Aprelin
4-də Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə
Şurasının (DQŞ) yeni seçilmiş üzvləri ilə görüş
keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24
oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda ümumi təhsilin məzmununun
qabaqcıl beynəlxalq təcrübəyə və ölkənin inkişaf
konsepsiyasına uyğun yenidən qurulması, səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması
nəzərdə tutulur. Bu işin tərkib hissəsi kimi ümumtəhsil
məktəbləri üçün kurikulum əsasında yaradılan yeni
dərsliklərin qiymətləndirilməsi prosesinin daha səmərəli
təşkilinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin
27 fevral 2014-cü il tarixli, 252 nömrəli əmri ilə
"Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə"
təsdiq olunub. Əsasnaməyə uyğun olaraq, DQŞ-nin
tərkibinin seçilməsi ilə bağlı elan edilmiş müsabiqə
martın 18-də başa çatıb. DQŞ üzvlərinin seçilməsi
məqsədilə təhsil nazirinin müavini Ceyhun Bayramovun
sədrliyi ilə yaradılmış işçi qrup tərəfindən müsabiqədə
iştirak üçün müraciət etmiş iddiaçıların sənədləri
araşdırılıb, yeni tərkib müəyyənləşdirilib və təhsil
nazirinin 3 mart 2014-cü il tarixli, 385 nömrəli əmri
ilə təsdiq edilib.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl
Cabbarov əsas diqqəti təhsil strategiyasında təhsilin
məzmunu sahəsində aparılacaq islahatlara yönəldərək bu
istiqamətdə hazırlanan yeni ümumtəhsil məktəb
dərsliklərinin ekspertizası və qiymətləndirilməsi
prosesində şəffaflığın və obyektivliyin təmin
edilməsinin təhsil sistemi üçün həyati əhəmiyyət
daşıdığını söyləyib. Nazir bu işdə DQŞ-nin üzərinə daha
böyük məsuliyyət düşdüyünü, yeni tərkibdə təmsil olunan
tanınmış mütəxəssislərin bu taleyüklü məsələnin
öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib.
Sonra təhsil naziri dərslik islahatı sahəsində son
vaxtlar atılan və gələcəkdə atılacaq addımlar barədə
görüş iştirakçılarını məlumatlandırıb, tövsiyələrini
nəzərə çatdırıb, bu məsul işdə DQŞ üzvlərinə uğurlar
arzulayıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxışında
DQŞ-nin qarşısında duran vəzifələrə diqqət çəkərək,
dərslik yaradıcılığının son dərəcə ciddi bir iş olduğunu
söyləyib. Bu istiqamətdə gələcəkdə gerçəkləşdirilməsi
nəzərdə tutulan layihələrdən danışan nazir müavini DQŞ
üzvləri üçün səmərəli fəaliyyət şəraitinin
yaradılacağını, onların əməyinin stimullaşdırılacağını,
bütün bunların sayəsində dərsliklərin keyfiyyətinin
yüksələcəyinə əmin olduğunu bildirib.
Görüşdə DQŞ üzvlərinin sualları cavablandırılıb və
müvafiq təklifləri dinlənilib. |