Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Fevral 2014 - №08

 

Təlimdə şəxsiyyətyönümlü yanaşmanın texnologiya, metod və üsullarından istifadə

 

Şagird və müəllimin yaradıcı fəallığını nəzərdə tutan, hər bir məktəblinin özünü komfort hiss etdiyi, öyrənilən problem üzrə öz fikrini bildirmək imkanı olan, öz şəxsi maraqlarını, sərbəstliyini, işdə tədqiqatçılıq bacarığını büruzə verən, əməkdaşlıq atmosferini, uğurlarını hiss edən və yaşayan dərs hazırlayıb keçmək hər bir müəllimin arzusudur.

Mən məktəbdə işlədiyim uzun illər ərzində məhz bu cür dərslər keçməyə çalışmışam. Belə dərslərin hazırlanması və keçilməsi metodikasını mənimsəməkdə mənə təlim və tərbiyəyə, şəxsiyyətyönümlü yanaşmanın zəngin xüsusiyyət və imkanlarını öyrənmək çox kömək edib.

Mütəxəssislər şəxsiyyətyönümlü dərsə verilən əsas tələblərdən danışarkən məktəblilərin idrak fəallığı üçün şəraitin yaradılmasını onun əsas məqsədi hesab edirlər. Belə dərsdə uğur qazanmağa imkan verən vasitələri, metod və üsulları isə müəllim özü fikirləşməli və seçməlidir. Bu zaman o öz şagirdlərinin yaş, psixoloji, fərdi xüsusiyyətlərini, sinfin hazırlıq səviyyəsini bilməli, peşəkarlığını, intuisiya və yaradıcılıq potensialını işə salmalıdır. Şəxsiyyətyönümlü dərslərin öz təcrübəmdə mənimsədiyim və sınaqdan çıxardığım, dərsin məqsəd və vəzifələrini yerinə yetirməyə, onun nəticəliliyinə nail olmağa imkan verən bəzi forma, metod və üsulları üzərində dayanmaq istərdim.

Motivasiya. Üzərində həmişə diqqətlə düşündüyüm ən mühüm məqamlardan biri şagird fəaliyyətinin motivasiyasıdır. Şagirdlər bu və ya digər materialı nə üçün öyrəndiklərini aydın başa düşməli, dərsdə öz işinin əhəmiyyətini və nəticələrini dəqiq təsəvvür etməlidirlər. İmkan daxilində yönəldici suallar, xüsusi tapşırıqlar vasitəsi ilə onları dərsin məqsədi və vəzifələrini sərbəst ifadə etmələrinə gətirib çıxarıram.

Məsələn, məşğələnin mövzusunu elan etdikdən sonra soruşuram:

- Necə düşünürsünüz, mövzu nə üçün belə səslənir?

- Sizin fikrinizcə, bugünkü dərsdə söhbət nədən gedir?

- Siz öz qarşınıza hansı vəzifələri qoymusunuz?

- Bugünkü dərsdən aldığınız biliklər sizə harada lazım ola bilər?

Suallar dərsin mövzusu, tipindən asılı olaraq digər variantlarda da ola bilər. Lakin nəticə birdir: şagirdlər öyrənilən materialın əhəmiyyətini başa düşərək ona xüsusi maraq göstərir, diqqətlə işləməyə başlayırlar. Dərsin sonunda isə hökmən uşaqlarla təkcə nə öyrəndiklərini deyil, həm də nəyin onların xoşuna gəldiyini və ya gəlmədiyini, hansı iş növlərini yenə də yerinə yetirmək, nəyi isə dəyişmək istədiklərini müzakirə edirəm. Çalışıram ki, öz fikrini bildirmək istəyən hər kəsə, hətta onun fikri müəllimin fikri ilə eyni olmasa da, imkan yaradım.

Şagirdlərin şəxsi təcrübəsi. Şəxsiyyətyönümlü dərsin ən mühüm aspektlərindən biri məktəblilərin şəxsi, subyektiv təcrübəsinə istinad  etməkdir. Dərsdə şagirdə təqdim olunan elmi informasiya o vaxt möhkəm fərdi biliyə çevrilir ki, onu şagird özünün və ya yaxşı tanıdığı adamın, məsələn, müəllimin şəxsi həyat təcrübəsindən "keçirsin".

Assosiativ, obrazlı təfəkkür əsasında qurulan sual və tapşırıqlar isə öyrənilən obyekti aydın, dərkedilən edir.

Bu baxımdan IX sinifdə "Tənəffüs hərəkətləri" mövzusunda keçdiyim fəal dərsin bəzi məqamlarını diqqətə çatdırmaq istəyirəm.

Dərsin əvvəlində canlıların həyatında oksigen qazının əhəmiyyətindən danışıram. Şagirdlər hələ VI sinif botanika kursundan oksigenin bitkilərdə fotosintez nəticəsində yarandığını bilirlər. Bu bilikləri yada saldıqdan sonra slayd və tablolar təqdim olunur. Tədqiqat sualı müəyyənləşdirilir.

"Beyin həmləsi" üsulundan istifadə edərək aşağıdakı tədqiqat sualını verirəm: Tənəffüs dayanarsa, canlıların həyatında nə baş verər?

Qrup işindən istifadə edirəm. Qruplara tədqiqat sualına cavab verməyə kömək edəcək müxtəlif çalışmalar verirəm.

I qrup. Tənəffüs orqanlarının təkamülü.

II qrup. Tənəffüs hərəkətlərində qabırğa və diafraqmanın rolu.

III qrup. Ağ ciyərlərdə qaz mübadiləsi və qan dövranı arasında əlaqə.

IV qrup. Ağ ciyərlərin həyat tutumu.

Sonra qrup üzvlərindən biri təqdimat edir. Qruplar bir-birinin işi ilə tanış olur. Təqdimatdan alınan cavablara əsasən sinfə suallar verirəm:

Ağ ciyər parçasını suya atdıqda nə üçün batmır?

Nəfəsalma və nəfəsvermə aktının baş verməsi zamanı ağ ciyərdə və atmosfer havasında təzyiq necə dəyişir?

Sakit nəfəsalma və nəfəsvermə zamanı qazların miqdarının dəyişməsinə aid hesablama tipli testlər qruplara təqdim olunur. Cavablar hazır şablonlarla yoxlanılır, ümumi nəticə çıxarılır.

Konkret meyarlara əsasən qiymətləndirmə aparılır. Şagirdlər bu meyarlarla əvvəlcədən tanış olurlar.

Refleksiya mərhələsində isə şagirdlər:

1.Tənəffüs orqanlarının təkamülu haqqında nə öyrəndik?

2.Tənəffüs hərəkətləri olmazsa, nə baş verər?

3.Əlavə, ehtiyat, qalıq hava nədir və s. kimi sualları cavablandırırlar.

Şəxsiyyətyönümlü dərsdə ev tapşırıqlarına da xüsusi diqqət yetirirəm.  Elə edirəm ki, tapşırıq şagirdlərdə yüklənməyə səbəb olmasın. 

Mətanət ƏLİYEVA,
Bakıdakı 253 nömrəli tam orta məktəbin biologiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov