Azərbaycanda
rəsmi səfərdə olan Rusiya Federasiyasının iqtisadi
inkişaf naziri Aleksey Ulyukayev iyunun 3-də "ADA"
Universitetində olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın dövlət
strukturlarının rəsmi şəxsləri, RF-nin Azərbaycandakı
səfirliyinin nümayəndələri, "ADA" Universitetinin
müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.
"ADA" Universitetinin rektoru, professor Hafiz Paşayev
Rusiya iqtisadi inkişaf nazirinin bioqrafiyasından
danışaraq demişdir ki, iqtisad elmləri doktoru,
professor Aleksey Ulyukayev 1994-1996 və 1998-2000-ci
illərdə Y.Qaydar adına Keçid Dövrünün İqtisadi
Problemləri İnstitutu direktorunun müavini, 2004-cü ilin
aprelindən 2013-cü ilin iyununadək RF Mərkəzi Bankı
sədrinin birinci müavini işləmiş, 2013-cü il iyunun
24-dən RF-nin iqtisadi inkişaf naziri vəzifəsində
çalışır.
A.Ulyukayev səmimi qəbula görə minnətdarlığını
bildirərək qeyd etmişdir ki, universitetin proqramı
müasir elmin ən qabaqcıl tələblərinə cavab verir.
Rusiya-Azərbaycan ticarət münasibətlərinə toxunan nazir
qeyd etmişdir ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi
2013-cü ilin yekunlarına görə maksimum həddə
- 2,6 milyard dollara çatmişdir. Perspektivdə əmtəə
dövriyyəsini 4 milyard dollara çatdırmaq olar. O
demişdir: "Dünən Rusiya İqtisadi İnkişaf Nazirliyi və
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi arasında
əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
"İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi
haqqında", "Ümumrusiya Sərgi Mərkəzi ərazisində
Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması
haqqında" hökumətlərarası sazişlər və uzunmüddətli
iqtisadi əməkdaşlıq proqramı da hazırlanma
mərhələsindədir. Həmin sənədləri yaxın vaxtlarda
imzalamağı düşünürük. Azərbaycan və Rusiya müştərək
investisiya fondu yarada bilərlər. Bu fond iri
layihələrin həyata keçirilməsinə kömək edə bilər. Rusiya
artıq Qətər, Küveyt, Koreya Respublikası, Çin və digər
ölkələrlə belə bir fond yaratmışdır".
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayev bildirmişdir ki, Rusiya Azərbaycanın
əhəmiyyətli iqtisadi tərəfdaşı və ən başlıca
idxalçısıdır. Ölkələr arasında ticarət rejimində heç bir
problem yoxdur.
Sonra çıxış edənlər "ADA" Universiteti tələbələrinin
suallarına cavab vermişlər.
Tədbirin sonunda Aleksey Ulyukayevə qiymətli hədiyyələr
təqdim olunmuşdur. |