Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Müəllimliklə başlayan ömür yolu

 

Bu dünyada hər kəs ona verilən ömür payını bir cür yaşayır. Elə buna görə də  "mənalı ömür", "şərəfli ömür" ifadələri yaranıb. Bəziləri yalnız özləri üçün yaşayaraq bu ömrü istədikləri, bacardıqları kimi başa vursalar da, başqaları hər günün qədrini bilərək yaşadıqları üçün məsuliyyət daşıyır, bəzən özlərini unudaraq cəmiyyətə, insanlara xeyir verməyə çalışırlar. Belələrindən biri də Rafiq müəllimdir.

Rafiq Babalı oğlu Nəbiyev 1950-ci ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1956-cı ildə bu kənddə I sinfə gedən Rafiq Orta Ləki kənd səkkizillik, sonra isə Ləki qəsəbə orta məktəbini əla qiymətlərlə başa vurub.

O, Babalı kişinin ailəsində böyüyən 10 uşaqdan ən böyüyü olub. Lakin bütün çətinliklərə, kənd yerində təsərrüfat işlərinin çoxluğuna baxmayaraq savada, biliyə böyük önəm verən valideynləri onun təhsildən yayınmasına razı olmayıb, yaxşı oxuması üçün əllərindən gələni əsirgəməyiblər. Öz növbəsində, Rafiq də təhsil aldığı illərdə həmişə yüksək bilik və qabiliyyəti ilə fərqlənərək özündən kiçik bacı və qardaşlarına yaxşı nümunə olub.

1966-cı ildə imtahanları uğurla verən R.Nəbiyev V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsinə qəbul olunub. 1970-ci ildə  institutu bitirən gənc Orta Ləki məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.

Müəllim o vaxt böyük uğur qazana bilir ki, tədris etdiyi fənni şagirdlərinə sevdirməyi bacarır. Daim axtarışlar aparırsa, fənnini sevdirmək üçün yollar, üsullar arayıb öyrənirsə, onda o müəllimin nüfuzu da olur, fənni də sevilir. Rafiq müəllim də öz üzərində daim işləyib, təkmilləşməyə can ataraq əlavə ədəbiyyatlar axtarıb-tapıb, dərs dediyi şagirdlərinə riyaziyyatı sevdirməyə çalışıb. İstedadlı şagirdləri üzə çıxararaq onlarla əlavə məşğələlər keçib, yetirmələrinin  bu elmin sirlərinə dərindən bələd olması üçün bütün qüvvəsini səfərbər edib və nəticədə zəhməti öz bəhrəsini verib. Çox keçmədən Rafiq müəllimin şagirdləri riyaziyyat üzrə olimpiadalarda fərqlənərək uğurlar qazanmağa başlayıblar.  Bunun nəticəsində R.Nəbiyev rayonun riyaziyyat fənni üzrə olimpiada komissiyasının sədri seçilib.

İşlədiyi az müddət ərzində o, qayğıkeş, eyni zamanda zabitəli, təmkinli, təlim-tərbiyəsi ilə məşğul olduğu şagirdlərinin savadları, həyatda öz fəaliyyətləri ilə xalqa, millətə, el-obaya gərəkli övladlar olmasına çalışan müəllim kimi tanınıb. Öz bacarığı, işgüzarlığı, qayğıkeşliyi, ən başlıcası isə məsuliyyəti sayəsində çalışdığı kollektivdə, yaşadığı kənddə, eləcə də  Ağdaş əhalisi arasında böyük nüfuz qazanıb.

Belə yüksək insani keyfiyyətləri və qabaqcıl pedaqoji təcrübəsi nəzərə alınan Rafiq Nəbiyev 1977-ci ildə Ləki qəsəbə orta məktəbinə direktor təyin olunub.  Çox gənc, 27 yaşında olmasına baxmayaraq o, 1500 nəfərdən artıq şagird və müəllim kontingenti olan təhsil müəssisəsinə bacarıqla rəhbərlik edib. İki il burada işlədikdən sonra təkcə rəhbəri olduğu pedaqoji kollektivin deyil, rayonun bütün təhsil ictimaiyyətinin xüsusi hörmətini qazanan Rafiq müəllim 1979-cu ildə Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin sədri kimi  məsul bir vəzifəyə irəli çəkilib.

1981-1983-cü illərdə Ağdaş Rayon Partiya Komitəsində siyasi maarif kabinetinin məsləhətçisi işlədiyi zaman büronun qərarı ilə partiya məktəbinə göndərilən R.Nəbiyev burada təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Uzun illər ayrı-ayrı təhsil müəssisələrinə - 1983-1993-cü illərdə Yuxarı Ləki kənd orta məktəbinə, 1996-2000-ci illərdə Ağdaş Kənd Təsərrüfatı Texnikumuna, 2003-2006-cı illərdə Ağdaş internat məktəbinə rəhbərlik edən Rafiq müəllim bu  vəzifələrin məsuliyyətini dərindən dərk edərək öz işinin öhdəsindən layiqincə gəlib. 2006-cı ildən bu günədək Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin sədri vəzifəsində işləyən R.Nəbiyev özü təlim-tərbiyə prosesində iştirak etməsə də, pedaqoji fəaliyyət göstərməsə də bu sahədə çalışanların dərd-sərinə yarımağı, onlara hər cür qayğı və diqqət göstərməyi özünün vəzifə borcundan daha artıq, həm də mənəvi borcu sayır.

Qeyd etmək lazımdır ki, Rafiq müəllimin fədakar əməyi, bacarıqlı təhsil işçisi kimi qazandığı nailiyyətlər diqqətdən kənarda qalmayıb, 2010-cu ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı və Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. 2013-cü il isə R.Nəbiyevin yaddaşında çox əlamətdar hadisə ilə iz qoyub. O, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Gözəl ailə sahibi olmaqdan əlavə, həm də qarşısına həmişə yaxşı, xeyirxah insanlar çıxdığına görə özünü həyatda xoşbəxt sayan Rafiq müəllim təhsil aldığı məktəbin direktoru  Məmməd Qədirovu, riyaziyyatı ona sevdirən Böyükağa müəllimi, tələbəlik illərində ən yaxın dostu  Surət Məmmədovu minnətdarlıqla xatırlayır.

Müəllimliyi şərəfli peşə sayan Rafiq Nəbiyev 45 illik fəaliyyətində riyaziyyat müəllimi işlədiyi illərdə xalqa daha çox xeyir verdiyini düşünür, həmin illəri həyatının ən parlaq dövrü hesab edir.  Bizimlə söhbətində son bir ildə təhsil sahəsində baş verən yeniliklərə də münasibətini bildirən R.Nəbiyev müəllimlərin işə qəbulu, onların peşəkarlıq səviyyəsinin yoxlanılması, məktəblərdə neqativ hallara qarşı mübarizənin gücləndirilməsi, 6 yaşı tamam olmamış istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu və digər məsələlərlə bağlı görülən işləri müsbət dəyərləndirdiyini vurğuladı.   

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov