Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması

 

Məlumdur ki, qloballaşan dünyada daim güclənən rəqabət şəraitində ölkələrin davamlı inkişafının əsas mənbələrindən biri kimi insan kapitalı çıxış edir. Kadr potensialından effektiv istifadə dövlət və sahibkarlar  tərəfindən əmək resurslarının inkişaf etdirilməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsini tələb edir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə  təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına müvafiq olaraq ölkəmizdə  ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının  adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulub. Dövlət başçısının 24 oktyabr 2013-cü il tarixdə imzaladığı  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla ölkəmizin beynəlxalq rəqabət qabiliyyətini yüksəltməyə xidmət edir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf trendlərini  özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - "qara qızılı insan qızılına çevirək" fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan müəllimlərinin XIV qurultayında qeyd etdiyi kimi, "Bu bir reallıqdır ki, müasir dövrdə ölkələrin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə bilər. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına  çevrilməsi təmin edir".

Məhz bu reallığı nəzərə alan Birləşmiş Millətlər Təşkilatı  XXI əsri  "Təhsil əsri"  elan edib. Buna görə də bütün ölkələr qarşısında duran başlıca hədəf rəqabətqabiliyyətli təhsil sisteminin yaradılmasıdır. Fikrimizcə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bəhs olunan mühüm istiqamətlərdən olan təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan  yeni idarəetmə sisteminin formalaşdırılması bu ideyanın ölkəmizdə həyata keçirilməsi üçün münbit şərait yaradır.  Məhz  belə bir sistemin yaradılması qlobal dünyanın təhsil sahəsində çağırışlarına cavab verir. Məlumdur ki, təhsil ümumcəmiyyət işidir. Həm dövlət, həm də biznes qurumları, işəgötürənlər bu sahədə iştirak etməlidirlər. Əslində təhsil prosesinin nəticələrində maraqlı olan tərəf kimi onlar bu prosesdə daha yaxından təmsil olunmalıdırlar. Çünki məzunların bilik, bacarıq və vərdişləri əmək bazarının tələblərinə müvafiq olmalıdır. Bu da işəgötürənin təhsil prosesində birbaşa iştirakı ilə əlaqəlidir. Rəqabətqabiliyyətli kadr hazırlığı və bu sahədə qlobal hədəflərə çatmaq üçün isə dövlət-biznes tərəfdaşlığına əsaslanan idarəetmə sisteminin yaradılması və bu  prosesin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması vacibdir.

Qeyd edək ki, müasir dünyamızda bir sıra ölkələrdə dövlət-biznes tərəfdaşlığı milli təhsil sistemlərinin innovativ inkişafının vacib  istiqaməti kimi çıxış edir. Təhsil sahəsində bu cür tərəfdaşlıq hər iki tərəfin səylərini  gücləndirməyə və əldə olan resurslardan daha rasional istifadə etməklə  təhsilin keyfiyyətini yüksəltməyə imkan verir, kadr hazırlığını ən yüksək səviyyədə təmin etməyə şərait yaradır. Digər mühüm məqam bu cür tərəfdaşlığın  təhsili idarəetmənin effektivliyinin yaxşılaşması ilə bağlıdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan bəzi  ölkələrdə dövlət-biznes tərəfdaşlığı dövlət və biznes arasında daha geniş, konstruktiv qarşılıqlı səyləri nəzərdə tutur. Tərəfdaşlar konkret sahəyə dair  bir sıra normativ-hüquqi aktların hazırlanmasında birlikdə iştirak edirlər. Fikrimizcə, tərəfdaşlığın bu istiqaməti  təhsil sahəsində  gələcəkdə birgə layihələrin hazırlanması və həyata keçirilməsinə imkan yarada bilər.   Tərəfdaşlıq sisteminin yaradılmasını şərtləndirən faktorlar kimi  aşağıdakıları  göstərmək olar:

- ümumtəhsil xidmətləri bazarında rəqabətin güclənməsi,

- yüksəkixtisaslı müəllimlərin çatışmaması,

- təhsili idarəetmə orqanları əməkdaşlarının yenidən hazırlanması üzrə yüksək keyfiyyətli   proqramlara tələbat.

Təhsil sahəsində dövlət-biznes tərəfdaşlığı birbaşa cəmiyyətin hər bir təbəqəsinin mənafeyinə və son nəticədə əmək bazarının peşəkar kadrlarla təmin olunmasına xidmət etdiyindən, fikrimizcə, bu sistemin təkmilləşdirilməsi də zəruri əhəmiyyət daşıyır. Hesab edirik ki,  təhsil sisteminin bütün sahələrini əhatə edə biləcək dövlət-biznes tərəfdaşlığının inkişaf  konsepsiyası hazırlanmalı və bu zaman dünyanın qabaqcıl təhsil sistemlərinin təcrübəsi nəzərə alınmalıdır. Bu konsepsiyanın əsas müddəaları aşağıdakılar ola bilər:

1. Dövlət-biznes tərəfdaşlığı sistemində iştirak edən tərəflərin qarşılıqlı münasibətləri rəsmi sənədlərdə təsbit olunmalıdır.   

2. Dövlət-biznes tərəfdaşlığı resursların qarşılıqlı mübadiləsi  və məsuliyyətin bölüşdürülməsini nəzərdə tutur. Resurslar dedikdə isə təkcə maddi və ya pul vəsaitləri başa düşülmür, buraya həm də biliklər, vərdişlər, etimad və s. daxildir. Təhsil sahəsində əməkdaşlıq edən  tərəflər öz aralarında bütün riskləri və xərcləri bölüşməli, eləcə də əldə olunmuş nəticələrin tətbiqində iştirak etməlidirlər. 

3. Tərəflər arasında onların birlikdə çalışmaları, eləcə də ümumi məqsədləri həyata keçirmələri üçün kifayət  dərəcədə qarşılıqlı etimad və hörmət  olmalıdır. Tərəflər arasında qarşılıqlı münasibət tərəfdaşlıq, lakin bərabərhüquqlu xarakter daşımalıdır.

Qloballaşan dünyada iri şirkətlər, biznes dairələri təhsil müəssisələri, xüsusən də universitetlərə ciddi maraq göstərirlər. Ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması üçün daha səriştəli, innovativ təfəkkürlü işçilərə tələbatın artması nəticəsində biznes dairələri təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır. Bu faktora  çox ciddi əhəmiyyətin verildiyi ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, Cənubi Koreya) biznes qurumları universitetlərdə tədris prosesinə fəal müdaxilə edirlər. Onlar tələbələr qarşısında konkret layihələrlə çıxış edir, hər bir  tələbənin imkan və bacarıqlarını üz çıxara biləcək tədqiqat layihələrinin hazırlanmasını onların öz ixtiyarına buraxırlar. Çox zaman tədqiqatlarda uğurlu nəticə əldə etmiş tələbə şirkət tərəfindən işlə təmin olunur. Dünya təcrübəsi sübut edir ki,  son vaxtlar təhsil sahəsində dövlət-biznes tərəfdaşlığı aktiv surətdə genişlənməkdədir. Bu onun göstəricisidir ki, dövlət və biznes bu gün təhsil sistemi qarşısında duran irimiqyaslı hədəflərə çatmaq üçün qarşılıqlı surətdə fəal əməkdaşlıqda maraqlıdır.  Dövlət və biznes arasında tərəfdaşlıq münasibətlərinin səmərəli inkişafı hər iki tərəfin maraqlarının razılaşdırılması prinsipinə əsaslanır. Lakin hər iki tərəfi birləşdirən ümumi vəzifə  rəqabətqabiliyyətli, yüksək peşəkarlığa  malik mütəxəssislərin yetişdirilməsi və təhsili idarəetmə kadrlarının effektiv hazırlığını təmin etməkdir. Dövlət-biznes tərəfdaşlığına əsaslanan layihələr bu gün  təhsil, tədqiqat institutları, digər müəssisə və təşkilatları özündə birləşdirən universitet komplekslərinin yaradılmasında və inkişaf etdirilməsində mühüm rol  oynaya bilər. Bu cür innovativ struktur ali məktəbə təhsil prosesinin keyfiyyətini və səmərəliliyini artırmağa, onun tətbiqi yönümünü inkişaf etdirməyə, mütəxəssis hazırlığında intellektual, maddi, informasiya və insan resurslarından maksimum dərəcədə yararlanmağa, tədqiqatlar aparmağa, innovativ layihələr hazırlamağa imkan  verə bilər. Təhsil sahəsində dövlət-biznes tərəfdaşlığının mühüm fəaliyyət istiqamətlərindən təhsil proqramları, standartlarının məzmununun təkmilləşdirilməsi, ali məktəbin  professor-müəllim heyəti və şirkət nümayəndələri üçün ixtisasartırma proqramlarının reallaşdırılmasını göstərmək olar. Dövlət-biznes tərəfdaşlığının mühüm mexanizmlərindən biri kimi bir sıra ölkələrdə geniş tətbiq olunan Məzunlar Assosiasiyasının yaradılmasını qeyd etmək olar.  Könüllü ictimai təşkilat kimi çıxış edən bu assosiasiya dövlət,  təhsil müəssisəsi, ictimai və özəl sektorun birgə səylərinin perspektiv istiqamətlərindən biridir. Assosiasiya üzvləri təhsil prosesinin məzmununun təkmilləşdirilməsində iştirak edirlər. Bu  quruma son vaxtlar tələbat daha çox artmaqdadır.

Amerika və bir sıra Qərb ölkələrində dövlət-biznes tərəfdaşlığının mühüm mexanizmlərindən biri kimi endaument (endowment - ianə, pay) institutunun fəaliyyəti  mühüm əhəmiyyət daşıyır. Söhbət ali məktəblərin nəzdində məqsədli kapital fondlarının yaradılmasından gedir.  Bu cür fondlar universitetlərin həyata keçirdiyi müxtəlif layihələrin maliyyələşdirilməsində çox vacib rol oynaya bilər.  Dünyanın ən nüfuzlu təhsil ocaqlarndan Harvard, Stenford, Oksford, Kembric, Münhen universitetləri bu sahədə böyük təcrübə qazanıblar.   Məqsədli kapital fondlarının vəsaitlərindən səmərəli istifadə olunması ali təhsil sistemimizin  modernləşməsinə, mütəxəssis hazırlığının keyfiyyətini artırmağa,  elmi tədqiqatların genişləndirilməsinə, təqaüdlər və qrantlar hesabına istedadlı tələbələr üçün stimul yaradılması və onların gələcəkdə uğurlu   karyera qurmalarına  töhfə verə bilər. Çox maraqlı fakt odur ki, bir sıra hallarda  universitet nəzdində yaradılan endaument fondlarının əməkdaşları əvvəllər bu təhsil ocağını bitirmiş məzunlardır. Məsələn, Yel Universitetinin endaument fondunun əməkdaşlarının 50 faizi bu ali məktəbin məzunlarıdır.  Milli universitetlərimiz nəzdində endaument fondlarının yaradılması və bu qurumlarda  artıq xarici ölkələrin universitetlərində təhsil almış gənclərimizin təmsil olunması çox sevindirici hal olardı.

Ümid edirik ki, ölkəmizdə dövlət-biznes  partnyorluğu sisteminin yaradılması gələcək inkişafın davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara, səriştəyə, innovativ ideyalara  sahib olan rəqabətqabiliyyətli insan resurslarının yetişdirilməsinə imkan verəcəkdir.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
 

Qeyd: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov