımından 22 il keçir. Ermənilər
insanlıqdan uzaq bu soyqırıma görə hələlik nə layiqli
cəza alıb, nə də dünya ictimaiyyəti tərəfindən ciddi
təyziqlə qarşılaşıb.
Bu qətliam bizim qan yaddaşımızdır. Xocalı deyəndə,
106-sı qadın, 63 azyaşlı uşaq olmaqla 613 nəfər şəhid,
487 nəfər şikəst, 1275 nəfər (qocalar, uşaqlar,
qadınlar) əsir olanlar, taleyi naməlum 150 nəfər,
bütövlükdə, məhv edilən 8 ailə göz önünə gəlir...
Onların hər biri Vətəni canından artıq sevən həqiqi
qəhrəmanlardır. Xocalılar doğma yurdlarından
çıxmaqdansa,qorxmadan silahlı düşmənlə üzləşməyi və
şəhidlik zirvəsinə ucalmağı üstün tutdular.
Xocalı soyqırımını daha aydın təsəvvür etmək və dünyada
tanıtmaq üçün çoxsaylı digər faktlarla yanaşı, erməni
yazıçılarının qeydlərinə də nəzər salaq. Bir sıra
mənbələrdə də qeyd olunduğu kimi, erməni müəllif,
hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David
Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başına
gətirdikləri müsibətləri öz kitabında belə təsvir edir:"Səhərin
soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək
üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin
üstündən keçmək istəmədim. Bunu görən polkovnik-leytenant
Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11
yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım...
Və mən beləcə 1200 meyidin üstündən keçdim". Təkcə bu
fakt kifayətdir ki, erməni vəhşiliyinin əsl mahiyyəti
dünyaya çatdırılsın...
Ermənilər Xocalıda və digər yaşayış məntəqələrində
törətdikləri çoxsaylı qətliamlarla xalqımızın mübarizə
əzmini qıra bilmədilər.
Biz məktəblilər də xalqımıza qarşı törədilmiş bütün
vəhşilikləri, eləcə də Xocalı soyqırımını,
şəhidlərimizin xatirəsini hüznlə yad edirik. Yalnız
yaxşı oxumaqla, tariximizi ətraflı öyrənməklə və ən
əsası, gələcəkdə müxtəlif sahələr üzrə yaxşı mütəxəssis
olmaqla Vətənimizə fayda verə, şəhidlərimizin amallarını
gerçəkləşdirə bilərik.
26 fevral Xocalı soyqırımı günündə sinif müəllimimiz
Mehparə Həbibli xalqımızın başına gətirilmiş müsibətlər
haqqında bir daha bizə ətraflı məlumat verdi. Biz
şagirdlər də bu mövzuda fikrimizi bildirdik və
qəhrəmanlarımızın əməllərindən böyük ehtiramla söz açdıq.
Bütün dünya, həmçinin ermənilər bilsin ki, Azərbaycan öz
tarixi torpaqlarını azad edəcək, şəhidlərimizin qanı
yerdə qalmayacaq! Azərbaycan xalqının əzmi, dövlətimizin
gücü və qüdrəti bunu deməyə əsas verir...
Cabir MƏMMƏDOV,
Mirsəid CABBAROV (rəsm),
Bakı şəhərindəki 20 nömrəli
məktəb-liseyin IV "v" sinif şagirdləri |