Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

 Bəhram Mehrəli oğlu Əsgərov

 

 Azərbaycanın elmi və pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Bəhram Mehrəli oğlu Əsgərov 2014-cü il martın 12-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Bəhram Əsgərov 1933-cü il oktyabr ayının 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almışdır. O, 1957-ci ildə fizika ixtisası üzrə aspiranturaya daxil olaraq, 1960-cı ildə SSRİ Elmlər Akademiyasının Leninqrad şəhərində yerləşən Yarımkeçiricilər İnstitutunun aspiranturasını bitirmişdir.

Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Bəhram Əsgərov 1966-cı ilədək həmin institutda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1966-cı ildən Azərbaycan Dövlət Universitetinin dosenti, 1972-ci ildən isə professoru idi. Bəhram Əsgərov 1971-ci ildə universitetdə qurduğu bərk cisimlər fizikası kafedrasına ömrünün sonunadək rəhbərlik etmiş, 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru və rektor əvəzi işləmişdir.

Bəhram Əsgərov 1962-ci ildə Leninqrad şəhərində namizədlik və 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Bəhram Əsgərov uzun illər ərzində zəngin elmi-pedaqoji fəaliyyəti ilə ölkəmizdə elmin və təhsilin inkişafına töhfələr vermişdir. Onun Azərbaycanda fizika sahəsində aparılan tədqiqatların əsas istiqamətlərinin müəyyənləşməsində mühüm xidmətləri vardır. Bərk cisimlər fizikasına dair kompleks araşdırmalarında tanınmış alim yarımkeçiricilərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsinin əsasını təşkil edən yeni metodlar təklif etmiş, kinetik effektlər nəzəriyyəsi ilə bağlı bir çox məsələlərin həlli üzərində ardıcıl çalışaraq onların geniş şərhini verməyə müvəffəq olmuşdur. Alimin gəldiyi qənaətlər həmişə aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə səciyyələnmişdir.

Bəhram Əsgərov elmi yaradıcılığını özünün səmərəli pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırırdı. O, Bakı Dövlət Universitetində qırx ildən artıq bir müddətdə yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi ilə 10-dan artıq fəlsəfə və elmlər doktoru yetişdirilmişdir. Alimin çoxillik zəhmətinin məhsulu olan silsilə araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda çap edilmiş 150-yə yaxın elmi əsərdə, 5 monoqrafiyada və bir sıra dərsliklərdə əksini tapmışdır. Mötəbər beynəlxalq forumlarda o, Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Bəhram Əsgərovun elmi və pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adını almış, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tanınmış alim, mahir pedaqoq və səmimi insan Bəhram Mehrəli oğlu Əsgərovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət etsin! 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Akif Əlizadə, Fatma Abdullazadə,
Mikayıl Cabbarov, Arif Mehdiyev, Akif Hacıyev, Arif Paşayev, Abel Məhərrəmov

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov