Məktəb və İstedad
Müsahibimiz
Azərbaycanın xalq artisti Rasim Balayevdir
Rasim Balayev 1948-ci ildə Ağsu şəhərində anadan olub.
Azərbaycan Teatr İnstitutunun (indiki Ə.Hüseynzadə adına
Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq
fakültəsini bitirib. Müxtəlif səpgidə çəkilmiş filmlərdə
bir sıra yaddaqalan obrazlar yaratmışdır.
Hal-hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının I
katibidir, respublikanın xalq artistidir. Ailəlidir, iki
oğul atasıdır.
- Rasim müəllim, görkəmli şəxsiyyətlər dəfələrlə qeyd
ediblər ki, istedadın bünövrəsi uşaqlıq və yeniyetməlik
illərindən qoyulur. Əlbəttə, bu bünövrənin möhkəmliyi
tərbiyəçilərdən asılıdır. Bu fikrə sizin münasibətinizi
bilmək istərdik.
- Təbii ki, müəllimin rolu şəxsiyyətin formalaşmasında
mühüm əhəmiyyət kəsb edir. Belə ki, uşaq ən azı ömrünün
10 ilini məktəbə həsr edir. Bu müddət ərzində o,
valideynlərindən çox müəllimlərlə təmasda olur. Söhbət
istedadlı uşaqdan gedirsə, mən deyərdim ki, onun
qabiliyyətinin, bacarığının inkişafı daha çox şəraitdən
asılıdır. Münbit şərait olmasa, ən nadir istedad talanıb
məhv ola bilər. Məhz belə şəraitin yaradılmasında məktəb
mühüm rol oynayır. Hər bir gəncin həyat yolunu
müəyyənləşdirməkdə, gələcəyinin düzgün
istiqamətləndirilməsində müəllimin rolu əvəzsizdir.
- Siz dediklərinizin oxuduğunuz məktəbdə tətbiqini necə
qiymətləndirərdiniz?
- Mən təhsilimi Ağsu şəhərindəki 1 nömrəli məktəbdə başa
vurmuşam. Oxuduğum illər ərzində demək olar ki, savadlı
müəllimlərin əhatəsində olmuşam. Dərin elmi biliyə,
şəxsi savada malik şəxslər mənə dərs demişdir.
Bilirsiniz, şagirdlər sevmədikləri müəllimlərlə rəsmi
münasibətdə olur, ürəklərini onlara açmır, dərslərini
oxumurlar. Lakin bizim müəllimlərimiz qəlblərimizə nüfuz
etməyi bacarır, hər birimizin sevincinə, kədərinə şərik
olurdular. Dərslərimizin maraqlı, canlı qurulmasına
çalışırdılar.
- Müəllimləriniz hansı xarakterləri və qabiliyyətləri
ilə yaddaşınızda qalıb?
- İlk dəfə əlimə qələm alıb mənə yazmağı öyrədən ibtidai
sinif müəlliməm Tubu yaddaşımda həmişəlik iz
buraxmışdır. Onda analıq hissiyatı o qədər güclü idi ki,
bizi öz övladları qədər sevərdi. Başqa müəllimlərdən
Əlisimranın, Təhməzin və Kamalın adını çəkmək istəyirəm.
Onlar dərsi elə keçirdilər ki, 45 dəqiqənin necə
ötməsindən xəbərimiz olmazdı. Tənəffüs zamanı da çox
vaxt sinifdən çıxmırdıq. Dediyim sözlər qəribə səslənsə
də, bu həqiqətən belə idi. Müəllimlər ayrı-ayrılıqda öz
fənnini sevdirməyə çalışırdılar. Bizimlə söhbət zamanı
heç bir artıq hərəkətə yol vermirdilər.
Müəllim-şagird münasibəti ən incə, zərif, kövrək
münasibətdir. Çalışmaq lazımdır ki, bu münsibətlər
pozulmasın.
- Sizin istedadlı şəxs kimi formalaşmağınızda
müəllimlərinizdən kimlər xüsusi rol oynamışdır? Bunu
necə izah edərdiniz?
- 6-7-ci sinifdə oxuyanda bizə ədəbiyyat fənnini Nabat
müəllimə deyərdi. Keçdiyimiz hər hansı yazıçının
həyatını öyrənər, yaradıcılığına gəldikdə isə əsərləri
oxuyub, rolları öz aramızda bölərdik. Hər bir şagirdə
müxtəlif surətlər tapşırılardı. Ədəbiyyata vurğunluğum,
səlis şeir deməyimlə mən o biri uşaqlardan fərqlənməyə
başlamışdım. Ədəbiyyat müəlliməm daha sonralar mənə
"Almas", "Vaqif" dramlarından parçalar əzbərləməyi
məsləhət gördü. Getdikcə hiss edirdim ki, məni qəribə,
sehirli bir aləm özünə tərəf çəkir. Amma bu aləmin nə
olduğunu hələ anlamırdım. Və ağlıma belə gətirməzdim ki,
nə vaxtsa aktyor ola bilərəm. İlk dəfə mənə bu sehrli
aləmin nə demək olduğunu anladan, yol göstərən məhz
ədəbiyyat müəlliməm oldu.
Arzum aktyor olmaq, özü də sevib-seçilən aktyor olmaq
idi. Dərk edirdim ki, arzu, həvəs hələ hər şey demək
deyildir, gərək insanın özündə bacarıq və qabiliyyət
olsun. Bu xüsusiyyətlərə malik olmağımı isə birinci dəfə
müəllimlərimdən eşitdim.
- Məktəbdə keçirilən hansı tədbirlər sizin taleyinizdə,
əlbəttə ki, istedadınızın üzə çıxarılmasında və
inkişafında mühüm əhəmiyyət kəsb etmişdir?
-Tez-tez məktəbimizin radio qovşağında səhnəciklərlə
çıxış edirdim. Bayram günlərinin birində
müəllimlərimizin köməyi ilə M.İbrahimovun "Kəndçi qızı"
əsərini tamaşaya hazırlamışdıq. Alışanov surəti mənə
tapşırılmışdı. Komik bir obraz idi. Yaxşı yadımdadır,
evdən ata-anamın köhnə pal-paltarından seçib səhnəyə
uyğununu tapıb geyinmişdim. İlk dəfə səhnəyə çıxırdım.
Həyəcandan dizlərim əsirdi. Tamaşa qurtaranda alqış
sədaları zalı bürüdü. Hiss elədim ki, rolumun öhdəsindən
gəlmişəm. Sonralar bir sıra tamaşalarda özümü sınadım.
Deyilənə görə, pis oynamırdım. Artıq 8-ci sinifdə
oxuyurdum. Qərara aldım ki, gələcəkdə aktyor olum.
Evdəkilərə arzumu bildirəndə onlar bu hissin keçəri
olacağını zənn etdilər. Məktəbdə isə əksinə idi, hamı
mənim aktyor olacağıma inanırdı və arzumu çox ciddi
qəbul edirdi.
- Məlumdur ki, hər bir istedadlı şəxsin özünəməxsus
xarakteri olur. Sizcə, onlar bu xarakterləri ilə şagird
yoldaşlarından nə ilə fərqlənirlər və bu fərq şagird
kollektivində hansı ziddiyyətləri və ya keyfiyyət
dəyişikliklərini yaradır?
- Bilirsiniz, məktəbdə oxuyarkən özümün nə dərəcədə
istedadlı olmağım haqqında siz deyən məlumatım yox idi.
Xarakterimə gəldikdə isə təvazökarlıqdan uzaq da olsa,
deməliyəm ki, hələ uşaqlıqdan həmyaşıdlarımla ünsiyyətdə
olmağa, bütün ictimai işlərdə iştirak etməyə çalışırdım.
Çoxlu dostlarım var idi və onlarla müxtəlif mövzularda
söhbət etməyi xoşlayırdım. Heç vaxt özümə qapanan adam
olmamışam.
- Siz məktəbdə nələri qazanmısınız və nələri
itirmisiniz, bunlarda müəllimlərinizin rolu?
- Mənə elə gəlir ki, qazandığım itirdiyimdən çox olub.
Bir vaxtlar arzuladığım kimi taleyimin bu cür uğurlu
olmasında, xalqımız tərəfindən az-çox tanınmağımda mənə
dayaq olmuş, düzgün istiqamətləndirmiş məktəb
müəllimlərimə minnətdaram.
- Təbiidir ki, uşaqlıq və yeniyetməlik illərində
qazanılanlar ali məktəb illərində bir az da artırılır və
yaxud əksinə olur. Bunu öz üzərinizdə hiss etmisinizmi?
Ali məktəb müəllimləriniz sizə qəlbən nə dərəcədə yaxın
olublar?
-Teatr İnstitutunda (indiki Ə.Hüseynzadə adına
Mədəniyyət və İncəsənət Universiteti) təhsil aldığım
zaman biz tələbələri duyan, xeyirxah, sənətini sevən
müəllimlərlə təmasda olmuşam. Məktəbdən fərqli olaraq,
burada sırf aktyorluq sənətini öyrənirdim. Bir vaxtlar
mənə əlçatmaz görünən arzuma, istəyimə çatmışdım. Artıq
sinif otaqlarını auditoriyalar əvəz edirdi. Həmişə
tamaşalarına həvəslə baxdığım teatr fədailəri, görkəmli
artistlər mənim müəllimlərim idi. Müəllimlərdən mərhum
professor Mehdi Məmmədovun, Müxlis Cənizadənin adlarını
xüsusilə qeyd etmək istəyirəm. Onlar tələbələrə qayğı
ilə yanaşırdılar. İnstitutun o vaxtkı rektoru Rahib
Hüseynovun da köməyi tələbələrdən əskik olmamışdır.
Yataqxanada qalırdım. Təzə istifadəyə verilməsinə
baxmayaraq, yataqxananın heç bir kommunal şəraiti yox
idi, otaqlarda adicə işıq belə yanmırdı. Dərs
kitablarını tapmaq müşkül işə çevrilmişdi. Şam işığında
oturub dərsimizə hazırlaşırdıq. Çox məhrumiyyətlər,
əziyyətlər çəksək də dözürdük, çünki elmə, sənətə
ürəkdən bağlanmışdıq. Bilirdik ki, hansı yükün altına
girmişik, çiynimizi hansı ağırlığın altına vermişik.
- Yenidən şagird və ya tələbə olsaydınız, nəyə nail
olmaq istərdiniz və müəllimlərinizdən nələri tələb
edərdiniz?
- Seçdiyim sənəti lap uşaqlıqdan dəqiqləşdirərdim.
Müəllimlərimdən isə əvvəlki səmimiyyətlərini,
alicənablıqlarını qoruyub saxlamağı tələb yox, xahiş
edərdim. Çünki həyatda elə müəllimlərim olub ki,
onlardan nəsə tələb etməyə mənim mənəvi hüququm çatmır.
Müsahibəni apardı:
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi",
10 avqust 1993-cü il,
№21 |