Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Moskvadakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin beş illiyi qeyd edilib

 

AzərTAc xəbər verir ki, Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının 5 illiyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Mərkəz 2009-cu ildə Bakı Slavyan Universiteti və Moskva Dövlət Linqvistika Universiteti arasında əməkdaşlıq haqqında sazişə əsasən yaradılmışdır.

MDLU-nun rektoru, akademik, Ümumrusiya Azərbaycan Konqresinin Heydər Əliyev adına mükafatının laureatı İrina Xaleyeva tədbiri açaraq bildirmişdir ki, Mərkəzin yaradılması Bakı Slavyan Universiteti ilə Moskva Dövlət Linqvistika Universiteti arasında uğurlu əməkdaşlığın, BSU-nun keçmiş rektoru, professor Kamal Abdullayevin hərtərəfli dəstəyinin nəticəsidir. O demişdir: "Azərbaycan xalqının zəngin tarixi və mədəniyyəti, müasir Azərbaycanın sürətli inkişafı, Rusiya və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və bir çox digər amillər Azərbaycana, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsinə marağın getdikcə artmasına səbəb olur". Rektor, həmçinin Mərkəzin rəhbəri, BSU-nun professoru Bella Musayevanın xidmətlərini xüsusi vurğulamışdır.

Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov qeyd etmişdir ki, MDLU-da Mərkəzin yaradılması və onun uğurlu fəaliyyəti MDB-də və Avropanın digər ölkələrində də bu cür mərkəzlərin açılmasına təkan vermişdir. T.Cəfərov BSU-nun rektoru Asif Hacıyevin təbrik məktubunu oxumuşdur.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun təbrik məktubunu təqdim etmişdir. Məktubda deyilir: "İngilis-Azərbaycan dilləri bölməsinin tərcümə fakültəsinin məzunları üçün Nizami, Nəsimi, Füzuli, Vaqif, Üzeyir Hacıbəyli və Qara Qarayev, Səttar Bəhlulzadə və Tahir Salahov kimi dahi Azərbaycan sənətkarlarının adları ensiklopediyadan sətirlər deyildir. Bu adlar poetik misralar, unudulmaz musiqi və parlaq palitra ilə assosiasiya olunur. İndi Azərbaycan onlar üçün təkcə Xəzərin sahilində yerləşən ərazi deyil, əsl dostların və həmfikirlərin yaşadığı ölkədir".

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova qeyd etmişdir ki, Mərkəz bu ilin mayında 10 illik yubileyini qeyd edəcək Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyi Rusiya və Azərbaycan gənclərinin dostluğunun möhkəmləndirilməsi istiqamətində fəaliyyətə önəm verir. T.Əhmədova bildirmişdir ki, Azərbaycan xalqı milli sərvəti olan Azərbaycan dilinə böyük qayğı ilə yanaşır. Azərbaycan dövləti rus dilinin qorunub saxlanmasına da xüsusi diqqət yetirir. Ölkəmizdə Moskva Dövlət Universitetinin filialı, Bakı Slavyan Universiteti, Səməd Vurğun adına Rus Dram Teatrı və digər müəssisələr uğurla fəaliyyət göstərir.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) icraçı direktoru Emin Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təbriklərini çatdırmışdır. Mərkəzə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Azərbaycan milli geyimi hədiyyə edilmişdir.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev Rusiyada Azərbaycan dili və mədəniyyətinin təbliğində Mərkəzin önəmli rolunu vurğulamış və ÜAK-ın prezidenti Məmməd Əliyevin təbriklərini çatdırmışdır. İ.Hacıyev qeyd etmişdir ki, ÜAK-ın nəzdində açılmış "Bazar günü" məktəbində Azərbaycan və rus dillərinin tədrisi həyata keçirilir.

Tədbirdə Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai təşkilatlarının nümayəndələri çıxış etmişlər.

Rəsmi hissədən sonra MDLU-nun tələbələrinin ifasında Azərbaycan şairlərinin şeirləri səsləndirilmiş, Azərbaycan rəqsləri nümayiş etdirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov