Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Dilimizi sevək və sevdirək

 

 21 fevral - Beynəlxalq Ana Dili günü münasibətilə BSU Məktəb-Lisey Kompleksində maraqlı bir tədbir keçirildi. Tədbirin təşkilində liseyin V, VIII və X sinif şagirdləri yaxından iştirak etdilər. Tədbirin aparıcıları VIII sinif şagirdləri Həmidəxatun Əlixanlı və Kamran Əliyev iştirakçılarla bərabər Azərbaycan Respublikasının Dövlət himnini ifa etdikdən sonra tədbiri açıq elan etdilər. Söz Azərbaycan dili və ədəbiyyat  kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, dosent  Akif Məmmədova verildi. O, çıxışında bu günün təsis olunması və dilimizin tarixi haqqında şagirdlərə məlumat verdi. Tədbirin aparıcıları bu misralarla sözlərinə davam etdilər: Böyütmək üçün şəkili seçin

Mənim ana dilim-dinim, imanım

Qədim əcdadımın sədası dilim

Mənim ana dilim şəhdi-zəbanım

Anamın ən şirin laylası dilim. 

Dil  fikrin  ən  incə  cəhətlərini, qəlbin ən dərin hisslərini ifadə edə bilir. Dilimiz musiqiyə yol açmış, onun şəninə gözəl mahnılar bəstələnmişdir. "Şirin dil" musiqi nömrəsi məktəb xorunun ifasında səsləndirildi.

Dilin cəmiyyətdəki vəzifələri:ünsiyyət vasitəsi, cansız, konkret  və  mücərrəd  varlıqları,  hətta  ən zərif emosional duyğuları adlandırmaqdır. Məhz bu  səbəbdən  də  şagirdlər  aqillərimizin  dil  haqqında  fikirlərini  səsləndirdilər.

Bir həqiqət inkaredilməzdir ki, hər bir dövrdə yazıçılarımız, şairlərimiz, alimlərimiz dili yüksək qiymətləndirmiş, onu müqəddəs saymışlar. Beşincilər Bəxtiyar Vahabzadənin "Mənim dilim"seirini ifadəli şəkildə söylədilər. X sinif şagirdi Asiman Məmmədli isə "Dilimizin dialektləri" mövzusunda təqdimat etdi. Ayrı-ayrı bölgələrdə işlənən dialekt sözlərin mənalarını izah etdikcə bunlar dinləyicilər tərəfindən maraqla qarşılanırdı. Daha sonra milli rəqslərimiz "Nəlbəki", "Ağ çiçəyim" şagirdlər tərəfindən nümayiş etdirildi. Azərbaycan dilinin hərtərəfli inkişafı onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə - dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş Dövlət dilinin inkişafı proqramı ilə bağlıdır. "Dilini sevən millətini, xalqını, vətənini də sevər" söyləyib vətənpərvərlik ruhunda musiqi səsləndirildi. Daha sonra "O olmasın, bu olsun", "Ana dilim" adlı səhnəciklər şagirdlər tərəfindən məharətlə təqdim olundu, dil haqqında bir-birindən gözəl şeir parçaları səsləndirildi. "Çırpınırdı Qara dəniz" musiqi nömrəsi bütün salonu riqqətə gətirdi. Hamı bir ağızdan Azərbaycan bayrağının Qarabağda dalğalanmasını arzu etdi. 

Ruhəngiz QƏRİBOVA,
BSU Məktəb-Lisey Kompleksinin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov