Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Bakı Slavyan Universitetinin səhnəsində "Arşın mal alan" rusiyalı tələbələrin ifasında

 

Novosibirsk Dövlət Teatr İnstitutunun (NDTİ)  əməkdaşları və tələbələrindən ibarət nümayəndə heyəti Bakı Slavyan Universitetinin qonağı olub. BSU-nun professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən görüşü açan rektor, professor Asif Hacıyev qonaqları universitetdə görməyinə çox şad olduğunu bildirib. Rusiyanın universitetləri ilə rəhbərlik etdiyi ali təhsil ocağı arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edən rektor BSU-da rus dilinin tədrisi və təbliğinə xüsusi önəm verildiyini vurğulayıb. Azərbaycan və Rusiya tələbələri arasında olan dostluq münasibətlərinin iki ölkənin elm, təhsil və mədəniyyət sahəsində  möhkəm əlaqələrin göstəricisi olduğunu bildirən professor A.Hacıyev görkəmli bəstəkarımız Ü.Hacıbəylinin "Arşın mal alan" əsərini səhnələşdirmiş quruluşçu-rejissor, NDTİ-nin aktyor sənəti və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevə və bu institutun tələbələrinə xalqımızın mədəniyyətinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

BSU-da olmağın onun üçün sevindirici hal olduğunu vurğulayan  "Rus-Azərbaycan Evi"nin sədri Mais Məmmədov bu ali təhsil ocağına ikinci dəfə qonaq gəldiyini bildirib. O, Rusiya-Azərbaycan arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrin təhsil sahəsində də özünü göstərdiyini vurğulayıb və bugünkü tədbirin gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

"Arşın mal alan" tamaşasını Azərbaycanın musiqi mədəniyyətinin incilərindən sayan qonaq bu əsəri nümayiş etdirməyin yalnız NDTİ ilə deyil, həmçinin  Novosibirskin bir sıra nüfuzlu ali məktəbləri ilə də geniş əməkdaşlıq əlaqələrinin yaradılmasında körpü rolunu oynayacağına əmin olduğunu bildirib.

BSU-nun akt zalında Novosibirsk Pedaqoji Kollecinin tələbəsi, "Rus-Azərbaycan Evi" Gənclər Bölməsinin üzvü Emil Malıgin Rəşid Behbudovun repertuarından "Yalqızam, yalqız" və Müslüm Maqomayevin repertuarından "Dəniz" mahnılarını ifa edib.  Novosibirsk  Dövlət Teatr İnstitutunun tələbələrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşası BSU-nun müəllim və tələbələri tərəfindən böyük maraqla qarşılanıb.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov