Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Dünya ölkələrində ali təhsil

 

İspaniya Krallığında ali təhsil  

İspaniyada yüksək keyfiyyətli və dayanıqlı təhsil sistemi mövcuddur. Ölkə təhsili dövlət tərəfindən və özəl fondlar hesabına maliyyələşdirilir.

İspaniyada ali təhsil sisteminin təşəkkül tarixi orta əsrlərdən başlayır. Ölkənin ən qədim ali məktəbi olan Salamanka Universiteti 1218-ci ildən fəaliyyət göstərir. Hazırda İspaniya ali məktəblərində təxminən 1,5 milyon tələbə təhsil alır. Bu isə 46 milyon əhalisi olan ölkə üçün yüksək göstərici hesab edilir.

Ali təhsil sisteminə Elm və Təhsil Nazirliyi nəzarət edir. Bununla yanaşı, ölkənin 17 muxtar regionu üzrə ali təhsil müəssisələrinə yerli qurumlar cavabdehlik daşıyır.

Ali məktəblərə qəbul olunmaq üçün orta məktəb məzunları qəbul imtahanı verirlər. Ali təhsil icbari deyil. Özəl universitetlərdə təhsil ödənişlidir. Təhsil haqqı kursdan asılı olaraq dəyişir.

Ali təhsil proqramları bakalavriat, magistratura və doktorantura pillələrindən ibarətdir. Avropa Ali Təhsil məkanının tədris sisteminə uyğun olaraq proqramlar müvafiq təhsil mərhələləri üzrə bölünür:

Bakalavriat proqramı - ilkin dərəcə proqramı və ya ümumi ali təhsil istiqamətidir;

Magistratura proqramı - ixtisaslaşmış dərəcə, həmçinin akademik və ya ixtisas dərəcə proqramıdır;

Doktorantura proqramı - elmi tədqiqat sahəsində ən yüksək elmi araşdırma metodlarının öyrənilməsinə yönəlmiş dərəcə proqramıdır.

Ölkədə 75 universitet var. Bu universitetlərdən 50-si dövlət, 25-i özəl ali məktəblərdir. 25 özəl universitetdən 7-si isə Katolik kilsəsinin nəzarəti altındadır. 50 dövlət universitetindən 48-i müstəqil idarəetmə strukturuna malikdir. 2 universitet isə Elm və Təhsil Nazirliyinin nəzarəti altındadır.

Universitetlərdə qarışıq maliyyələşmə mexanizmi tətbiq edilir. Təhsil xərcləri mərkəzi hökumətin ayırdığı subsidiyalar, icma qrantları, şəxsi investisiyalar və ianələr hesabına ödənilir.

Ali məktəbləri tədris imkanlarına görə 4 yerə ayırmaq olar:

- texniki fənlərdən başqa bütün fənləri tədris edən ali məktəblərdə hər üç ali təhsil pilləsi üzrə (bakalavriat, magistratura, doktorantura) oxumaq olar;

- ali texniki məktəblər də hər üç təhsil pilləsini (bakalavriat, magistratura, doktorantura) təklif edir;

- müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış universitet məktəblərində yalnız bakalavriat pilləsində təhsil almaq mümkündür;

-ali mühəndis məktəblərində isə memar, mühəndis və texnoloq hazırlanır. Bu tədris ocaqlarında proqram daha məzmunlu və dərindir. Bu məktəblərə qəbul olmaq istəyənlər ən ciddi seçimlərdən keçirlər. Statistikaya görə, mühəndislik məktəblərində birinci kurslarda təhsil alan tələbələrin üçdə biri kursda qalır. Daxil olanların dörddə biri isə diplom almağa müvəffəq olur.

Ölkə universitetlərində akademik il 2 semestrə ayrılır. Birinci semestr sentyabrın ortalarından dekabrın axırlarına kimi davam edir. İkinci semestr isə fevralın ortalarında başlayır və mayın sonunda başa çatır. Bütün universitetlərdə təhsil 5-6 il davam edir. Təhsil ispan dilində aparılır.

Son onillikdə İspaniya universitetlərində təhsil alan qızların sayı xeyli artıb. Oğlanlarla müqayisədə qızlar təhsillərini bitirməyə və diplom almağa daha çox müvəffəq olurlar.

Əcnəbi tələbələr İspaniyada ali təhsil müəssisələrində oxuyan tələbələrin ümumi sayının 3 faizini təşkil edir. Onlar da əsasən Avropa İttifaqına daxil olan ölkələrdən gələn tələbələrdir.

Ali təhsil ciddi bir struktura əsaslanır və konkret kurikulumlar tətbiq olunur. Tələbələr tədris müddətində sağlamlıq və ailə vəziyyəti ilə bağlı ciddi səbəblər olmadan oxuduqları universitetləri dəyişə bilməzlər.

İspaniyanın ali məktəblərində təhsil almaq üçün ispan dilini bilmək əsas şərtlərdən biridir. Odur ki, ölkənin ali məktəblərini seçən əcnəbilər ispan dili üzrə imtahan verirlər. Müvafiq imtahanlar mayda və dekabrda keçirilir.

Heç bir fərq qoyulmadan yerli və əcnəbi tələbələrə qrantların, təqaüdlərin verilməsi də mümkündür. Təqaüd və qrant alınması üçün rəqabət digər ölkələrlə müqayisədə daha yüksəkdir.

Universitetlərdə təhsil haqqı yerli əhali və Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün xeyli aşağıdır. Universitetlərdə təhsil müddəti 4 il, tibb və bəzi digər ixtisaslar üzrə 6 il davam edir. Ali təhsildə Boloniya sisteminin tələbləri əsas götürülür.

İspaniya beynəlxalq aləmdə tanınmış bir çox ali məktəbləri ilə məşhurdur. Bu ali məktəblər arasında Komilas Pontifikal Universiteti, Alfonso El Sabio Universiteti, Madrid Universiteti, Seville Universiteti, Valensiya Universiteti, Bask Universiteti, Katolonia Politexnik Universiteti, Madrid Texniki Universiteti, Barselona Avtonom Universiteti, Qranada Universiteti, Alkala Universiteti daha nüfuzlu hesab olunur. Ali məktəblərin əksəriyyəti Madrid, Barselona və Valensiya şəhərlərində yerləşir. Özəl universitetlərin daha çox hissəsi Madrid şəhərində yerləşir.

Ölkədə qeyri-universitet təhsili verən ali təhsil müəssisələri də fəaliyyət göstərir. Bu təhsil müəssisələri sırasına mülki dənizçilik, turizm, incəsənət və rəqs, mahnı və musiqi, yüksək səviyyəli biznes məktəbləri və Amerika məktəbləri daxildir.


Türkiyədə ali təhsil  

Türkiyədə ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.

Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir.

Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:

*Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;

*Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;

*Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;

*Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;

*Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;

*Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.

Yeri gəlmişkən onu da qeyd edək ki, ali məktəblərinə dünyanın bütün ölkələrindən böyük axın olan Türkiyə universitetlərində təhsil alan azərbaycanlıların sayı ilbəil artmaqdadır. Azərbaycanla Türkiyə arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, dövlət xətti və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində çoxsaylı azərbaycanlı Türkiyə universitetlərində ölkəmiz üçün prioritet ixtisaslar üzrə təhsil alır. Onlar qardaş ölkədə ali təhsillərini başa vuraraq, yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədirlər.


Avstraliyada ali təhsil  

Avstraliyada 40 universitet və 350 kollec fəaliyyət göstərir. Universitet və kolleclərdə verilmiş diplomlar bütün dünyada tanınır.

Ölkənin ali təhsil sistemi Böyük Britaniyanın ali təhsil sistemi ilə oxşardır. Tələbələrə tədris prosesində tam müstəqillik verilir və onların elmi-tədqiqatlara qoşulması üçün hər cür şərait yaradılır. Avstraliyada elmi-tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır.

Ali məktəblər Dövlət Təhsil, Elm və Təlim Departamentinin nəzarəti altında fəaliyyət göstərirlər. Tədris proqramlarının müddəti 3-4, tibb təhsili 6 ildir. Ölkədə məşhur universitetlərə daha çox tələbat duyulur. Ölkə vətəndaşları üçün birillik təhsil xərci 14-21 min Avstraliya dolları arasında dəyişir.

Avstraliya universitetlərinə qəbul zamanı son iki ili ingilisdilli ölkələrdə təhsil alanlara üstünlük verilir. Əks halda, universitetlərin nəzdindəki kollecdə müvafiq proqram üzrə xüsusi kurs keçmək lazımdır.

Öz ölkəsində universitetin birinci və ya ikinci kursunu bitirən, 18 yaşı bitmiş tələbələr də IELTS imtahanında 6,5 bal toplayaraq Avstraliya universitetlərinin müvafiq kursunda oxuya bilərlər. Digər ölkələrdə ali məktəbi bitirən şəxslər isə Avstraliyada təhsil almaq üçün diplomunu təqdim etməli və IELTS imtahanında ən azı 6,5 bal toplamalıdırlar. Bir çox hallarda MBA proqramı üzrə daxil olmaq istəyənlərdən 3 illik iş təcrübəsi tələb edilir. Əcnəbilər üçün təhsil haqqı 9-36 min dollar civarındadır. Onu da qeyd edək ki, Avstraliya ali məktəblərində təhsil haqqı bir çox inkişaf etmiş ölkələrdən xeyli aşağıdır.

Tələbələr həftədə 20 saatdan çox olmayaraq işləyə bilərlər. Ölkədə iki il yaşayan tələbə ilyarımlıq iş vizası, 5 il yaşayan isə daimi yaşayış vizası almaq imkanı qazanır.

Ali təhsilə yanaşmada hamı üçün bərabər imkanların yaradılması, təhsil haqqını ödəmə qabiliyyətinə görə deyil, bacarıq və biliyə əsasən universitetə qəbul, akademik muxtariyyət, elmi-tədqiqat sahələrinin genişləndirilməsi kimi prinsiplərə üstünlük verilir. Ali təhsildə adambaşına maliyyələşdirmə sistemi tətbiq olunur. Hökumət dörd ildən bir ali təhsil və tədqiqat sektoruna 5,4 milyon dollar məbləğində əlavə maliyyə vəsaiti ayırır.

Ölkənin daha xoşbəxt gələcəyinin təmin oluması baxımından ali təhsilin qarşısında bir sıra mühüm məqsədlər dayanır. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, çoxsaylı iş yerləri, ümumi inkişaf səviyyəsinin yüksəldilməsi bu baxımdan qəbul olunmuş əsas prinsiplərdir.

Ali məktəblər geniş ixtisas seçimi təklif edir. Avstraliyada 38 dövlət və 2 özəl universitet fəaliyyət göstərir. Bütün ölkə üzrə 180-dən çox universitet kampusu var. 340000 əcnəbi tələbə hər il təhsil almaq üçün Avstraliyaya gəlir.

Avstraliyada mühüm akademik müvəffəqiyyət göstərmiş məzunlara fərqlənmə ilə bakalavr dərəcəsi verilir. Bunun üçün daha bir il əlavə təhsil almaq lazımdır. Bu dərəcəyə sahib olan məzunlar növbəti təhsil proqramına daxil olarkən və ya işə düzələrkən bir sıra üstünlüklərdən istifadə edə bilərlər.

Magistratura proqramı üzrə təhsilin müddəti bakalavrlar üçün 2 il və bakalavriatura pilləsini fərqlənmə ilə bitirənlər üçün isə 1 il nəzərdə tutulub. Avstraliyada peşəkar ixtisaslaşdırma, dissertasiya müdafiəsi və dissertasiya müdafiəsi ilə birgə tədqiqat işini əhatə edən magistratura proqramları təklif olunur.

Ali təhsil piramidasının zirvəsində doktorantura proqramları durur. Doktorantura proqramları tədqiqat və kurs işindən ibarətdir. 3 illik tədqiqat işini müdafiə edən şəxs fəlsəfə doktoru (PhD) dərəcəsi alır. Kurs işi isə tətbiqi xarakter daşıyır və daha çox araşdırmanın nəticələrinin həyata keçirilməsi ilə əlaqəlidir.

Ali təhsilin keyfiyyətinə nəzarət edən Ali Təhsilin Keyfiyyəti və Standartlar Agentliyi 2010-cu ildə yaradılıb. Bu qurumun 2013-cü ildən etibarən texniki peşə təhsili və təlim təşkilatlarının da fəaliyyətinə nəzarət etməsi planlaşdırılır. Ali Təhsilin Keyfiyyəti və Standartlar Agentliyinin dördillik büdcəsi 57 milyard dollardır.

Hökumətin ali təhsil üzrə perspektiv inkişaf strategiyasına əsasən, 2025-ci ilə qədər 25-40 yaşında olan bütün əhalinin 40 faizi bakalavr və daha yuxarı dərəcəyə malik olacaq. Bir qayda olaraq, ali təhsil müəssisələri ödənişli əsaslarla fəaliyyət göstərir. Buna baxmayaraq, əksər tələbələrin maliyyə xərcləri dövlət tərəfindən ödənilir. Ali Təhsil Kredit Proqramına (HELP) Dövlət Təhsil, Elm və Təlim Departamenti, eləcə də Vergi İdarəsi (ATO) rəhbərlik edir.

Bundan əlavə, xüsusi istedadlı tələbələr Gənclərə Yardım və Avstraliya Təhsil Ödənişi Xidmətinin imkanlarından istifadə edə bilərlər. Tələbələrə köməklik məqsədilə müvafiq təqaüdlər də ayrılır.

Avstraliyanın kolleclərində əsasən əmək bazarında tələb olunan peşə təhsili ilə bağlı proqramlar tədris olunur. Avstraliya kolleclərinin çox az bir qismində müəyyən elmi dərəcələr verilir.

Kollec adı altında bir sıra ali təhsil müəssisələri də fəaliyyət göstərir. Belə kolleclərə tibb və incəsənət məktəblərini misal göstərmək olar.

Əcnəbi tələbələr yalnız ödənişli təhsil ala bilərlər. Onlar dövlətdən hər hansı bir təhsil krediti götürə bilməzlər. Bununla belə, əcnəbi tələbələr üçün bir sıra beynəlxalq təqaüd proqramları nəzərdə tutulur. 


İsveçrə Konfederasiyasında ali təhsil  

Çox az miqdarda təbii ehtiyatlara malik olmasına baxmayaraq, İsveçrə dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Ölkənin tərəqqisi, ilk növbədə zəngin intellektual potensiala əsaslanır.

Ölkədə ali və orta ixtisas təhsili A və B səviyyələrinə bölünür. A səviyyəsində 2 növ ali təhsil müəssisələri fəaliyyət göstərir. Birincisi, ənənəvi universitetlər, dairə universitetləri və federal texnologiya institutları. Bu müəssisələrdə təlim, əsasən elmi tədqiqatlar üzərində qurulur. İkincisi, tətbiqi elmlər universitetləri. Bu ali məktəblərdə təlim tətbiqi tədqiqatlara əsaslanır.

Ali peşə təhsili və təlimi isə B səviyyəsinə aiddir. Bu təhsil pilləsi ali peşə təhsili və təlimi kolleclərində həyata keçirilir. Bu təhsil pilləsini bitirən tələbələrə peşə sertifikatları və diplomlar verilir.

Abituriyentin akademik qabiliyyət sertifikatı və ona müvafiq olan sənədə malik olması universitetə qəbul üçün əsas tələb hesab edilir. İxtisas seçimində abituriyentlər tam azad olsalar da, tibb fakültələrinə qəbul zamanı böyük rəqabət yarandığı üçün qabiliyyət imtahanı da tələb olunur. Əcnəbilərin tibb ixtisaslarına qəbuluna isə tam məhdudiyyət qoyulub.

İsveçrədə dövlət tərəfindən maliyyələşən 10 dairə universiteti və 2 federal texnologiya institutu (Sürix Federal Texnologiya İnstitutu və Lozanna Federal Politexnik Məktəbi) fəaliyyət göstərir. 2009-2010-cu tədris ilində bu ali məktəblərdə 130000-ə yaxın tələbə təhsil alıb. Tələbələrin 26 faizini əcnəbilər təşkil edib.

Dövlət hər iki federal texnologiya institutuna, hər bir dairə isə öz ərazisi daxilində yerləşən universitetlərə nəzarət edir. Dairə universitetləri həm dövlət, həm də dairələr tərəfindən maliyyələşdirilir.

İsveçrənin 10 dairə universitetinin 5-i (Bazel Universiteti, Bern Universiteti, Luzern Universiteti, Saint-Qallen Universiteti və Sürix Universiteti) alman dilli, 4-ü (Friburq Universiteti, Cenevrə Universiteti, Lozanna Universiteti və Nevşatel Universiteti) fransız dilli, 1-i (Della Svizzera Universiteti) isə italyan dilli dairədə yerləşir. Həmin universitetlərdə tədris dairədə istifadə edilən dildə aparılır. Yalnız Friburq Universitetində tədris alman və fransız dillərində aparılır.

Ölkənin ən böyük ali məktəbi 20000-dən çox tələbənin təhsil aldığı Sürix Universitetidir. Burada tələbələrin 15-20 faizini əcnəbilər təşkil edir. Universitetdə təhsil müddəti 4-6 il davam edir.

Sürix Federal Texnologiya İnstitutu və Lozanna Federal Politexnik Məktəbi dövlət elmi tədqiqat müəssisəsidir. Bu müəssisələrdə yüksək standartlara uyğun tədris, tədqiqat və elmi-texniki xidmətlər həyata keçirilir.

Hər iki institut yüksək ixtisaslı, beynəlxalq arenada tanınmış alim və mühəndislərin hazırlanmasına misilsiz töhfələr verir.

İsveçrənin ali təhsil müəssisələri klassik Avropa universitetləri ənənəsi əsasında fəaliyyət göstərir. Ali məktəblərdə həm tədris, həm də tədqiqat həyata keçirilir, tələbələrə hüquq, iqtisadiyyat, riyaziyyat, təbiət elmləri, humanitar və ictimai elm sahələri üzrə dünyəvi biliklər verilir.

Bir tədris ili 2 semestrə bölünür. Qış semestri oktyabrın son həftəsindən fevralın ortalarına qədər davam edir. Yay semestri isə universitetdən asılı olaraq martın (və ya aprelin) ortalarında başlayır, iyunun (və ya iyulun) birinci yarısında başa çatır.

Bir çox ixtisaslarda təhsil müddəti 4-5 il olsa da, tibb sahəsi üzrə təhsil 6 il davam edir. Ali təhsilin sonunda məzunlara müvafiq olaraq lisenziya, diplom və ya doktorluq dərəcəsi verilir.

Tətbiqi elmlər üzrə universitetlər ali peşə təhsili istiqamətində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu ali məktəblər 1993-cü ildən bəri təxminən 70 ali texniki məktəbin birləşdirilməsi və ixtisaslaşması nəticəsində yaradılıb. İsveçrədə 1-i özəl olmaqla, 7 tətbiqi elmlər universiteti fəaliyyət göstərir.

Tətbiqi elmlər universitetlərində ümumi texnologiya, informasiya texnologiyası, memarlıq, tikinti, planlaşdırma, kimya, aqronomluq, meşəçilik, iqtisadiyyat, dizayn, səhiyyə, ictimai iş, musiqi, sənətşünaslıq, tətbiqi psixologiya, tətbiqi linqvistika və idman sahələri üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 2009-2010-cu tədris ilində tətbiqi elmlər universitetlərində 70000 tələbə təhsil alıb.

İsveçrədə dövlət ali təhsil müəssisələri ilə yanaşı çoxlu sayda özəl ali məktəblər də fəaliyyət göstərir. Özəl təhsil müəssisələrinin bəziləri yalnız ölkə vətəndaşlarına xidmət etdiyi üçün onlar dövlətdən subsidiyalar alır. Digər özəl təhsil müəssisələrində isə həm yerli, həm də əcnəbi tələbələr oxuya bilərlər. Belə özəl ali məktəblərə dövlət maliyyə vəsaiti ayırmır. Onu da qeyd edək ki, ali təhsil kursları, imtahanlar təşkil etmək və özəl dərəcələr vermək üçün dövlətdən subsidiyalar alan özəl ali təhsil müəssisələrindən xüsusi icazə tələb olunmur.

Təhsilin keyfiyyətini daim yüksək səviyyədə saxlamaq üçün dövlət və özəl ali təhsil müəssisələri vaxtaşırı akkreditasiyadan keçirilir.

İsveç hökuməti Təqaüdlər üzrə Federal Komissiya vasitəsi ilə əcnəbi tələbələrə qrantlar ayırır. Qrantlarla aid məsələlərə Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi cavabdehlik daşıyır. Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi tələbələr üçün qrantların xərclənməsi üzrə dairələrə federal subsidiyaların verilməsini təşkil edir.

Bu qurum, həmçinin universitet təhsili, təsviri sənət və musiqi ixtisasları üzrə İsveçrənin əcnəbi tələbələrə verdiyi təqaüdləri əlaqələndirir və maliyyələşdirir. Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyi Avropanın bir sıra ali təhsil müəssisələrində diplomdansonrakı təhsil üzrə qrantların verilməsi və idarə olunmasına da cavabdehlik daşıyır. İstedadlı tələbələrin təhsillərini İsveçrənin ali təhsil müəssisələrində davam etdirmələrinə yardım edən Axille İsella Fondu da Təhsil və Tədqiqat üzrə Dövlət Katibliyinə tabedir.

İsveçrə təhsil, elm və texnologiya sahəsində nail olduğu yüksək uğurları ilə beynəlxalq səviyyədə tanınır. Ölkənin beynəlxalq rəqabətliliyi elmi-tədqiqatlara ayrılan irihəcmli investisiya vəsaitlərinə əsaslanır. Elmi-tədqiqatlara xərclənən vəsaitin üçdə iki hissəsindən çoxu özəl sektorun, o cümlədən kimya, əczaçılıq, elektronika və metallurgiya sahəsinin payına düşür. Milli Elm Fondu, İsveçrə Konfederasiyasının İnnovasiyaya Yardım Fondu tədqiqat və inkişafın təşviqinə töhfələr verən aparıcı qurumlardandır. 

Səhifəni hazırladı:
Yusif ƏLİYEV,

"Azərbaycan müəllimi"

Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və təhsilə aid digər qurumlarının rəsmi İnternet saytlarından əldə olunan materiallar əsasında.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov