Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Müəllimlər sınaq qiymətləndirilməsi ilə bağlı nə düşünürlər?

 

"Sınaq qiymətləndirilməsinin müəllimlərə böyük faydası olacaq" 

Səadət VEYSOVA,
Bakı Avropa liseyinin fizika müəllimi, əməkdar müəllim
 

Məlum olduğu kimi, son günlərdə təhsil ictimaiyyətinin, ümumiyyətlə, bütün  cəmiyyətin diqqət mərkəzində olan müəllimlərin sınaq qiymətləndirilməsi məsələsi hər kəsin müzakirə obyektinə çevrilib.

Sözün düzü, bəzi müəllimlərin bununla bağlı narahatlığına heç cür haqq qazandıra bilmirəm. Bu, sadəcə qiymətləndirmədir. Hər bir müəllimin ixtisası üzrə  bilik səviyyəsinin, innovativ metodlarla, yeni kurikulumlarla işləmək bacarığının, təlim prosesində şagirdləri ilə canlı, səmimi ünsiyyətdə olmaq qabiliyyətinin yoxlanılmasıdır. Yəni, pedaqoji fəaliyyət üçün zəruri olan amillərdir və müasir dövrdə hər bir müəllim öz işini bu meyarlara əsasən qurmalıdır. Ona görə də peşəsinin vurğunu olanlar, işinə məsuliyyətlə yanaşanlar, tədris  etdiyi fənni şagirdlərinə sevdirməyə, dərindən mənimsətməyə çalışanlar, bir sözlə, əsl müəllim adına layiq olanlar təhsil nazirinin bu təşəbbüsünü bəyənir və dəstəkləyirlər.

Fikirləşirəm ki, fəaliyyətlərinin ən zəif həlqəsini öyrənmək, hansı istiqamətdə daha çox çətinlik çəkdiyini müəyyən edərək öz üzərində işləmək baxımından sınaq qiymətləndirməsinin müəllimlərə böyük faydası olacaq.

Hesab edirəm ki, sınaqdan sonra müəllimlərin peşəkarlığının artırılması və təkmilləşdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçiriləcəkdir. Buna misal olaraq istiqamətlər üzrə treninqlərin təşkili, müəllimlərin ildə bir dəfə, ancaq yayda deyil, bütün tədris ili ərzində müntəzəm olaraq treninqlərdə iştirakı, bu işə peşəkar təlimçilərin cəlb edilməsi, yaxşı işi ilə tanınan müəllimlərin qabaqcıl iş təcrübəsinin yayılması, beynəlxalq təcrübənin öyrənilməsi və s. göstərmək olar. Yəqin ki, mütəxəssislər bununla bağlı öz sözlərini deyəcəklər. İnanıram ki, görülən işlər son nəticədə müəllimlərin biliyinin artırılmasını və pedaqoji ustalığının səviyyəsinin yüksəlməsini təmin edəcəkdir.


"Diaqnoz vaxtında düzgün qoyulanda müalicəni uğurla başa çatdırmaq olar" 

Əminə SƏFƏROVA,
Bakıdakı 6 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, "Tərəqqi" medallı
 

Təhsil naziri Mikayıl Cabbarovun 6 may 2014-cü il tarixli əmrinə əsasən bu günlərdə Bakı şəhərinin bütün dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaqdır. Bu xəbəri ilk öncə məktəbimizin direktoru Gülşən Orucovadan eşitdik. O, müəllimlərlə söhbətində bu yoxlamanın təhsil sahəsində çox önəmli  hadisə olduğunu vurğuladı. Mövzu ətrafında gedən müzakirələr zamanı kollektivimizin üzvləri də bu tədbiri müsbət qarşıladıqlarını bildirdilər.

Məncə, bu işi hər bir müəllim müsbət qarşılamalı, fəaliyyətindəki geriliyi aradan qaldırmağa hökmən səy göstərməlidir. Ulu öndər Heydər Əliyev vaxtilə demişdir: "Öz üzərində işləməyən müəllim yaxşı müəllim ola bilməz".

Hər bir insan yeni dəblə geyinməyi xoşlayır. Libasımızı dəyişdiyimiz kimi, təfəkkürümüzü də, işimizə olan münasibəti də dəyişməyi bacarmalıyıq. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsədilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Mənə belə gəlir ki, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması  üçün diaqnostik yoxlamanın keçirilməsi labüddür.

Hər müəllim bu sınaqdan alnıaçıq çıxmaq üçün var qüvvəsi ilə çalışmalı, heç bir uğursuzluq onu ruhdan salmamalıdır. Diaqnoz vaxtında düzgün qoyulanda müalicəni uğurla başa çatdırmaq olar. Mən bütün həmkarlarıma uğurlar arzulayıram. 


"Bu sınaq müəllimlərin özünü təsdiq etməsi üçün gözəl fürsətdir" 

Təranə ƏLİYEVA,
Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
 

Bildiyimiz kimi, müəllimlərin peşəkarlıq səviyyəsinin diaqnostikasını aparmaq məqsədilə sınaq qiymətləndirilməsi keçiriləcək. Aydındır ki, bu, peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərin müəyyən edilməsindən sonra onların öz işinə məsuliyyətlə yanaşmasını, üzərlərində ciddi işləməsini təmin edən tədbirlərin həyata keçirilməsi, eləcə də təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Müəllimlərin sınaq qiymətləndirilməsi attestasiyaya hazırlıq məqsədi güdür və çox gözəl bir addımdır. Mən təhsil nazirinin müvafiq əmrini alqışlayıram. Çünki müəllimlərin özünü təsdiq etməsi üçün bu gözəl  fürsətdir. Belə ki:

-  sınaq qiymətləndirməsi nəticəsində peşəkar və qeyri-peşəkar müəllimlərin səviyyəsi üzə çıxacaq;

- valideynlər, sözün əsl mənasında, yaxşı müəllimi aşkar edə biləcək;

- müəllimlərin əməyi stimullaşdırılacaq;

- müəllimlərin repetitorluq etməsinə ehtiyac qalmayacaq.

Demək istərdim ki, özünə, savadına, peşəkarlığına güvənən müəllimlər hər kəsin qabiliyyətinin üzə çıxması üçün bu istiqamətdə müəyyən işlərin görülməsini çoxdan arzulayırdılar.

Ümid edirəm ki, sınaq qiymətləndirməsi çox obyektiv keçiriləcək, peşəkar müəllimlərimizin qabiliyyəti üzə çıxacaq və onlar öz layiqli qiymətlərini alacaqlar. Bu yolda peşəsinin bilicisi olan hər bir müəllimə uğurlar arzulayıram. 


"Müəllimlərin arasında yaxşı mənada rəqabət yaranacaq" 

Təranə ƏLİYEVA,
Bakıdakı  20 nömrəli məktəb-liseyin ingilis dili müəllimi,
iki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
 

Sirr deyil ki, aramızda 45 dəqiqəni başa vurmaqla öz işini bitmiş hesab edən, uzun illər boyu təlim  prosesini eyni metodla aparan, pedaqoji təcrübəsində heç bir dəyişiklik etmədən fəaliyyət göstərən müəllimlərimiz də var.

Buna görə də mən müəllimlərin sınaq qiymətləndirilməsinin  keçirilməsinə çox normal yanaşıram. Hesab edirəm ki, bu istiqamətdə hansısa formada müəyyən tədbirlərin keçirilməsinin vaxtı çoxdan çatmışdır.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Bəzən elə olur ki, müəllim öz təcrübəsində yenilikləri tətbiq edir, dərslərini interaktiv təlim metodlarına əsasən qurur və s. Amma bütün bunları formal olaraq yerinə yetirir, işin mahiyyətini başa düşmür. Mən çoxsaylı müşahidələrimə əsasən bu qənaətə gəlmişəm ki, müəllimin nəzəri cəhətdən hər  şeyi öyrənməsi hələ onun gözəl pedaqoq olmasına dəlalət etmir. Yəqin ki,  sınaqdan sonra həyata keçiriləcək tədbirlər, görüləcək işlər belə müəllimlərin  öz üzərində işləməsində, peşəsinin  bacarıqlı mütəxəssisi kimi formalaşmasında mühüm rol oynayacaq.

Cəmiyyətdə hər bir  sahədə olduğu kimi, təhsildə də rəqabət olmalıdır. Ümid edirəm ki, bu sınaq qiymətləndirməsi təhsil sahəsində yeni bir mərhələnin başlanğıcı olacaq, yaxşılar layiqli qiymətlərini alacaq, digərləri isə onlara baxıb daha səmərəli işləməyə çalışacaqlar. Bu, müəllimlərin arasında yaxşı mənada rəqabətin yaranmasına, son nəticədə isə təhsilin keyfiyyətinin  artmasına səbəb olacaq, şagirdlərdə müəllimlərə inam yaranacaq.


"Hər kəs layiq olduğu dəyəri almalı və olduğu kimi tanınmalıdır"  

Qənirə ƏMİRCANOVA,
Bakıdakı 190 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
 pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim
 

Bugünki təhsildən müəllim, şagird və valideynlər çox şey gözləyirlər. 20 illik pedaqoji  təcrübəsi olan müəllim kimi  deyə bilərəm ki, öz işinin  ustası olan  müəllimlərlə yanaşı, bilik və bacarığını  lazımi səviyyədə  tətbiq edə bilməyən müəllimlər də yox deyil. Bu məqamı da sınaq qiymətləndirməsi üzə çıxaracaq. Məktəblərimiz  də  on il əvvəlki  məktəblər deyil. Dövlət Strategiyasında təhsil sahəsində insan resurslarının müasirləşməsi tələbi nəzərdə tutulur. Bu da, öz növbəsində, innovativ təlim  metodlarının tətbiqini  vacib edir. Burada məqsəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq təhsilin məzmununun  səmərəli  mənimsənilməsini  təmin  edən  yüksək  nüfuzlu   təhsilverənləri  formalaşdırmaq,  yetişdirməkdir. Bunun üçün  də müəllimlərin  peşəkarlıq  səviyyəsinin  daim yüksəlməsi, əlavə  təlim  ehtiyaclarının  müəyyənləşdirilməsi  və ixtisasartırmada  müvafiq  təlim-tədris  proqramlarının   seçilməsinin təmin  edilməsi  çox  vacibdir. Nəticədə məqsəd müəllimin  karyera  inkişafı və fəaliyyətinin stimullaşdırılmasını   təmin edən yeni  sistemin  yaradılmasını  təşkil  etməkdir. Bax  budur Təhsil  Nazirliyinin  mövqeyi  və məramı: hər kəs  layiq  olduğu  dəyəri  almalı  və   olduğu  kimi  tanınmalıdır. Müəllimlik elə  bir  peşədir ki, bu  peşə  sahibləri   həmişə  axtarışda  olmalıdır. Əgər  müəllim  öz üzərində  işləmirsə, dərslərini  zamanın  tələbinə  uyğunlaşdırmırsa, şəxsiyyətyönümlü  tərbiyədən  söhbət gedə bilməz. Əslində  sınaq qiymətləndirmə  bir  diaqnozdur  və  hesab edirəm ki, belə  yanaşma düzgündür, çünki idarəçilik  məharəti  iki  ünsürdən - ədalətlə  cəzalandırmaqdan  və ədalətlə  təltif  etməkdən  ibarətdir.

 


"Sınaq qiymətləndirilməsini inkişafyönümlü layihə kimi dəyərləndirirəm" 

Sevinc ƏLİYEVA,
Bakı Modern Məktəbinin ibtidai sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
 

Müəllimlərin hazırlığının ilkin diaqnostikası məqsədini daşıyan sınaq qiymətləndirilməsi, şübhəsiz ki, təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan mühüm addımlardandır. Bu sınaq müəllimlərin öz zəif cəhətlərini öyrənmələrinə, bilik və peşəkarlıqlarının artırılmasına xidmət edir. Digər tərəfdən, qiymətləndirmənin  nəticəsindən asılı olaraq müəllimlərin xüsusi kurslara göndərilməsi onların təlim prosesini günün tələbləri səviyyəsində  aparmasında mühüm rol oynayacaqdır.

Sınağın indiki dövrdə böyük əhəmiyyət daşıyan sosial-iqtisadi tərəfini də unutmaq olmaz. Söhbət, təbii ki, müəllim əməyinin qiymətləndirilməsindən gedir. Qiymətləndirmədə yüksək nəticə göstərmiş müəllimlərin əməyinin rəğbətləndirilməsi nəzərdə tutulmuşdur ki, bu da sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də onların öz peşə bacarıqlarını, bilik və səriştələrini artırmaqda stimul rolunu oynayacaqdır.

Sınaq qiymətləndirilməsini inkişafyönümlü layihə kimi də dəyərləndirmək olar, çünki bu müəllimlərin hazırlıq səviyyəsinin, bütövlükdə məktəb işinin inkişafına xidmət edir. Yaxşı müəllim olmaq üçün isə daim axtarışda olaraq öyrənmək, öyrənməyi bacarmaq, öyrənərək öyrətmək lazımdır. 

Hazırladı:  Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov