Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Gənc alimlərin Ümumdünya Bakı Forumunun iştirakçılarına

 

Hörmətli forum iştirakçıları!

Sizi - dünyanın bütün guşələrindən Bakıya toplaşmış gənc alimləri səmimi qəlbdən salamlayır və forumunuzun işinə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, ölkəmizə xas qonaqpərvərlik və işgüzarlıq ab-havası sizə gələcək planlarınızın müzakirəsi üçün gözəl imkanlar yaradacaqdır.

Sürətlə qloballaşan dünyada elmin rolu gündən-günə artmaqdadır. İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olması, sənayenin kreativ sahələrinin inkişafı və digər amillər yeni ideyalar və yanaşmalar tələb etməklə gənclərin yaradıcılıq potensialının aşkarlanmasına güclü təkan verir. Sizin forumun da bu istiqamətdə atılan mühüm addım olacağına inanıram.

Azərbaycan indi dünyanın yüksək templə irəliləyən ölkələrindən biridir. Qazandığımız uğurlar, ilk növbədə, insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o cümlədən xaricdə təhsil proqramı onların elmə cəlb olunması üçün lazımi şəraiti təmin etmişdir. Azərbaycanda mövcud olan Milli Elmlər Akademiyası, çoxsaylı universitetlər və Elmin İnkişafı Fondu gənc alimlər nəslinin yetişdirilməsinə xidmət göstərir.

Tarix boyu Şərqlə Qərb arasında körpü rolunu oynamış ölkəmiz antik dövrün elmi nailiyyətlərinin qorunub saxlanılması və bəşər mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə öz töhfələrini vermişdir. XIX əsrdən etibarən neftin sənaye üsulu ilə çıxarılmasını ilk dəfə həyata keçirən Bakı dünyada neftlə bağlı elm sahələrinin bünövrəsinin qoyulduğu məkan kimi tanınır. Bu gün ölkəmizdə dayanıqlı inkişafın təmin olunması və yüksək texnologiyalara xüsusi diqqət göstərilməsi gənclər qarşısında geniş üfüqlər açır.

Ümidvaram ki, forum zamanı quracağınız qarşılıqlı əlaqələr hamınıza birgə layihələrin işlənib hazırlanması, müştərək araşdırmaların aparılması və bütövlükdə gələcəyə yönəlmiş elmi fəaliyyətinizin uğurla gerçəkləşdirilməsində kömək edəcəkdir.

Ən xoş arzularla, 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov