Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Bakı Dövlət Universitetində xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

 

Böyütmək üçün şəkili seçinMayın 1-də Bakı Dövlət Universitetində (BDU) görkəmli nasir və dramaturq, xalq yazıçısı, "Şöhrət" ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, elmi və ədəbi ictimaiyyətin tanınmış nümayəndələri, universitetin müəllim və tələbələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkəmizdə elm, təhsil və mədəniyyətə dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 16 yanvar tarixli Sərəncamı bunun əyani təzahürüdür.

İlyas Əfəndiyevin çətinliklərlə dolu həyatından danışan rektor demişdir ki, görkəmli ədibin ömür yolu gənclərimiz üçün əsl nümunədir.

Bildirilmişdir ki, İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də qələmə almışdır. Diqqətə çatdırılmışdır ki, ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilmiş, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu "Elitar" Gimnaziyaya İlyas Əfəndiyevin adı verilmişdir. Ulu öndərin Sərəncamı ilə İlyas Əfəndiyevin "Seçilmiş əsərləri"nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilmişdir.

Sonra İlyas Əfəndiyev haqqında film nümayiş olunmuşdur.

Konfransda bədii ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmış İlyas Əfəndiyevin həyat və yaradıcılığı barədə məlumat verilmişdir.

BDU-nun professoru Tofiq Hüseynoğlu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığının bədii-estetik məziyyətlərini təhlil etmiş, yazıçının zəngin irsinin ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə təsir göstərdiyini vurğulamışdır. Həmçinin Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yer tutduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, onun qələmindən çıxan bütün əsərlər həmişə oxucu məhəbbəti qazanmışdır. Bu böyük yazıçının yaradıcılığı yaşından asılı olmayaraq, hər kəs üçün qiymətlidir. Vurğulanmışdır ki, İlyas Əfəndiyev öz ölməz əsərləri ilə həmişə bizimlə olacaq qüdrətli sənətkarlardandır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev demişdir ki, İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olmuşdur. Azərbaycan bədii nəsrinin dilindəki şeiriyyət bu sənətkarın adı ilə bağlıdır. İlyas Əfəndiyevin "Apardı sellər Saranı" və "Bahar suları" əsərləri Azərbaycanın ədəbiyyatının nəsr dilindəki şeiriyyətin ən gözəl nümunələridir.

Universitetin dram dərnəyinin üzvlərinin İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Xurşidbanu Natəvan" və digər əsərləri əsasında hazırladıqları səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Xalq yazıçısı, Baş nazirin müavini Elçin Əfəndiyev tədbirdə çıxış edərək atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

BDU-nun və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans mayın 2-də işini davam etdirəcəkdir. Bölmə iclaslarında İlyas Əfəndiyevin yaradıcılığının müxtəlif istiqamətləri üzrə, eləcə də dilçilik və ədəbiyyatşünaslıqla bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov