Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

ALPLogo-2014 proqramlaşdırma müsabiqəsi başa çatdı

 

Qısa arayış. ALPLogo Azərbaycan dilində yaradılmış ilk proqramlaşdırma mühitidir. Təxminən yarım əsrdir ki, bütün dünyada kiçikyaşlı məktəblilər proqramlaşdırmanı, əsasən, LOGO dili vasitəsilə öyrənirlər. Uşaqlar üçün LOGO proqramlaşdırma dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunun əməkdaşları Seymur Paypert və İdit Xarel tərəfindən yaradılmışdır. Bu dil vasitəsilə kiçikyaşlı məktəblilər proqramlaşdırma konsepsiyasının əsaslarını öyrənir, onlarda düşüncə və məsələ həlli vərdişləri inkişaf etdirilir. LOGO mühiti uşaq personajına çevrilmiş Bağanın hərəkətlərinin proqramlaşdırılmasına əsaslanır. Bağa hərəkət etdikcə iz qoyur və nəticədə rəngarəng təsvirlər alınır. Bu gün dünyanın əksər dillərinə tərcümə olunmuş LOGO-nun onlarla yeni versiyaları vardır.

LOGO proqramlaşdırma dilinin ALPLogo adlanan Azərbaycan versiyası 2012-ci ildə ümumtəhsil məktəbləri üçün informatika dərsliklərinin müəllifləri və proqramçı Cəmşid Naxçıvanskidən ibarət qrup tərəfindən "Bakı" nəşriyyatında işlənib hazırlanmış və artıq iki ildir ki, respublika məktəblərində böyük uğurla istifadə olunur. Proqram mühiti V və VI sinif informatika dərsliklərinə daxil edilmiş və respublika məktəblərinə pulsuz olaraq yayılması təmin olunmuşdur. ALPLogo-nun yuxarı siniflər üçün nəzərdə tutulmuş yeni versiyası daha geniş hesablama və qrafik imkanlara malikdir. Proqramın başlıca özəlliyi komandaların Azərbaycan, ingilis və rus dillərində yazıla bilməsindədir. Azərbaycan və rus bölmələrində dərs zamanı müəllimlərin hər hansı dildə yazılmış hazır kodlardan asanca istifadə etmələri üçün proqramda interfeys dilinin dəyişdirilməsi ilə yanaşı, kodun bir dildən başqa dilə avtomatik çevrilməsi imkanı da vardır.

Hər il informatika fənni üzrə dərslik müəlliflərinin rəhbərliyi ilə keçirilən çoxsaylı müsabiqələrə bu ildən etibarən daha biri - ALPLogo mühitində proqramlaşdırma müsabiqəsi də əlavə olundu.

Artıq iki ildir ki, respublikanın müxtəlif bölgələrində çalışan informatika müəllimləri şagirdlərin ALPLogo dilində proqramlaşdırmaya göstərdikləri böyük marağı nəzərə alaraq bu sahədə də   müsabiqələrə ehtiyac olduğunu bildirirdilər. Bu yaxınlarda uğurla keçirilmiş 2-ci SketchUp müsabiqəsindən sonra aprel ayında ALPLogo mühitində proqramlaşdırma üzrə də müsabiqənin keçirilməsi qərara alındı. Nəhayət, aprelin 20-də Bakının 264 nömrəli tam orta məktəbində "ALPLogo-2014 proqramlaşdırma müsabiqəsi" böyük uğurla keçirildi.

Böyütmək üçün şəkili seçinVI sinif şagirdlərini əhatə edən bu müsabiqənin münsiflər heyəti informatika dərsliklərinin müəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevadan, informatika müəllimi Mətanət Əhmədovadan, proqramçı Cəmşid Naxçıvanskidən və "Bakı" nəşriyyatının rəhbəri Zaur İsayevdən ibarət idi.

Müsabiqənin şərtləri əvvəlcədən informatik.az saytında və facebook şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda elan olunmuşdu. Məktəblərdə keçirilmiş birinci turun qalibləri respublika turunda iştirak etmək hüququ əldə etmişdilər. Final turunda şagirdlər ALPLogo proqramlaşdırma mühitində 2 saat ərzində 3 tapşırıq yerinə yetirməli idilər. Müsabiqənin ilk dəfə keçirildiyini nəzərə alaraq bir neçə həftə qabaqcadan şagirdlərin hazırlaşması məqsədi ilə oxşar məsələlər saytda və qrupun səhifələrində yerləşdirilmişdi. Proqramlaşdırma yarışında Bakı və Sumqayıt şəhərlərindən 25 şagird əyani olaraq iştirak edirdi. İsmayıllı, Bərdə, Şabran və Ordubad rayonlarının şagirdləri isə müsabiqəyə İnternet vasitəsilə onlayn qoşuldular. Şərtə uyğun olaraq regionlardan olan onlayn-iştirakçılar məsələləri müsabiqəyə start verilən vaxtdan 30 dəqiqə əvvəl, yəni səhər 9.30-da informatik.az saytından götürdülər. Əyani iştirakçılara isə tapşırıqlar çap olunmuş vərəqlərdə paylandı və proyektor vasitəsilə nümayiş etdirildi. Müsabiqənin vaxtı bitən kimi hər bir şagirdin işi münsiflər heyətinə təqdim edildi. Bölgələrdə olan iştirakçıların işləri isə nəzarətçilər tərəfindən dərhal İnternet vasitəsilə göndərildi.

İşləri yoxlayan zaman şagirdlərin proqramlaşdırma bacarıqlarını belə yüksək səviyyədə nümayiş etdirməsi münsiflər heyətini çox sevindirdi. Proqramlaşdırma sənətinin özəlliyi ondadır ki, bir məsələnin həlli üçün müxtəlif proqramlar tərtib oluna bilər. Tərtib olunan hər bir proqram başqasından proqramçının iti düşüncəsi, maraqlı tapıntıları, optimal alqoritmləşdirmə bacarıqları, bir sözlə proqramçının proqramlaşdırma məharəti ilə fərqlənir. Bu baxımdan 6-cılar təcrübəli proqramçılardan ibarət münsiflər heyətini sözün əsl mənasında heyrətləndirməyi bacardılar. Münsiflər heyətinin qərarı ilə Bakı və Sumqayıt məktəbliləri arasında keçirilən "ALPLogo-2014 proqramlaşdırma müsabiqəsi"ndə iki şagird 1-ci yerə, dörd şagird 2-ci yerə, doqquz şagird isə 3-cü yerə layiq görüldü.

Bütün iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunacaq. Münsiflər heyətinin qərarına əsasən belə proqramlaşdırma müsabiqəsinin hər il keçirilməsi planlaşdırılır.

Şagird və müəllimlərin böyük marağına səbəb olan belə müsabiqələr gələcək proqramçıların yetişməsində böyük əhəmiyyət kəsb edir. Fəxri yerləri qazanmış şagirdlər arasında beynəlxalq olimpiadalarda iştirak üçün namizədlərin seçilməsi və onlarla ciddi məşğul olunması nəzərdə tutulur.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov