Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Beynəlxalq müsabiqələr qalibi

 

Respublikamızın yeniyetmə və gəncləri  incəsənətin müxtəlif sahələrində öz istedad və bacarıqlarını nümayiş etdirirlər. Onlar  xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqə və festivallarda  Azərbaycanı layiqincə təmsil edirlər.

Belə istedadların xoş sorağını eşitdikcə qürur hissi keçiririk. Onlardan biri də Bakıdakı  Milli Konservatoriyanın nəzdində  İncəsənət Gimnaziyasının fortepiano sinfinin 6-cı sinif şagirdi  Züleyxa Abdullayevadır.  O, hələ 8 yaşında olarkən ilk uğuruna imza atıb. 2011-ci ildə  İtaliyanın Gio Del Colle  şəhərində keçirilmiş Pyetro Argento adına XIV beynəlxalq musiqi müsabiqəsində müvəffəqiyyətlə  çıxış edərək  birincilik kubokuna sahib çıxıb. Həmin il İsveçin Stokholm şəhərində keçirilən Rondo musiqi müsabiqəsində  uğur qazanaraq diplomant adına layiq görülüb.

Respublika və beynəlxalq müsabiqələrdə  fərqlənən Züleyxa Abdullayeva 9 yaşında  olarkən Paris şəhərində  Nikolay Rubinşteyn adına XI beynəlxalq  piano musiqi   müsabiqəsində iştirak edərək birincilik qazanıb. 25 ölkədən olan musiqiçilər arasında Azərbaycanı təmsil edən  Z.Abdullayeva  dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edib. Sevindirici haldır ki,  2013-cü ilin oktyabr ayında  istedad və bacarığı, xüsusi ifaçılıq qabiliyyəti ilə seçilən Züleyxa Abdullayevanın  adı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  müvafiq sərəncamı ilə  gənc istedadların "Qızıl kitab"ına yazılıb və  Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

2014-cü ilin fevralında  Züleyxa Abdullayeva Amerikanın Nyu-York şəhərində keçirilən "American Protege" müsabiqəsində laureat adını qazanıb.

Qeyd edək ki, Züleyxa bu il mayın 26-da Nyu-Yorkda məşhur "Carneqie Hall" konsert zalında maraqlı ifaları ilə tamaşaçıları məmnun edəcək.    

Sifai SƏFƏROVA, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov