Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadalarının səmərəli təşkili məqsədilə Nazirlik və yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq tədbirlər görülmüş, mövcud qaydalara uyğun olaraq, olimpiadalar 3 mərhələdə keçirilmişdir. Olimpiadanın nəticələrinin Təhsil Nazirliyi tərəfindən geniş təhlili aparılmışdır. Aparılmış təhlillər zamanı bəzi rayonlar üzrə II mərhələdə yüksək nəticələr göstərmiş şagirdlərin olimpiadanın yekun mərhələsində çox zəif bilik nümayiş etdirdikləri müşahidə edilmişdir. Bu hallar Təhsil Nazirliyi tərəfindən rayon mərhələsində istedadlı şagirdlərin seçimi zamanı obyektivliyin ciddi şəkildə pozulması, respublika turu iştirakçılarının seçimində laqeydlik və səhlənkarlığa yol verilməsi kimi qiymətləndirilir.

Rayon (şəhər) mərhələsi üzrə I turun 36908 nəfər iştirakçısından II tura 6374 nəfər (17,2 faiz) keçmiş, onlardan 849-u (13,3 faiz) yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak etmişdir.

Olimpiadaların yekun turunda fənlər üzrə Azərbaycan dili və ədəbiyyatdan 178 (20,9 faiz), Azərbaycan tarixindən 172 (19 faiz), biologiyadan 140 (16,4 faiz), kimyadan 111 (13 faiz), riyaziyyatdan 110 (12,2 faiz), fizikadan 103 (12 faiz), informatikadan 35 nəfər (3,8 faiz) iştirak etmişdir.

Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri (22,3 faiz) I-IV yerlərə, o cümlədən 20-si (2,4 faiz) I, 27-si (3,2 faiz) II, 61-i (7,2 faiz) III, 81-i (9,5 faiz) IV yerə layiq görülmüşdür. I-III yerləri tutanlar isə 108 nəfər (12 faiz) təşkil etmişdir.

Yekun turda Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseyləri üzrə 44 nəfər iştirakçıdan 30-u (68,2 faiz), Bakı şəhərindən 32-dən 20-si (62,5 faiz), Naxçıvan MR-dən 138-dən 34-ü (24,6 faiz), eləcə də Balakəndən 7, Şəmkirdən 6, Neftçaladan 4, Şəki, Cəlilabad, Oğuz, Abşeron, Hacıqabul, Qax, Xaçmaz rayonlarının hər birindən 3 nəfər iştirakçı mükafata layiq yer tutmuşdur. Təhsil müəssisələrindən ən yaxşı nəticəni Balakən rayonu Humanitar və texniki fənlər təmayüllü lisey (5 yer), Naxçıvan şəhəri Heydər Əliyev adına lisey (4 yer), Nazirlik tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü lisey (3 yer) göstərmişdir. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin, Naxçıvan Qızlar liseyinin, Bakı şəhəri 160 nömrəli "Klassik gimnaziya" və 54 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri Təbiət-texniki elmlər liseyi və 7 nömrəli tam orta məktəbin, Babək rayonu Kərimbəyli kənd, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbinin nəticələri də qənaətbəxş olmuşdur.

Respublika fənn olimpiadalarının yekunları göstərmişdir ki, rayon və şəhərlərdə istedadlı uşaqlarla işin təşkilində, texniki və təbiət fənlərinin hazırkı tələblərə uyğun tədrisində, istedadı ilə fərqlənən şagirdlərin olimpiadalara və digər bilik yarışlarına hazırlanmasında ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, əksər yerli təhsili idarəetmə orqanları, məktəb rəhbərləri bu vacib işə səthi və məsuliyyətsiz münasibət bəsləyirlər.

Yerlərdə texniki və təbiət fənləri üzrə tədrisin qeyri-qənaətbəxş səviyyədə qurulması, şagirdlərin bilik keyfiyyətinin  xeyli aşağı olması həm də onunla təsdiqlənir ki, olimpiadanın yekun turundakı 849 nəfər iştirakçının 350-si (41,2 faiz) yalnız Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, 499-u isə (58,7 faiz) riyaziyyat, fizika, kimya, biologiya, informatika fənlərini təmsil etmişdir. Olimpiadada mükafata layiq 189 yerin 100-ü (51,9 faiz) bilavasitə humanitar fənlərə aid olmuş, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə 12 birinci  yerdən 10-nu ABTM-in liseylərinin şagirdləri tutmuşdur. Eyni mənzərə II-III yerlərin sayında da mövcuddur.

Ciddi narahatlıq doğuran vəziyyət respublika turunun 849 iştirakçısından 141 nəfərinin (16,6 faiz) 0-2 arasında ("0" bal - 63 nəfər, 7,4 faiz; "1" bal - 40 nəfər, 4,7 faiz; "2" bal - 38 nəfər, 4,5 faiz) bal toplaması olmuşdur. Həmin şagirdlərdən 139-u (98,5 faiz) olimpiadada texniki və təbiət fənləri üzrə iştirak etmişdir. Yerlərdə olimpiada iştirakçılarının seçimi və qiymətləndirmə prosesi bir çox hallarda qeyri-obyektiv aparıldığı üçün yüksək nəticə ilə yekun tura göndərilən şagirdlərin riyaziyyatdan 16-sı "0", 19-u "1", 17-si "2"; fizikadan 12-si "0", 4-ü "1", 4-ü "2"; kimyadan 21-i "0", 19-u "1", 13-ü "2"; biologiyadan 12-si "0", 5-i "1", 4-ü "2"; informatikadan 2-si "0", 1-i "2"; Azərbaycan tarixindən 1-i "0", 1-i "2" balla qiymətləndirilmişdir. Belə şagirdlər Mingəçevir şəhəri və İsmayıllı rayonunun hər birindən 7, Şamaxıdan 6, Astara, Biləsuvar, Şəki, Ağcabədi rayonlarının hər birindən 5, Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonlarının hər birindən 4, Şirvan şəhəri, Sabirabad, Ağdaş, Balakən, Xaçmaz, Lerik, Daşkəsən, Zəngilan rayonlarının hər birindən 3 nəfər olmuşdur. Digər rayonlarda da belə faktlar müşahidə edilmişdir.

Bununla yanaşı, iştirakçılardan 69-nun riyaziyyat (16 nəfər, 16,5 faiz), biologiya (22 nəfər, 14,3 faiz), kimya (20 nəfər, 16,7 faiz), fizika (11 nəfər, 11,3 faiz) fənləri üzrə "3-5" bal toplaması da yerlərdə olimpiadalara, istedadlı şagirdlərlə işin təşkilinə, texniki və təbiət fənlərinin tədrisinə diqqət yetirilməməsini bir daha sübuta yetirir.

Qeyd olunanları nəzərə alaraq və "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Məktəblilərin 2013-2014-cü dərs ilində keçirilmiş respublika fənn olimpiadalarının nəticələri barədə münsiflər heyəti sədrlərinin təqdimatları nəzərə alınsın.

2. Fənn olimpiadalarının yekun turunda Naxçıvan MR-in, Bakı və Sumqayıt şəhərlərinin, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin liseylərinin, bilavasitə Nazirlik tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, Balakən rayonu Humanitar və texniki fənlər təmayüllü liseyin, Naxçıvan şəhəri Heydər Əliyev adına liseyin şagirdlərinin uğurla çıxış etdikləri, habelə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin, Naxçıvan Qızlar Liseyinin, Bakı şəhəri 160 nömrəli "Klassik gimnaziya" və 54 nömrəli tam orta məktəbin, Sumqayıt şəhəri Təbiət-texniki elmlər liseyi və 7 nömrəli tam orta məktəbin, Babək rayonu Kərimbəyli kənd, Neftçala rayonu Xıllı qəsəbə və Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəblərinin müsbət nəticələri qeyd olunsun.

3. Gəncə və Mingəçevir şəhərləri, İsmayıllı, Şamaxı, Astara, Biləsuvar, Şəki, Ağcabədi, Gədəbəy, Samux, Göygöl, Oğuz, Masallı, Zərdab, Abşeron rayonları üzrə iştirakçıların yekun mərhələdə çox aşağı bal toplaması faktı müvafiq yerli təhsili idarəetmə orqanlarının olimpiadaların təşkili və keçirilməsinə məsuliyyətsiz münasibət göstərmələri, şəffaflıq və obyektivliyi təmin edə bilməmələri, istedadlı şagirdlərin seçilməsinə səhlənkar və laqeyd yanaşmaları, bu vacib məsələdə məqsədli olaraq himayəetmə hallarına yol vermələri kimi qiymətləndirilsin. Adları çəkilən rayon (şəhər) təhsil şöbələri rəhbərlərinə olimpiadaların II mərhələsində yol verilmiş nöqsanlarla bağlı araşdırmaların aparılması və nəticələri üzrə müvafiq intizam tənbehi tədbirlərinin görülməsi tapşırılsın.

4. Şirvan şəhəri, Sabirabad, Xaçmaz, Daşkəsən, Ağdam, Zəngilan, Ucar, Lerik, Qazax, Yardımlı, Qobustan, Salyan, Tovuz, Goranboy, Quba, Yevlax, Siyəzən, Cəlilabad, Şəmkir, Balakən və Ağdaşda bir sıra şagirdlərin rayon mərhələsi nəticələri ilə yekun mərhələdə göstərdiyi nəticələr arasında fərqlərin olması faktını nəzərə alaraq, adı çəkilən rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müvafiq araşdırmanın aparılması və ayrı-ayrı fənlər üzrə qeyri-obyektivliyə yol vermiş münsiflər heyətinin üzvləri barədə qanunvericiliyə uyğun qaydada intizam tənbehi tədbirlərinin görülməsi tapşırılsın.

5. Akademik Zərifə Əliyeva adına lisey, "Zəngi" liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Ankara məktəbi" məktəb-lisey istisna olmaqla bilavasitə Nazirlik tabeliyindəki digər lisey və gimnaziyalar olimpiadaların yekun mərhələsində təmsil  edilmədiyi  üçün onların istedadlı şagirdlərlə iş sahəsində fəaliyyətinin nizamnamələri ilə müəyyən edilmiş tələblər səviyyəsində qurulmadığı həmin təhsil müəssisələrinin rəhbərliyinin nəzərinə çatdırılsın.

6. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinin  rəhbərləri:

6.1. Bu əmrin müzakirə olunub onun məzmununun məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə çatdırılmasını təmin etsinlər;

6.2. Əmrdə qeyd olunan problemli məsələlərin, nöqsan və çatışmazlıqların başvermə səbəblərini araşdırmaqla onların aradan qaldırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb yerinə yetirilməsi üçün təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər;

6.3. Əmrin yerinə yetirilmə vəziyyəti barədə məlumatı, o cümlədən bu işin təşkilində nöqsanlara yol vermiş şəxslərin izahatlarını və digər aidiyyəti sənədləri 2014-cü ilin 30 iyun tarixinədək Nazirliyə göndərsinlər.

7. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov), Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi (S.Kazımov) 2 ay müddətinə fənn olimpiadalarının təşkili və keçirilməsini tənzimləyən yeni qaydaların layihəsinin hazırlanmasını təmin etsinlər.

8. İqtisadiyyat şöbəsi (R.Orucov) 2014-cü ildə keçirilən fənn olimpiadalarında şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlərin hər birinin 250 (iki yüz əlli), olimpiadaların keçirilməsi üçün müvafiq materialların hazırlanması və olimpiada işlərinin yoxlanmasında səmərəli fəaliyyət göstərmiş respublika münsiflər heyəti sədrlərinin hər birinin 200 (iki yüz), məsul katiblərin hər birinin 150 (yüz əlli), üzvlərin hər birinin 100 (yüz) manat məbləğində pul mükafatı ilə mükafatlandırılmasını təmin etsin.

9. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini, "Azərbaycan müəllimi" qəzetində və Nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 may 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov