Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Beynəlxalq rəsm müsabiqəsinin doqquz yaşlı gümüş medalçısı

 

Zeynəb Nəcəfzadə  2005-ci ildə  Bakıda anadan olub.  2009-cu ildə  "Azəri inciləri" rəqs ansamblında uğurlu çıxışlar edib.  Hazırda  Bakı Avropa  Liseyinin 3-cü sinfində təhsil alır. Qeyri-adi istedadı ilə yaşıdlarından fərqlənir. Sinif rəhbəri Aytəkin  Axundova  şagirdinin dərs əlaçısı olmaqla bərabər xarici dillərə də böyük maraq göstərdiyini  söyləyir.  Şəkil çəkməyə böyük həvəsi olduğunu görən anası Şəfəq xanım onu T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasının təsviri-tətbiqi rəsm dərnəyinə - Aynurə Həşimovanın sinfinə yazdırır. Çox keçmir ki, çalışqanlığı ilə Aynurə  müəllimin sevimlisinə çevrilən Zeynəb tədricən rəsm sənətinin sirlərinə bələd olur. Yaratdığı tabloların xarakterinə uyğun rənglər seçməyi bacaran   balaca rəssam öz istək və arzularını  rəsmlərin dili ilə məharətlə  ifadə etməyə çalışır. Çəkdiyi rəsmlərin bir çoxunu yağlı boya, quaşla, vitrajla işləyir.  Zeynəbin "Hacı Zeynalabdin Tağıyevin portreti", "Neft buruqları" , "Bakının tarixi dünən və bu gün", "Rəşid Behbudov", "Puşkin", "İngiltərədəki "Biq Ben saatı", "Fransadakı  Eyfel qülləsi" rəsmlərində  uşaq təxəyyülünün bəhrəsi  görünür. Müxtəlif janrlarda  kətan üzərində yağlı boya ilə çəkdiyi 100-dən artıq bir-birindən maraqlı, heyranedici rəsmləri onun gələcəkdə böyük rəssam olacağına ümidi artırır. Tanınmış şəxsiyyətlərin portretlərini rəsmlərində həvəslə canlandıran qızcığaz öz üzərində çalışır.  O, Nizami  Gəncəvinin  portretini, "Xəmsə"sinin (beşlik) rəsmlərini yaradıb. Kətan üzərində işlədiyi  30-a  yaxın rəsmi  diplom  və  fəxri fərmanlara layiq görülüb. 2012-ci ildə Bakıda keçirilən Türkmənistanla Azərbaycan arasında münasibətlərin  20  illiyinə  həsr olunmuş tədbirdə  Zeynəbin  "Türkmən   atı   və  oğlan"  rəsmi  diplomla mükafatlandırılıb. 1 iyun Uşaqları Beynəlxalq  Müdafiə Gününə həsr etdiyi "Yaşasın hüquqlarımız", "Planetimiz Zeynəbin gözü ilə" albomlarını vərəqlədikcə  Azərbaycanın füsunkar təbiətinin aydın əks olunduğu bir-birindən maraqlı, rəng əlvanlığı ilə seçilən rəsmlərlə qarşılaşırıq. 

"Şən uşaqlar", "Tənbəl", "Əlaçı qız", "İlk dərs günü" rəsmlərində isə o, yaşıdlarını vaxtlarından səmərəli istifadə etməyə çağırır. "20 Yanvar", "Xocalı faciəsi",  "Şəhidlər ölmür", "Vətənim", "Didərgin düşmüş uşaqlar"  və sair vətənpərvərlik mövzularında çəkdiyi rəsmlərə isə həyəcansız baxmaq olmur. Vətən sevgisi aşılayan  bu rəsmlər hər bir kəsi  kövrəltməklə bərabər  düşünməyə də vadar edir. 2013-cü ildə Çexiyada keçirilən rəsm müsabiqəsində fərqlənərək laureat adını qazanıb. 2014-cü ilin aprelində Ukraynada keçirilən beynəlxalq  rəsm  müsabiqəsinə qatılan Zeynəbin "Sualtı fantaziyalar" rəsmi gümüş medala layiq görülüb. Təbiət mövzusuna həsr etdiyi "Yaz gəlib", "Çəmənlikdə", "Meşədə", "Günəş", "Kənddə", "Yaylaq",  "Dağlar qoynunda" və sair rəsmləri də diqqəti cəlb edir.

Azərbaycan xalqının bu günlərdə təntənə ilə qeyd etdiyi  ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr etdiyi "Heydər baba" portreti də balaca rəssamın qeyri-adi istedad sahibi olduğunu bir daha təsdiqləyir. Zeynəb eyni zamanda  musiqi duyumu  ilə seçilir. O, Q.Qarayev adına 8 nömrəli musiqi  məktəbinin skripka şöbəsinin I sinfində təhsil alır. Xüsusi istedad və qabiliyyəti ilə seçilən, balaca dünyasına rənglərin gözü ilə baxan Zeynəb Nəcəfzadəyə parlaq gələcəyə aparan bu yolda  müvəffəqiyyətlər arzulayırıq. 

Sifai SƏFƏROVA, 
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov