Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Pedaqoji mətbuat tariximizdən

İlk pedaqoji jurnalımız 100 il əvvəl təhsilin hansı problemlərindən yazıb?

 

"Dəbistan" jurnalı öz səhifələrində valideynlərə nələri tövsiyə edib?

Böyütmək üçün şəkili seçinAzərbaycan maarifinin inkişafında mətbuatın rolunu qiymətləndirərkən pedaqoji qəzet və jurnalların əhəmiyyətini xüsusi nəzərə almaq vacibdir. Yeni üsul ilə təşkil olunmuş məktəblərin inkişafına XX əsrin əvvəllərindən nəşrə başlayan pedaqoji jurnallar ("Dəbistan", "Rəhbər", "Məktəb") böyük təkan verirdi. Bu jurnallar məktəbdarlığımızda olan ehtiyacları əks etdirərək maarif və mədəniyyət xadimlərini, ziyalıları düşündürməklə onların həlli yollarına zəmin yaradırdı. Bu istiqamətdə fəaliyyətə başlayan ilk milli pedaqoji mətbuat orqanı "Dəbistan" jurnalıdır. "Dəbistan" jurnalı 1906-cı il aprelin 16-da Bakıda Əli İskəndər Cəfərzadə və Məhəmməd Həsən Əfəndizadənin naşirliyi ilə nəşrə başlamışdır. Məcmuə 1908-ci il martın 1-nə kimi fəaliyyət göstərmişdir. Məcmuənin siması naşirlər tərəfindən belə müəyyənləşdirilirdi: "Mütəllimlərə (şagirdlərə) məxsus iki həftədə nəşr olunan və əbnayi-millətimizin tərəqqi və təkamülünə xidmət edən müssəvi (rəsimli) türk jurnalıdır".  "Dəbistan"da Əli İsgəndər Cəfərzadə, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Ə.Əfəndizadə, Fərəcullazadə və başqa qələm sahibləri iştirak edirdilər. Məcmuə maddi çətinlik səbəbindən bağlanmışdır. "Dəbistan"ın 10 mart 1908-ci il tarixində  doqquzuncu nömrəsi  son nömrə olaraq Həsən bəy Zərdabinin dəfn mərasimi münasibəti ilə nəşr olunmuşdur. Nömrədə H.Zərdabinin şəkli, tərcümeyi-halı, fəaliyyəti, xidməti və dəfn mərasimi öz əksini tapmışdır. "Dəbistan" jurnalının bu nömrəsi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Elmira Qasımova tərəfindən transformasiya olunaraq 2012-ci ildə yenidən işıq üzü görmüşdür.

"Dəbistan" jurnalının ilk nömrəsindən etibarən əlavə olaraq "Valideynə məxsus vərəqə" də nəşr olunurdu. Əlavənin buraxılması valideynlərin uşaq təlim və tərbiyəsi istiqamətində maarifləndirilməsi, məktəblərin təşkilində yaxından iştiraka cəlb edilməsi məqsədini daşıyırdı.

Bu nömrəmizdən etibarən XX əsrin əvvəllərində nəşr olunmuş pedaqoji jurnalların fəaliyyətini işıqlandırmağı nəzərdə tuturuq. İlk olaraq "Dəbistan" jurnalının 16 aprel 1906-cı ildə nəşr olunmuş birinci nömrəsinin "Valideynə məxsus vərəqə" adlı əlavəsini oxuculara təqdim edirik. 

İfadei-Məram 

Cümləmizin məlumudur ki, elm, mərifətə və əxlaq-ətvara dair maddələri qiraət etməklə uşağın ruhun açıb, fikir və hissini oyadıb, qüvveyi-hafizələrin və qüvveyi-xəyyalların zəngin edib onları növbənöv ali qissələr və niyyətlər fikrinə salır.

Öz hallarına dair gülməli və ibrətamiz hekayələr və mənzumələr qiraəti ilə uşaqlarımız zəif və bivüsət əql və dərrakələrin gücləndirib gözəl hislər və təcrübələr əxz edərlər. Böylə bir mühüm və əhəmiyyətli mətləbə yetişməkdə ancaq məktəblərimizə ümidvar ola bilməriz. Çünki uşaqlarımızın məktəblərdə keçirdikləri üç və ya dörd saat vaxt yazıb-oxumaq və dərs kitablarında bulunan hekayələri öyrənməyə ancaq kifayət edər, pəs lazım gəlir ki, uşaqlarımız məktəblərdən azad olandan sonra asudə vaxtların şagirdlərə, uşaqlara məxsus jurnallarda, kitablarda ana dilində yazılmış ibrətamiz hekayələr və mənzumələr qiraətinə sərf edələr, ta ki elm və tərbiyəyə dair məktəblərdə öyrənməsi mümkün olmayan böylə jurnallar və kitablar vasitəsi ilə öyrənələr. Sair taifələrin mədəni və ziyalı əhli-qələmləri öz millətlərinin balalarına bu yolda böyük xidmətlər edib və bu vasitə ilə onları qabağa aparıblar. Amma biz müsəlman taifəsi isə qeyri taifələrdən bu yolda nəhayət geri qalmışıq: Hal-hazırda qeyri lisanlarda olan kitablara nisbətən öz ana dilimizdə ən əlzəm dərs kitabları və qiraət ediləcək kitablar tapmayırız. Bu səbəbə bizim xahişimiz budur ki, təb və nəşrinə başladığımız uşaqlara məxsus "Dəbistan" jurnalı vasitəsilə bu yolda qüvvə-acizanəmizdən gələn türk  milləti-nəcibəmizin balalarına xidmət göstərək və ümidimiz budur ki, millətimizin balalarının lap uşaqlıqdan əql, zehn, əxlaq-hüsnə və hissiyyatların oyandırıb günbəgün tərəqqi etmələrinə səbəb olaq və onlardan zəhmətkeş, xadimi-din və millətpərəst və vətənpərvər cavanlar yetirək.

Ümidvarıq ki, bu yolda əhli-qələm və təcrübə sahibləri olan himmətli müəllim və ya qeyri-müəllim qardaşlarımız bizim bu fikrimizə şərik olub əllərindən gələn köməkliyi müzayiqə etməzlər.

Bu uşaqlara məxsus jurnalımızda zeyldə yazılan pürvüqar əmmamızın, məramnaməmizin fəsillərinə müzayiq və məsləkimizə müvafiq məqalə və hekayələri təb və nəşr edəcəyiz.

1) Milli və əcnəbi dillərdən tərcümə olunmuş nağıl və hekayələr;

2) Milli və əcnəbi dillərdən tərcümə olunmuş hər növ əşar və mənzumə hekayələr;

3) Dini və tarixi məqalə və hekayələr;

4) Milli və əcnəbi şairin və şayandiqqət olan əşxasın tərcümeyi-hal və sirətləri;

5) Tarixi-təbiiyəyə dair məqalələr;

6) Coğrafiyaya, tərifi üluma və səyahətə dair məqalələr;

7) Əlahiddə şəkil versələr;

8) Əsr və güzəranımıza dair mətləblər;

9) Azərbaycan, fars və rus ədəbiyyatı;

10) Təlim və tərbiyəyə dair və uşaqlara məxsus ədəbiyyata nəzər etmək;

11) Lətifə, əyləncə, məşğuliyyət, tapmaca;

12) Hesablar, oyunlar və qeyri...

13) İdarəyə məktub;

14) Elan.

Bundan əlavə aylıq "Valideynə məxsus vərəqə"miz ata, analarımıza uşaqlarımızın ev və məktəb tərbiyəsi, təlimi üçün lazım olan əhəmiyyətli məsələləri həll edib bu yolda onlardan ötrü rəhbər və dəlil olasıdır. Ata, analarımızın əksəri uşaqlarının ev tərbiyəsinə dair mühüm məsələlərdən xəbərdar olmadıqları üçün bu yolda etdikləri səhvlər ilə öz balaları hüsni-əxlaq və tərbiyə sahibi olmaq əvəzində məzərr və əmali-şəniə sahibi olan üzvlər çıxarıb milləti və cəmaəti onlardan büruz edən xətalı bəlalara düçar və giriftar ediyorlar. Bu səbəbə lazım bildik ki, "Valideynə məxsus vərəqə"miz vasitəsi ilə ev və məktəb tərbiyələrinə dair ən əhəmiyyətli məlumatları vəqtbəvəqt təb və nəşr edib ata, analara dəxi bir xidmət acizanə göstərək.

"Dəbistan"  

Tərbiyeyi-Beytiyyə-Təsiri-Ailə 

İnsan üçün ən lazımlı və əvvəlimci məktəb tərbiyeyi-beytiyyə, yəni ev tərbiyəsidir. Çünki insan əxlaq və ətvarına dair pis və yainki yaxşı adət və sifətlərin cümləsini və təlim-tərbiyəsinin binasını əvvəlcə evdə, ev tərbiyəsindən əxz və kəsb ediyor. İnsan burada hərəkətinə və əxlaq-ətvarına dair kəsb etdiyi tərbiyə, qanun və qaydaların əksəri ona ömür yoldaşı olur. Pəs külfət, ailə insanın tərbiyəli və bitərbiyə olmasına səbəb olur. Bəlkə cəmaətin də tərbiyəli və təlimli olmasına səbəb ailədir. Çünki cəmaətin üzvləri nə dərəcədə təlimli və tərbiyəli olur isə, cəmaət də o dərəcədə təlimli və tərbiyəli ola biliyor. Bunları nəzərə alanda aşkar və məlum olur ki, insan üçün ən əlzəm və əvvəlimci məktəb ev tərbiyəsidir. Pəs böylə olan surətdə gərək artıqca diqqət edib, fikir verək ki, uşaqlarımızı bəsləyən şəxslər lazımınca təlimli və tərbiyəli olub bəslədikləri uşaqlar gələcəkdə cəmaətin layiqli və tərbiyəli üzvlərindən olsunlar. Uşaq ətrafında olan şəxslərə baxıb biixtiyar və şüursuz onlarda yaxşı ya bəd sifətləri götürür, necə ki ərəblər arasında məsəl məşhurdur: "Xurma ağacı yanındakı ağaclara baxıb meyvələnir". Böylə də uşaq ətrafında olan şəxslərə baxıb getdikcə özünü hər barədə onlara oxşatmağa çalışıyor. Uşağın əvvəlimci müəllimi onun ətrafındakılar və ələxüsus, ata və analarıdır. Millətimizin balaları təlim və tərbiyə hikmətlərindən müxbir ailə və külfət arasında pərvəriş tapdıqda şəkk-şübhəsiz gözəl sifətlər, əxlaq-hüsniyyə sahibləri olacaqlar, amma cahil və xudbin, təlimsiz və tərbiyəsiz şəxslərin əllərində və tərbiyəsi altında bədbəxt olub millət və cəmaət arasında məzərr üzvlərdən olacaqlar. Çünki uşağın tərbiyə və təlimini dəni və naəhl adama etibar etdikdə bir dəni və naəhl əvəzində iki dəni və naəhl əmələ gəlir. Necə ki Sədi əleyhirrəhmə buyurur:

Hər ke ba dunan neşinəd həmço dunan dun şəvəd,

Ba xirədməndan neşinəd əqle u əfzun şəvəd.

(Tərcüməsi: Hər kim ki alçaqlarla otursa, alçaqlar kimi alçalar,

Ağıllı adamlarla oturanın ağlı artar).

Şeyxin bu sözləri misdaqincə şəxslər ki, uşaqlarımız onlarda təlim və tərbiyə əxz edəcəklər - lazım və vacibdir ki, o şəxslər özləri hüsn-əxlaq və tərbiyə ilə mütəəssib olalar ki, uşaqlarımız onlara baxdıqca gözəl hərəkətlər və əməllər kəsb edib gələcəkdə qabil və tərbiyəli, dininə, millətinə və vətəninə mənfəət verən şəxslərdən olsunlar. Yəni dünyaya gəlmiş uşaq gözlərini açıb ətrafa baxdıqda cümlə gördüyü şeylərə, hərəkətlərə və feillərə təəccüb gözü ilə tamaşa etmək ilə kifayətlənir. Amma sonra getdikcə yavaş-yavaş gördüyü şeylərə, əməllərə artıcaq diqqət və fikir verib toplayıb dərk ediyor. İmdi tərbiyə və təlimli ailə arasında pərvəriş tapan uşaqlar gələcəkdə nə olduğları aşkardır.

Baxalım, uşaqlarımızın təlim və tərbiyəli olmasıyçün nə etmək lazımdır? Böylə suala cəvabən uşaqlarımızın tərbiyə-mükəmmələ sahibi olmaları qəsdində bulunduğumuzda lazım gəlir ki, onların qabağında gözəl nümunələr və nüsxələr qoymaq ki, uşaqlarımız onlara baxıb yaxşı tərbiyə və əxlaq-ətvara dair gözəl sifətlər kəsb edələr. Cümləmizə məlimdur ki, uşaq hamı vaxtını xah edəndə, xah gəzəndə, xah yatanda anası ilə bir yerdə keçirir: o tərbiyə, təliminin əksərini anasından kəsb ediyor. Ona görə uşağın ətrafında olan şəxslərin hamısından əvvəl anaların tərbiyəli olmaları lazımdır. Firəngistan padşahı Napoleon bir məşhur və elmli övrətdən sual etdi: Xəlayiqin gözəl tərbiyəli olması üçün nə sərəncam etmək gərəkdir? Övrət cavab verdi: "Elmli və tərbiyəli analar lazımdır. Gərək çalışıb səy edəsiniz ki, analar tərbiyəli olsunlar. Ta ki öz balalarına tərbiyə və təlim verməyə qadir olsunlar". Hükəmalar deyiblər: "Bir tərbiyə və təlimli ana yüz məktəb müəllimindən əfzəldir". Çünki uşaq hamı vaxt anasının yanında olduğu üçün biixtiyar özünü hər işdə və əməldə ona oxşadıyor. Uşaq nəsihət və quru sözlə tərbiyə olunmaz, çünki sözün təsiri əməlin təsiri kibi ola bilməz. Ona görə ki, uşağın gözünün qabağındakı pis və gözəl hərəkətlər və əməllər dərhal onun başında nəqş bağlayır, bina bərain uşağa çox nəsihət verməkdən isə onun ətrafında olan əşxaslarda vəqtbevəqt, anbaan şayan diqqət və təlim-tərbiyə hökmlərinə müvafiq olan gözəl hərəkət və əməllərin büruzə etməsi əfzəldir. Ana və atalarımızın feli əməllərinə müvafiq olmayan nəsihətlərdən onların balalarına zərərdən başqa heç bir şey hasil ola bilməz. Uşaq ata və anasının feil və əməlləri, verdiyi nəsihətlərin əksinə və ziddinə olduğunu dərhal anlıyor. Pis əməllərə mürtəkib olan ata və ananın düzlük və sadiqlik barəsində uşaqlarına verdikləri nəsihətdən nə mənfəət hasil olar ki, onlar özləri tamam vaxtların cürbəcür insaniyyətə layiq olmayan işlərdə və əməllərdə keçiriyorlar. Evdə uşaqları olan ata və anaların borcudur ki, hər qism biədəb və nalayiq hərəkət, danışıq və əməllərinə artıqca diqqət edib özlərin öylə pis hərəkətlərdən və əməllərdən saxlasınlar, bəlkə bəd hərəkət və əməllər ilə "cüzi şeydir və nəzərə gəlməyəndir" ad qoymasınlar.   Çünki uşaq böyüyündən sadir olan cüzi bir hərəkəti gözdən qoymayıb bəlkə dərhal onları toplayır, dərk edir və axırda böyük bir şey oluyor.

Məsələn, yağışın hər bir qətrəsi cüzi bir şey görünür isə də, lakin haman qətrələrdən böyük çaylar və ümmanlar əmələ gəlməsi şübhəsizdir.

Qətrə-qətrə ab barəd aqibət dərya şəvəd.

(Tərcüməsi: Qətrə-qətrə su yağır, axırda dəniz olur).

Bu surətdə ata və anaların nəzərində  cüzi görünən yaxşı və ya pis feil və əməllərindən mürur zaman ilə dəryalar əmələ gəlib uşağın tərbiyəli və bitərbiyə olmasına bais olur.

Təəssüf olunur ki, analarımız və atalarımız övladlarının yalnız cismani tərbiyələrinə dair, yəni yemək, içmək, gəzmək kibi şeylərin sərəncamlarında bulunduqları kibi, bəlkə ruhani tərbiyələrinin sərəncamında əsla bulunmuyorlar. Və halonki insandan, adəmiyyətdən murad ruhdur, candır. Candır insanı insaniyyət dərəcəsinə yetirən, ruh və əqldir bədənin padşahı və tacidarı, onun tərbiyə və təliminə artıq diqqət etmək lazımdır. Necə ki Şeyx Müsliəldin Sədi Şirazi əleyhirrəhmə "Bustan"ında buyurur:

Təni  adəmi şərifəst becani adəmiyyət,

Nə həmin lebase  rə`nast neşane adəmiyyət.

(Tərcüməsi: İnsanın bədəni insanlıq ruhuyla şərəflidir,

İnsanlıq nişanı o gözəl geyim deyildir).

Əlbəttə, bədəni də bilaşəkk və şübhə layiqincə bəsləməlidir ki, Şeyx aliləri həm buyurduğu adəmiyyət canı üçün layiqli bir qəfəs və məkan olsun. Adəmiyyət canı ol vəqt öz adına layiq ola biliyor ki, o lazımınca təlim, tərbiyə və elm nuru ilə işıqlanmış olmuş olar. Mədəniyyətli və tərbiyəli analar əllərində bəslənmiş uşaqların gələcəkdə millət xadimi və cəmaətə xeyir və mənfəət verən şəxs olmalarına əsla şəkk və şübhə etməməlidir.

Buna görə uşaqların tərbiyə və təlimini öhdələrinə götürən analar özləri gərək mədəniyyətli və tərbiyəli olub təlim və tərbiyəyə dair qanun və qaidələrdən müxbirə olsunlar vala

Xoftera xofte key konəd bidar?

(Tərcüməsi: Yatan yatanı necə oyadar?)

Ş.M.Ə...zadə  

Təqdim etdi
Könül NƏHMƏTOVA,
 "Azərbaycan müəllimi"
filologiya üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov