Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

ƏLAVƏ 1
Azərbaycan Respublikası Təhsil Nazirliyinin

21.04. 2014-cü il tarixli 445 nömrəli əmri ilə təsdiq edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu
QAYDALARI

 

1. Ümumi müddəalar 

1.1. "Azərbaycan  Respublikası  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları" (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli 67 nömrəli, "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli 215 nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərində, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) və peşə liseylərində (bundan sonra - müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini, müəllimlərin, digər pedaqoji işçilərin daimi və ya müddətli əmək müqaviləsi ilə işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanları, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir.

1.3. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Təhsil Nazirliyi tərəfindən elektron texnologiyalar tətbiq olunmaqla və şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

1.4. Müəllimlərin  yerdəyişməsi  və   işə  qəbulu  üçün Təhsil  Nazirliyində müsabiqə komissiyası və apelyasiya komissiyası yaradılır.

1.5. Müəssisələrdə digər pedaqoji kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

1.6. Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi və  tabelik üzrə təhsili idarəetmə orqanı ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

1.7. Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

1.8. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar.

1.9. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair şəhadətnamə almayan şəxslərin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.

1.10. İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu Təhsil Nazirliyinə müraciət əsasında həyata keçirilir. Müraciət etmiş hər bir şəxslə müsahibə aparılır və nəticələrə əsasən müvafiq qərar qəbul edilir. Belə müraciətlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin keçirildiyi dövr istisna olmaqla, dərs ili ərzində baxılır.

1.11. Müəllimlərin yalnız fakültativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.

1.12. İnzibati və cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.

1.13. İşə qəbul olunan və işdən azad edilən müəllimlər haqqında məlumatlar ən geçi 15 gün müddətində müəssisələrin və idarəetmə orqanlarının "Milli Təhsil Məlumat Bazası"na daxil edilir. 

2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi 

2.1. Müəssisələrdə işləyən  müəllimlər arasında dərs bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

2.2. Dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 6-11 saat olduğu halda digər müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim edilir.

2.3. Çalışmanın son yaş həddinə çatmış müəllimlərin dərs yükü onlarla bağlanmış müqavilə müddətində vakant yerlərin müəyyənləşdirilməsi zamanı nəzərə alınmır.

2.4. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə sosial məzuniyyət yerinə müəllimlərin işə qəbulu Nazirliyin, digər müəssisələrə isə təhsili idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır və  əmrlə rəsmiləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir.  Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.

2.5. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.

2.6. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir.

İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənninin ibtidai sinif müəllimi tərəfindən tədrisinə icazə verilir.

2.7. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.

2.8. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil müəssisələrinin rəhbərləri hər il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə Təhsil Nazirliyinə təqdim edir (kağız və elektron variantda).

2.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun olaraq kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə gənc mütəxəssislərin işə cəlb olunmasının stimullaşdırılması məqsədi ilə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu nəzərə alınaraq  həmin  vakant  yerlərin qarşısında xüsusi (H-1)1(H-2)2  işarələr yazılaraq məlumata daxil edilir. Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və  yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur.

Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerləri müəyyənləşdirərkən həmin vakant yerə ixtisaslı müəllim kadrlarına ciddi ehtiyac olması, tələbatın əvvəlki illərdən yaranması və təmin olunmaması, vakant dərs yükünün əvəzçilik və saathesabı qaydada aparılmasının qeyri-mümkünlüyü kimi tələblər gözlənilməli və rayon mərkəzindən olan məsafə dəqiq göstərilməlidir. 

2.10. Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə cədvəli tabelik üzrə idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək müəssisə üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və vakant dərs saatları cədvəldə göstərilməlidir.  

3. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi 

3.1. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir. Qərar qəbul olunduqdan sonra müəllimin yerdəyişməsi müvafiq müəssisə rəhbərləri tərəfindən əmrlə rəsmiləşdirilir.

3.2. Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

3.3. Həvəsləndirmə tədbirləri tətbiq olunan kənd məktəblərində işləyən gənc mütəxəssislər nəzərdə tutulmuş müddət başa çatanadək iş yerini dəyişmək üçün müraciət edə bilməzlər. Xüsusi hallarda (səhhəti, ailə vəziyyəti və s.) məsələyə fərdi qaydada Təhsil Nazirliyi tərəfindən baxılır.

3.4. Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsində bu Qaydalar, "Vakant yerlər barədə məlumat", "Elektron ərizə", "Yerdəyişmə üçün vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat", "Müsahibə proqramı" və "Şəxsi səhifə" yerləşdirilir.

3.5. İş yerini dəyişmək istəyən müəllimlər Təhsil Nazirliyinin İnternet saytında (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olub elektron ərizə doldurmalıdırlar. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.

3.6. Yerdəyişmə üçün elektron ərizə verən müəllim ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər. Qarşısında (H-1) və (H-2)  işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir. Yerləşdirmə seçim ardıcıllığı gözlənilməklə aparılır.

3.7. "Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları" əsasında müsabiqənin birinci mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirməsi aparılır.

3.8. Elektron ərizələrin qəbulu başa çatdıqdan 3 (üç) təqvim günü sonra yerdəyişmə aparılır.  Ərizəsi təsdiqlənmiş namizədlər üçün yerdəyişmənin nəticəsi və müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumatlar onların "Şəxsi səhifə"sində yerləşdirilir.

3.9. Müəllimlərin   yerdəyişməsi   üzrə   müsabiqənin  ikinci  mərhələsində Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə müsahibələr keçirilir. Bu məqsədlə müsahibə komissiyaları yaradılır. Komissiyaların tərkibinə yerdəyişmə həyata keçiriləcək müəssisənin direktoru da daxil edilir.

3.10. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin II mərhələsinə buraxılmış namizədlər  "Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, əmək kitabçasının surətini və elektron  ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əslini və ya notarial qaydasında təsdiq olunmuş surətini) müsabiqə komissiyasına təqdim edirlər.

3.11. Yerdəyişməyə namizədlər müsahibənin başlanmasına 1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd müsahibəyə buraxılmır.

3.12. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizəd müsahibəyə buraxılmır.

3.13. Müsahibə zamanı yerdəyişmə üçün namizədin peşə kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı beş ballıq şkala üzrə qiymətləndirilir.

3.14. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə üçün iki və daha artıq namizəd olduqda, müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar qəbul edir. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.

3.15. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən müəllimlərin siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir.

3.16. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.

3.17. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsahibədə iştirak etməyənlər üçün təkrar müsahibə keçirilmir.

3.18. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətlərinə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

3.19. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə başa çatdıqdan sonra qalan, eləcə də yerdəyişmə ilə əlaqədar yeni yaranan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılır.

3.20. Müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilən müddətdə yerdəyişmə üzrə müraciətlərə baxılmır. İşə qəbul üzrə müsabiqə başa çatdıqdan sonra və yerdəyişmə üzrə növbəti müsabiqəyədək olan müraciətlərə fərdi qaydada baxılır. 

4. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsi 

4.1. Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

4.2. Ali  və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, hazırda işləməyən, müvəqqəti  əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.

4.3. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsində bu Qaydalar, Müsabiqə yolu ilə müəllimlərin işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu ("Vakant yerlər barədə məlumat", "Elektron ərizə", "İşə qəbul üçün vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat", "Test suallarının cavablandırılmasına dair təlimat", "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat") və "Şəxsi səhifə" yerləşdirilir.

4.4. Müsabiqədə  iştirak  etmək  üçün  Təhsil Nazirliyinin rəsmi İnternet saytında (www.edu.gov.az)  "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir.

4.5. Müsabiqə  yolu  ilə  müəllimlərin  işə  qəbulu  qaydalarının  tətbiqini tənzimləyən sənədlər toplusuna daxil olan "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat"a uyğun olaraq müsabiqədə iştirak üçün elektron ərizə doldurulur. Qarşısında (H-1) və (H-2)  işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.

4.6. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər.

İmtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır.

4.7. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş) təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər üçün müsabiqəyə buraxılma, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumatlar onların "Şəxsi səhifə"sində yerləşdirilir.

4.8. Müsabiqənin birinci mərhələsində hər bir namizədin qiymətləndirməsi "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları" əsasında elektron proqram təminatı vasitəsilə aparılır.

4.9. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılır və "Test bankı" hazırlanır.

4.10. Müsabiqə   iştirakçıları  imtahanın  başlanmasına  1 (bir)  saat  qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda, namizəd imtahana buraxılmır.

4.11. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.

4.12. İmtahanda iştirak edən hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, metodika və təlim strategiyalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır.

4.13. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra düzgün cavabların sayına uyğun topladığı bal kompüterin ekranında göstərilir.

4.14. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur.

4.15. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə dərhal imtahandan sonra həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.

4.16. Müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və III mərhələsində iştirak barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.

4.17. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər  "Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron  ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydasında təsdiq olunmuş surəti) müsabiqə komissiyasına təqdim etməlidirlər.

4.18. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatların düzgünlüyü sənədlərin əsli ilə yoxlanılır. Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, o cümlədən təhsil sənədi dövlət nümunəli olmadıqda və ya hazırda müəllim işlədiyi məlum edildikdə həmin namizəd müsabiqədən kənarlaşdırılır.

4.19. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə komissiyası təhsil səviyyəsi və seçdiyi vakant yerin yaşayış yerinə yaxın olmasını araşdırmaqla müvafiq qərar qəbul edir.

4.20. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Şəxsi səhifə" daxilində yerləşdirilir. Bütün ixtisaslar üzrə müsahibə mərhələsi başa çatdıqdan sonra, müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş müddətdə "Şəxsi səhifə"sindən boş qalan yerlər haqqında məlumatla tanış olub uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçərək əlavə yerləşdirmədə iştirak edirlər.

4.21. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçimi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin "Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir. Müsahibə mərhələsindən əvvəl namizədin elektron ərizəsində qeyd olunmuş məlumatlar sənədlərin əsli ilə tutuşdurularaq təsdiqlənir. Müsahibə zamanı nitq qabiliyyəti və tibbi-psixoloji durum barədə "uyğundur" və ya "uyğun deyil" qeydlər edilir, ümumi dünyagörüşü, peşə kompetensiyaları və şəxsi keyfiyyətlər isə beş ballıq şkala üzrə qiymətləndirilir.

4.22. Müsabiqənin yekun nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı Nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar göndərişlə aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir.

4.23. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır, işə qəbul əmrlə rəsmiləşdirilir.

4.24. Yerli təhsili idarəetmə orqanları müsabiqə nəticəsində vakant yerlərə, o cümlədən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunanların pedaqoji fəaliyyətə başlamaları barədə məlumatı sentyabrın 30-dək Təhsil Nazirliyinə təqdim etməlidirlər.

4.25. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

4.26. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin işə qəbul olunmayanların siyahısı müsabiqə komissiyası tərəfindən təsdiq olunur. Tədris ili ərzində yaranan vakant yerlər barədə məlumatlar Təhsil Nazirliyində mütəmadi olaraq toplanılır, təhlil edilir və keçid balını toplamış müsabiqə iştirakçılarına elan edilir. Elanda göstərilən müddətdə elektron seçim etmiş müsabiqə iştirakçıları üçün əlavə yerləşdirmə qaydalarına uyğun işə qəbul aparılır.

4.27. Müsabiqə başa çatdıqdan sonra vakant qalan, eləcə də dərs ili ərzində yaranan vakant yerlərə daimi işçi qəbul olunanadək, saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla, digər təhsil müəssisələrindən ixtisaslı müəllimlərin işə qəbuluna icazə verilir.

4.28. Ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər" bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır. 

5. Qaydaların pozulmasına görə məsuliyyət 

Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. 

Ətraflı məlumat üçün:
www.edu.gov.az

______________________________________________

1. Rayon mərkəzindən  20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunur:

ü     yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım;

ü     3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi.

2. Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı hər ay əməkhaqqına 70 (yetmiş) manat əlavə olunur.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov