Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Təhsilimizin uğurları

Fənn olimpiadalarının qalibləri yarışların obyektivliyinə görə təşkilatçılara minnətdarlıqlarını bildirirlər

 

Ənənəvi olaraq hər dərs ilində keçirilən və əhatə dairəsinin genişliyinə, davametmə müddətinin uzunluğuna, prestiji və əhəmiyyətinə görə digər bilik yarışlarından fərqlənən məktəblilərin fənn olimpiadalarının ötən şənbə yekun tədbiri oldu: qaliblərə mükafatlar təqdim olundu. Təhsil Nazirliyində düzənlənən mərasimdə olimpiadaların yekunları ilə bağlı maraqlı faktlar səsləndirildi, qaliblərə təbriklər ünvanlandı. Qeyd olundu ki, builki fənn olimpiadalarının rayon (şəhər) mərhələsi üzrə I turunda 36908 məktəbli iştirak edib. Onlardan 6374-ü ikinci turda mübarizə aparmaq şansı qazanıb. II turun nəticələrinə əsasən 849 şagird final-respublika mərhələsinə qatılıb.

Respublika mərhələsinin nəticələrinə əsasən 189 nəfər qalib hesab olunub. Onlardan 108-i mükafatçı I-III yerlər sırasındadır.

Bildirildi ki, bilik və biliyə əsaslanan təcrübə insanın həyatı boyu qazanacağı ən böyük sərvətidir. Biliyə aparan ağır, keşməkeşli, enişli-yoxuşlu yolu zəhmətkeş, əzmkar, iradəsi möhkəm olanlar, zəhmətə qatlaşmağı bacaranlar qət edə bilir. Qazanılan qələbə onu qazananların yaddaşında hər zaman ən xoş xatirə kimi qalacaq və onları daha böyük qələbələrə sövq edəcəkdir.

Diqqətə çatdırıldı ki, bu möhtəşəm bilik yarışması respublikanın bütün bölgələrini əhatə edib. Hətta Balakən rayonu kimi ucqar bölgələrimizdən 5 nəfər olimpiada qalibi olub. Olimpiadalar mütəşəkkil, şəffaf keçirilib, qiymətləndirmə ədalətli aparılıb.

Bəs bu barədə olimpiada qalibləri nə fikirdədirlər? Onlar bu bilik yarışmasının qalibi olacaqlarını gözləyirmişlərmi? Ona necə hazırlaşıblar? Olimpiadaların təşkili və keçirilməsi onları qane edibmi? Bu suallarımıza aydınlıq gətirmək üçün mükafatlandırma mərasimdə qaliblərin bir neçəsi ilə həmsöhbət olub, olimpiada təəssüratları ilə maraqlandıq. Aşağıda onların cavablarını təqdim edirik.

Sevinc İlqar qızı Əzizli, Şəki şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yer:

- Bəli, qələbəmi gözləyirdim. Artıq 3 il idi ki, bundan ötrü çalışır və sonda bir nəticə olacağına inanırdım. Olimpiadanın əvvəlki mərhələlərində iştirak edib II yerə çıxırdım. Lakin finalda qələbə qazana bilmirdim. Nəhayət, bu il "tilsim" qırıldı, I yerə layiq görüldüm.

Olimpiada tapşırığı mənə çox asan gəldi və hamısını cavablandıra bildim.

Məktəblilərin fənn olimpiadalarının təşkilinin məsuliyyətli və çətin bir iş olduğu hamıya aydındır. Bu uğurlardan biz şagirdlərə nə qədər pay düşürsə, bizi hazırlaşdıran müəllimlərimizə, olimpiadanı təşkil edib keçirən Təhsil Nazirliyinə, onun bilavasitə bu işlə məşğul olan əməkdaşlarına da bir o qədər pay düşür. Mən bizim qələbəmizdə payı olan hər kəsə minnətdarlıq edirəm.

Olimpiadanın təşkili səviyyəsindən çox razı qaldım. Xüsusən də biliyimizin qiymətləndirilməsindən. Olimpiada bilik yarışı, rəqabət olduğundan burada obyektiv qiymətləndirmə əsas şərtdir. Sonrakı bütün söz-söhbətlər, narazılıqlar da məhz qiymətləndirmə düzgün aparılmadıqda, kiməsə üzgörənlik, güzəşt edildikdə, kiminsə haqqı tapdalandıqda meydana çıxır. Bu baxımdan builki fənn olimpiadalarını ən nümunəvi, obyektiv bilik yarışmalarından  hesab etmək olar.

Mən olimpiada qaliblərini təbrik edir, onlara gələcək təhsillərində uğurlar arzulayıram. Mən gələcək təhsilim, karyeramla bağlı artıq öz seçimimi etmişəm. Orta məktəbi bitirdikdən sonra Qafqaz Universitetinə daxil olub III qrup ixtisaslarından birinə yiyələnəcəyəm.


Gülnarə Kamaləddin qızı Ağayeva, Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan tarixi  fənni üzrə III yer:

- Olimpiada qalibi olmaq hər bir şagirdin arzusudur. Lakin qələbəni arzulamaq azdır, ona çatmaq üçün gərək həm də gərgin çalışasan. Mən də dərs ilinin əvvəlindən olimpiadaya yaxşı hazırlaşmışdım. Ona görə də qalib olacağımı gözləyirdim. Gözləntim doğru çıxdı. III yeri tutdum. Suallar çox çətin deyildi. Məncə, proqramları   mənimsəyən hər bir şagird bu suallara cavab verə bilərdi.

Nəticəm məni qane edir. Düzdür, daha yaxşı da ola bilərdi. Lakin III yer də pis deyil. Builki olimpiadalar çox yaxşı təşkil olunmuşdu. Ən əsası bütün səviyyələrdə, mərhələlərdə obyektivlik ciddi hiss olunurdu. Əsil bilik yarışı mühiti hökm sürürdü. Əvvəlcə bir qədər həyəcanlanmışdım. Amma sonra özümü topladım və tezliklə həyəcanım keçdi.

Olimpiadada bizə 5 sual təqdim olunmuşdu. Suallar proqrama uyğun idi. Onların hamısını cavablandırdım. Görünür, cavablarım o qədər də dolğun olmayıb. Keçən il də fənn olimpiadalarında iştirak etmişdim. Ancaq onda II tura qədər irəliləyə bildim. Finala düşmədim. Builki nəticəmi həm də olimpiadaların daha mütəşəkkil, şəffaf keçirilməsi, nəticələrin obyektiv, ədalətlə qiymətləndirilməsi ilə izah edərdim. Bütün bunlara görə başda Təhsil Nazirliyinin rəhbərliyi olmaqla bu işdə zəhmət payı olan hər kəsə minnətdarlığımı bildirirəm.

 


Nigar Elvaris qızı Əliyeva, Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yer:

- 2014-cü il mart ayında keçirilən Respublika fənn olimpiadalarının nəticələri mənə 11 illik məktəb həyatımın ən ülvi, ən xoş anlarını yaşatdı. İnandım ki, insan zəhmətilə hər şeyə nail ola bilər. Əlbəttə, bunun üçün, ilk öncə münbit şərait olmalıdır.

Azərbaycan dili və ədəbiyyat fənnini sevirəm. Mənim fikrimcə, hansı peşədə çalışmasından asılı olmayaraq hər kəs dilini, ədəbiyyatını sevməli və yaxşı bilməlidir. Çünki dil və ədəbiyyat hər bir xalqın sərvəti, mənəviyyat çeşməsidir.

Hörmətli Prezidentimiz İlham Əliyevin təhsilə verdiyi önəm biz gənclərin üzərinə böyük məsuliyyət qoyur.

Mən ikinci dəfədir ki, respublika fənn olimpiadasına vəsiqə qazanmışdım. Lakin qalib olmağım ilk dəfədir. Bu tək mənə yox, mənim təhsil aldığım məktəbə verilən bir qiymətdir. Yüksək elmi təfəkkürə malik olan 11-ci sinif şagirdləri arasında 1-ci yeri qazanmaq o qədər də asan deyil. Bunun üçün, ilk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, olimpiada müddətində şagirdlərin obyektiv qiymətləndirilməsinə şəxsən nəzarət edən təhsil naziri Mikayıl Cabbarova, o cümlədən münsiflər heyətinin üzvlərinə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.


Namiq Natiq oğlu Məmmədov, Bakıdakı 54 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan tarixi fənni üzrə I yer:

- Dərs əlaçısıyam. Azərbaycan tarixi fənnindən keçirilən respublika olimpiadasında birinci yerə layiq görülməyim məni çox sevindirdi. Mən bu olimpiadada yaxşı nəticə qazanacağıma ümid bəsləyirdim, ancaq birinci yer mənim üçün bir qədər gözlənilməz oldu. Olimpiada şəffaf şəkildə keçirildi. Suallar həm bilik, həm də yaradıcılıq qabiliyyəti tələb edirdi. Sualları cavablandırarkən çox da çətinlik çəkmədim. Bunun üçün tarix fənnini bir elm kimi mənə sevdirən və öyrədən əziz müəllimim Zeynal Qasımova öz dərin minnətdarlığımı bildirirəm.

Yerı gəlmişkən deyim ki, mən fənn olimpiadalarında 4 ildir ki, iştirak edirəm. Həmişə Bakı şəhəri üzrə I yeri tutmuşam və finala çıxmışam. X sinifdə, yəni ötən il tarix fənni üzrə finalda 4-cü yerə layiq görülmüşəm. Bundan əlavə,  2012-ci ilin may ayında Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən və ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan bilik yarışmasında "Surət" nominasiyası üzrə III yeri tutmuşam.

Dərs əlaçısı olduğum üçün qızıl medala namizədliyim irəli sürülüb.

Orta məktəbi başa vurduqdan sonra III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında iştirak etmək fikrindəyəm. Məqsədim hüquqşünas olmaqdır.


Ayşən Habil qızı Məmmədli, Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbin X sinif şagirdi, Azərbaycan tarixi fənni üzrə II yer:

- Birinci  sinifdən ən böyük arzum universitetə daxil olmaq, ali təhsil almaqdır. Ona görə də o vaxtdan bəri bütün fənləri yaxşı oxumağa çalışıram. Tarixlə isə xüsusi maraqlanıram. Düzdür, iqtisadçı olmağı qarşıma məqsəd qoymuşam. Amma fikirləşirəm ki, hər kəs öz vətəninin, xalqının tarixini, keçmişini də yaxşı bilməlidir.

Məktəbdə, rayonda  keçirilən bilik yarışlarında daim iştirak edirəm. Belə yarışlar adamda öz gücünə inam yaradır. Respublika fənn olimpiadalarına da ikinci dəfədir qatılıram. Ötən il tarixdən olimpiadada gücümü sınamışdım, amma qalib gələ bilməmişdim. Bu il də qalib olmağımı gözləmirdim. Düzdür, özümə arxayın idim. Amma belə mötəbər yarışlardan təkcə özünəarxayınlıq hər şeyi həll etmir. Sualların asan-çətinliyi, münsiflərin qərarı çox vaxt daha həlledici olur. Builki olimpiadanın sualları da mənə görə, çox çətin deyildi, hətta deyərdim ki, gözləmədiyimdən də artıq dərəcədə asan idi. Bir də, oxuyan üçün hər şey elə asan olur. Əminəm ki, münsiflər heyəti də işləri çox obyektiv qiymətləndiriblər. Ümumiyyətlə, bu il fənn olimpiadaları əvvəlki illərdəkindən daha  yaxşı təşkil olunmuşdu. Bunu bütün mərhələlərdə hiss etmək mümkün idi. Finalda əsl istedadlara özünü göstərmək üçün yaxşı meydan verilmişdi və mən də özümü göstərdim. Nəticəmdən razıyam.

Biz gənclər dövlətimizin qayğısını daim hiss edirik. Buna görə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.   Gələcəkdə  heç vaxt yadımdan çıxmayacaq builki uğurumu doğma vətənimə kiçik şagird töhfəsi sayıram.


Dürdanə İlham qızı Mirzəyeva, Bakıdakı 250 nömrəli tam orta məktəbin XI sinif şagirdi, biologiya fənni üzrə II yer:

Birinci sinifdən indiyə kimi daima dərs əlaçısı olmuşam.Bununla yanaşı mən 2012-ci ildə Bakı şəhəri 33 nömrəli musiqi məktəbini fortepiano ixtisası üzrə əla qiymətlərlə başa vurmuşam.

Təhsil aldığım 11 ildə mənim bir çox naliyyətlərim olub. Belə ki, 2010-cu ildə Rusiya səfirliyinin təşkil etdiyi Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr edilmiş olimpiadada rus dili və ədəbiyyatı fənindən respublika birincisi oldum. 2012-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş bilik yarışında birinci yerə layiq görülmüşəm. Təhsil Nazirliyinin keçirdiyi respublika fənn olimpiadalarında üç il ardıcıl olaraq biologiya fənni üzrə iştirak etmişəm. 2012-ci ildə 9-cu sinifdə Bakı birincisi olaraq, respublika turunda III yerə layiq görülmüşəm. 2013-cü ildə 10-cu sinifdə Bakı birincisi olaraq respublika turunda III yerə çıxmışam. Nəhayət,  bu il 11-ci  sinifdə respublika turunda II yerə layiq görüldüm və biologiya fənni üzrə dünya olimpiadasına seçim turunda iştirak etdim.

Ümumiyyətlə, belə yarışların təşkili biz şagirdlərdə fənləri daha dərindən mənimsəməyə stimul yaradır. Əvvəlki illərdən fərqli olaraq bu il keçirilən olimpiadaların yüksək səviyyədə təşkili, şəffaflığı təhsil nazirimiz cənab Mikayıl Cabbarovun gördüyü işlərin göstəricisidir.Mən inanıram ki, dövlət başçımız cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqəti sayəsində yaxın gələcəkdə müasir Azərbaycan təhsili dünyanın ən öndə gedən təhsil sistemi olacaq.

Hər bir şagirdin öz arzusu olduğu kimi, mənim də arzularım var. Bunlardan birincisi yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmaqdır. Mən hələ uşaqlıqdan insanlara kömək etmək, onların sağlamlığı keşiyində durmaq arzusunda olmuşam.  


Nərgiz Davud qızı Tahirli, Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbinin XI sinif şagirdi, kimya fənni üzrə II yer:

- Olimpiadada qalib gələcəyimə əmin idim. Çünki keçən il də iştirak etmiş və 4-cü yeri tutmuşdum. Təbii ki, bu il də uğur gözləyirdim. Suallar asan olsa  da bir sual orta məktəbdə keçmədiyimiz mövzuya aid idi. Ona görə də mənə çətin gəldi. 4 sualımı tam cavablandırdım. Nəticəmdən razıyam.

Olimpiadanın təşkilindən mən də razı qaldım. Kimya üzrə yarışların keçirildiyi Kimya və biologiya təmayüllü liseydə finalçılara yaxşı şərait yaradılmışdı. Nəzarət də kifayət qədər yüksək idi. Səmimi mühit mövcud olduğundan heç bir həyəcan hissi keçirmirdim. Ötən il də olimpiadada iştirak etdiyim üçün müqayisə apararaq deyə bilərəm ki, builki yarışma məhz obyektivliyi ilə ötən ildəkindən xeyli yüksək oldu.

Uğuruma özüm də, məktəbimizin kollektivi də xeyli sevindi.

Bu sevinci bizə yaşatdığına görə olimpiadanın əsas təşkilatçısı olan Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm. Bizim məktəbdən daha bir şagird - X sinifdə oxuyan Vüsalə Əzizli də tarix üzrə olimpiada qalibi oldu. Bu faktın özü, mənim fikrimcə, olimpiadanın necə obyektiv keçirildiyini sübut edir. Mən məktəbimizin rəhbərliyinə, müəllimlərimizə də təşəkkür edirəm. Onlar bizim üzərimizdə çox zəhmət çəkirlər. Yəqin ki, bu qələbəmi ömür boyu xatırlayacağam. Axı o mənim ilk böyük qələbəmdir. 

Hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov