Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Beynəlxalq təhsil xəbərləri

 

Kanadada əcnəbi tələbələr üçün yeni qaydalar tətbiq edilir 

Kanadanın Vətəndaşlıq və İmmiqrasiya Nazirliyi (Citizenship and Immigration Canada, CIC)  bu ölkəyə gələn xarici tələbələr üçün yeni qaydalar tətbiq edir. Yeni qaydalara görə, xarici tələbələri yalnız xüsusi akkreditasiyası olan ali məktəblər qəbul edə bilər.  Təhsil üçün icazəsi (Study Permit) olan tələbələr avtomatik olaraq bu ölkədə  işləmək üçün icazə (Work Permit) alırlar. Bundan sonra onlara işləmək icazəsi almaq üçün əlavə ərizə verməyə və cavab gözləməyə ehtiyac qalmayacaq. 

Tələbələr təhsil dövründə 20 saat və tətil zamanı  tam iş günü işləyə biləcəklər. Kanadaya turist vizası (əsas olduğu təqdirdə) ilə gələn xarici tələbələr ölkə daxilində tələbə vizası (Study Permit)  almaq üçün ərizə verə və ölkəni tərk etmədən  kollec və ya universitetlərdə təhsil ala bilərlər. Lakin ali məktəbi bitirməyə 90 gün qalmış onlar ölkə ərazisində leqal qalmalarını əsaslandıran sənəd təqdim etməlidirlər. Qeyd olunur ki, iyunun 1-dən qüvvəyə minəcək yeniliklər Kanadaya gələn xarici tələbələrin sayını artırmağa və onlara  ölkə ərazisində daha komfort şərait yaratmağa xidmət edir.


Gürcüstanda beynəlxalq təhsil mərkəzi yaradılacaq 

Gürcüstanda yaxın vaxtlarda tələbələrin xarici ölkələrdə təhsil almağa göndərilməsi ilə məşğul olacaq beynəlxalq təhsil mərkəzinin yaradılması nəzərdə tutulub.

Bu  barədə  Tbilisi  Dövlət  Universitetində tələbələrlə  görüşdə  ölkənin  baş  naziri  İrakli Qaribaşvili  məlumat  verib.  Tələbələrin  xaricdə  təhsili  ilə  bağlı  bütün  maliyyə  resursları  bu  mərkəzdə  cəmlənəcək.   Təhsil   sahəsində   həyata  keçiriləcək  layihələrin  reallaşdırılması  üçün  xarici  donor  və  beynəlxalq  təşkilatlardan daxil  olan  maliyyə  vəsaitləri   də  bu   mərkəzdə  toplanacaq.  Dövlət   mərkəz   vasitəsi   ilə   öz  peşəkar   səviyyəsini   artırmaq   arzusunda  olan vətəndaşların  magistr  və  doktorantura   proqramlarını  maliyyələşdirəcək.

Hökumət başçısı qeyd edib ki, ilk növbədə, ölkənin rəqabətqabiliyyətli peşəkar kadrlara ehtiyacının kəskin olduğu istiqamətlər maliyyələşdiriləcək. Bu məqsədlə artıq tədqiqatlara başlanılıb.   Bilavasitə baş nazirin nəzarəti altında olacaq mərkəzin xidmətindən istifadə edən ölkə vətəndaşları xarici ölkədə təhsillərini başa vurduqdan sonra vətənə dönməli və dövlət fəaliyyətində iştirak etməlidirlər. 

Baş nazir qeyd edib ki, beləliklə də gürcü tələbələri dünya standartları səviyyəsində təhsil alacaq, bu isə ölkənin intellekt resurslarının rəqabət qabiliyyətinin  güclənməsinə xidmət edəcək.


Almaniyada əcnəbi tələbələrin sayı artıb

Ölkənin Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyanın ali təhsil müəssisələrinin birinci kurs tələbələrinin 1\5-i əcnəbidir. Bu isə bütün birinci kurs tələbələrinin 19,9 faizini təşkil edir.   Birinci kursa qəbul olunan xarici tələbələrin ümumi  sayı 507 minə çatıb ki, bu da ötən ilki qəbuldan 2,4 faiz artıqdır. Xarici tələbələr əsasən iqtisadiyyat, hüquq və mühəndislik, eləcə də linqvistika və kulturologiyaya üstünlük verirlər.  

Federal statistika idarəsi tələbələrin hansı ölkədən gəlməsi barədə məlumat vermir. Lakin bu cür tendensiyanın alman iqtisadiyyatının tələblərinə tam cavab verdiyi qeyd olunur. Belə ki xarici tələbələrin əksəriyyəti Almaniyada keyfiyyətli təhsil alaraq bu ölkədə  qalır.

Almaniya hökuməti bununla da peşəkar işçi kadrlar sahəsində mövcud ciddi kəsirləri aradan qaldırmağa ümid edir. 


Fransa Avropanın ən az təhsilli ölkəsidir 

Yeni araşdırmalara görə, Fransa Avropanın ən az təhsilli ölkəsidir. Jurnalistlər arasında aparılmış rəy sorğusuna görə,  fransızların yalnız 72,5 faizi ali təhsilə malikdir.

Orta Avropa statistik rəqəm isə 74,2 faizdir. Yaşı 65-dən çox olan əhalinin 56 faizi ali məktəblərdə təhsillərini başa vura bilməyib. 18-24 yaşlı əhali arasında kişilərin 13,4, qadınların isə 9,8 faizinin orta təhsil haqqında  sənədi yoxdur. Son illərin statistik məlumatları ekspertlərdə belə bir qənaət yaradıb ki, hökumət ölkənin təhsil sistemində ciddi yenidənqurma aparacaq.


Dünyanın ən çox kitab oxunan ölkələri 

Dünyanın ən çox kitab oxuyan ölkələrinin siyahısı açıqlanıb. "World Culture Score Index" dərgisinin məlumatına əsasən, bu gün dünyanın ən çox kitab oxuyan ölkəsi Hindistandır. "Uçitelskaya qazeta"nın məlumatına görə, Rusiya bu siyahıda 7-cidir.

Siyahıda 30 ən çox kitab oxuyan ölkənin adı əksini tapıb: Hindistan, Tailand, Çin, Filippin, Misir, Çexiya, Rusiya, İsveç, Fransa, Macarıstan, Səudiyyə Ərəbistanı, Honkonq, Polşa, Venesuela, Cənubi Afrika, Avstraliya, İndoneziya, Argentina, Türkiyə, İspaniya,  Kanada, Almaniya, ABŞ, İtaliya, Meksika, Böyük Britaniya, Braziliya, Tayvan, Yaponiya, Cənubi Koreya.


Şagirdlər və valideynlər üçün təhlükəsiz İnternet dərsləri 

Rusiyanın Təhsil və Elm Nazirliyi  məktəblərdə şagirdlər və onların valideynləri üçün təhlükəsiz İnternet dərslərini tədris etmək niyyətindədir. Bu barədə nazir Dmitri Livanov  Federasiya Şurasında informasiya təhlükəsizliyinə həsr olunmuş parlament dinləmələrində açıqlama verib. "Biz il ərzində orta məktəblərdə təhlükəsiz İnternet dərsləri tədris edəcək, təkcə təhsilalanları deyil, həm də valideynləri bu işə cəlb edəcəyik", - deyə D.Livanov bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum 2006-cı ildən başlayaraq məktəblərdə İnternet təhlükəsizliyinin təmin olunması  ilə fəal məşğul olur. 

Bu müddət ərzində çox vacib sənədlər, metodiki tövsiyələr və İnternet resurslardan daha səmərəli istifadə üçün müəllimlərə kömək edəcək və uşaqları qlobal şəbəkənin zərərli təsirlərindən qoruya biləcək proqramlar hazırlanıb. Bununla belə, nazir etiraf edib ki, hələ də ölkənin bütün müəssisələrinə keyfiyyətli filtrasiya vasitəsi  kimi  təklif oluna biləcək  əsl  effektiv məhsul hazırlamaq mümkün olmayıb.


"Microsoft" "Windows XP"nin dəstəklənməsini dayandırır

2014-cü il aprelin 8-dən etibarən "Microsoft" korporasiyası "Windows XP" əməliyyat sisteminə və "Office 2003" proqramlar paketinə göstərdiyi texniki dəstəyi rəsmən dayandıracaq.

"Microsoft" 12 il ərzində "Windows XP"yə texniki dəstək göstərib. Sözügedən əməliyyat sisteminin dəstəklənməsi və avtomatik yenilənmələrin buraxılışı  dayandırılacaq. Bu gün bir çox istehsalçılar öz avadanlıqlarını və proqramlarını "Windows"un sonuncu versiyası üçün optimallaşdırır və ehtimal olunur ki, "Windows XP" istifadəçilərini bir sıra əlavəsi və cihazları sözügedən əməliyyat sistemi ilə işləməyəcək. Lakin "Microsoft" korporasiyasından bildiriblər ki, "Windows XP" üzərində işləyən kompüterlərin antivirusunu təmin edən məhsullar üçün yeniliklər və siqnaturanın buraxılışı  gələn il  iyulun 14-dək davam edəcək.

Hazırda "Windows XP" və "Office 2003"lə işləyən şirkətlər təhlükəsizliyin səviyyəsini artırmaq üçün  bu məhsulların yenilənmiş versiyalarından istifadə etməlidir. İstifadəçilər mövcud olan kompüter avadanlığında əməliyyat sistemini yeniləməlidirlər. Kompüterlə əməliyyat sisteminin uyğunluğunu istehsalçının rəsmi İnternet səhifəsində yoxlamaq mümkündür.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov