Aprelin 5-də İsmayıllı Rayon Təhsil Şöbəsində "Rayonun
orta məktəblərində hərbi-vətənpərvərlik tərbiyəsinin
güclənməsi və hərbi məktəblərə qəbulun təşviq edilməsi"
mövzusunda seminar keçirilib. İsmayıllı Rayon Təhsil
Şöbəsinin müdiri Rasim Orucov, Gənclər və İdman
İdarəsinin rəisi Taleh Salehov, Qarabağ Veteranları və
Əlilləri Cəmiyyətinin sədri Vidadi Zərbiyev, RTŞ-ın
metodisti İlham Vahabov, eləcə də rayonun orta
ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki
hazırlığı fənnini tədris edən müəllimlərin iştirak
etdiyi tədbirdə ilk öncə Azərbaycan Silahlı Qüvvələrinin
əsgəri, döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş
Akif Baxşıyevin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Seminarı giriş sözü ilə açan Rasim Orucov atəşkəs
rejiminin olmasına baxmayaraq müharibə şəraitində
yaşayan Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik
ruhunda formalaşmasının olduqca vacib amillərdən biri
olduğunu bildirib. Orta məktəblərin yuxarı sinif
şagirdlərinə hərbi-vətənpərvərlik ruhu aşılamaq, onlarda
hərbi məktəblərə maraq oyatmaq və gələcəkdə bir zabit
kimi yetişmələrinə köməklik göstərməyin zəruri olduğu
vurğulanıb.
Sonra çıxış üçün söz müəllimlərə verilib. Ehtiyatda olan
polkovnik-leytenant Eynulla Bağırov, rayondakı 6
nömrəli tam orta məktəbin hərbi rəhbəri, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi Əsgər Manafov, Cülyan kənd
tam orta məktəbinin hərbi rəhbəri Tahir Abdullayev və
başqaları çıxışlarında ərazilərimizin hələ ki düşmən
tapdağı altında olduğu bir vaxtda gənclərin hərbi sahəyə
marağının artırılmasının vacibliyindən bəhs ediblər.
Qeyd olunub ki, bu istiqamətdə müntəzəm olaraq təbliğat
xarakterli tədbirlər həyata keçirilir, hərbi məktəblərdə
təhsil almaq arzusunda olan gənclərlə maarifləndirici
söhbətlər aparılır və s.
Sonda İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim
Orucov tədbiri yekunlaşdıraraq müəllimlərə müəyyən
tapşırıqlar verib və onlara belə məsuliyyətli işdə
uğurlar arzulayıb.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |