Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

"Uçitelskaya qazeta"dan

Dünyanın ən yaxşı təhsil sistemlərinin reytinq cədvəli açıqlanıb

 

Böyük Britaniyanın  təhsil sahəsində ixtisaslaşmış "Economist Intelligence Unit"  analitik kompaniyası "Pearson" şirkətinin  sifarişi əsasında dünyanın və Avropanın ən yaxşı təhsil sistemlərinin reytinq cədvəlini tərtib edib. Dünyanın 39 ölkəsində təhsilin vəziyyətini təhlil edən tədqiqatçıların gəldiyi rəyə görə, Cənubi Koreya dünyanın ən yaxşı təhsil sisteminə malikdir. "Uçitelskaya qazeta"nın məlumatına görə, Rusiya 20 ən yaxşı təhsil sistemləri siyahısındadır. Reytinq cədvəlində ilk  20 yeri aşağıdakı ölkələr tutub: 1.Cənubi Koreya, 2.Yaponiya, 3.Sinqapur, 4.Honkonq, 5.Finlandiya, 6.Böyük Britaniya, 7.Kanada, 8.Hollandiya, 9.İrlandiya, 10.Polşa, 11.Danimarka, 12.Almaniya, 13.Rusiya, 14.ABŞ, 15.Avstraliya, 16.Yeni Zelandiya, 17.İsrail, 18.Belçika, 19.Çexiya, 20.İsveçrə.  Siyahıdan göründüyü kimi,  Cənubi Koreya, Yaponiya, Sinqapur və Honkonq dünyada aparıcı mövqeyə malikdir. Rusiya təhsil sistemi Avropada 8-ci, dünya üzrə isə ABŞ-ı qabaqlayaraq 13-cü sıradadır.   

Tədqiqatlar göstərib ki, Avropada ən yaxşı təhsili Finlandiya, bütün  dünyada isə Cənubi Koreya verir. Bundan əvvəl isə Finlandiya bütün dünyada ən yaxşı təhsil sisteminə malik olmaqla birinci olub. Hazırda isə Avropada birinci olan Finlandiyanın  dünya miqyasında mövqeyi zəifləyib.  Ekspertlər qeyd ediblər ki, bir çox Skandinaviya ölkələri öz mövqelərini itirir, təhsilin səviyyəsi bu ölkələrdə ildən-ilə aşağı düşür.   Cədvəldə Finlandiyadan sonra Böyük Britaniya və  Hollandiyanın adı çəkilir.    Böyük Britaniya beynəlxalq tələbə mübadilə proqramları və son beynəlxalq testlərdə qazandığı uğurlu nəticələr  sayəsində rəqabət apardığı ABŞ, Almaniya və Fransa kimi ölkələri geridə qoyub. Avropanın  təhsil səviyyəsi çox aşağı olan ölkəsi Yunanıstandır.  İqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələr qrupunda  Braziliya, Meksika  və İndoneziyanın adları çəkilir.    

ABŞ builki reytinqdə 14-cü yeri tutub.  Beləliklə, təhsil səviyyəsinə görə bu ölkə Rusiyadan sonra 14-cü yerdə qərarlaşıb. Almaniya reytinq cədvəlində 12-ci, Danimarka 11-ci yerdə, Polşa isə  Rusiyanı qabaqlayaraq ilk 10-luqda qərarlaşa bilib.  Siyahıda 20-ci yerdə  İsveçrə gəlir.

 Dünya reytinqinə Asiya ölkələri başçılıq edir. Cənubi Koreya Asiya ölkələri arasında birinci yerə çıxıb. Analitiklər qeyd edirlər ki, əgər valideynlər uşaqlarına ən yaxşı təhsil vermək istəyirlərsə, onları məhz Asiyaya göndərməlidir. İkinci yeri Yaponiya, sonrakı 2 yeri Sinqapur və Honkonq tutur.  Beləliklə də təhsil sisteminin keyfiyyətinə və təhsil səviyyəsinə görə reytinq cədvəlində ilk dörd mövqe  Asiya ölkələrinə məxsusdur.

Ekspertlər qeyd edirlər ki, bir sıra Asiya ölkələrindən valideynlər öz uşaqlarını oxumağa  Avropa  və ABŞ-a göndərsə də, dünyanın ən yaxşı təhsil sistemləri məhz Asiya regionundadır.

Reytinq cədvəli hazırlanarkən bir sıra beynəlxalq  testlərdən  və ölkələrin  təhsil sahəsinə aid məlumatlardan istifadə olunub. Tərtibçilər qeyd ediblər ki, bütün dünyada təhsilin  inkişafına bütövlükdə  5 trilyon dollardan artıq vəsait xərclənir. Reytinq tərtib olunarkən TIMS, PIRLS, PISA beynəlxalq qiymətləndirmə proqramlarının nəticələri, eləcə də dövlətlərin özlərinə aid statistik məlumatlar (məsələn, universitetlərə qəbul olunanların sayı) əsas götürülüb. "Pearson" şirkətinin təhsil eksperti  Maykl Barberin sözlərinə görə, məktəb və müəllim statusunun yüksək olduğu, inkişaf etmiş təhsil mədəniyyətinə malik ölkələr reytinqdə ilk sıraları tuturlar.   

Qeyd edək ki, "Economist Intelligence Unit" (EIU)-un əsas məqsədi təhsil sahəsində nailiyyətlərə dair məlumat bankı yaratmaqdır. Ən uğurlu təhsil sistemlərini öyrənən tədqiqatçılar belə qənaətə gəliblər ki, təhsilə ayrılan vəsaitlər çox mühümdür, lakin oxumaq üçün imkanların yaradılması mədəniyyəti ondan  qiymətlidir.  Asiya regionu ölkələrinin reytinqdə əksini tapmış fenomenal uğuru məhz sonuncu faktorla bağlıdır. 

Tərtibçilər qeyd ediblər ki, Asiya regionunda  "müəllimlər, tələbələr və onların valideynləri təhsil sahəsində bütün məsuliyyətləri öz öhdələrinə götürüblər". "Pearson" şirkətinin rəhbəri Con Fallon qeyd edib ki, reytinq inkişafda olan təhsil, tədris və iqtisadi artım arasında möhkəm əlaqə olduğunu göstərir.  Onun sözlərinə görə, bütün dünyada təhsil sistemləri bir-birindən daha çox öyrənə bilərdi.  "Pearson" şirkətinin nümayəndəsi  Maykl Barberin sözlərinə görə, reytinq cədvəli  milli təhsil sistemlərinin nə dərəcədə yaxşı işləməsi  barədə biliklərimizi zənginləşdirir.

Con Fallon inkişafda olan təhsil və vərdişlərin iqtisadi əhəmiyyətinə diqqət yetirib.  Asiya regionu ölkələrinin uğuru da məhz daha çox şagirdlərinin yüksək vərdiş qabiliyyətləri ilə bağlıdır.  Onun sözlərinə görə, rəqəmsal texnologiyaların təhsil sahəsinə tətbiqi uğurlu nəticələr verir, lakin bu, heç bir halda rəqəmsal texnologiyanın müəllimləri əvəz etməsi kimi başa düşülməməlidir.  O qeyd edib ki,  rəhbərlik etdiyi  şirkət 50 ölkənin təhsil sahəsinə aid məlumat bankı yaradıb. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov