Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Musiqi Kollecində  bəstəkar Ramiz Mirişli ilə görüş olub

 

Böyütmək üçün şəkili seçinTanınmış Azərbaycan bəstəkarı,  qəlboxşayan bəstələri, incə, lirik mahnıları ilə neçə-neçə nəsillərin musiqi zövqünü oxşamış, bədii-estetik duyumunun formalaşmasında yardımçı olmuş Azərbaycan Respublikasının xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenli Ramiz Mirişlinin bu il 80 yaşı tamam olur. Bu münasibətlə mayın 30-da Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecində Ramiz Mirişli ilə görüş və ona həsr olunmuş konsert keçirilmişdir. Görüşün mayın 30-na - "Son  zəng" gününə salınması təsadüfi olmayıb, rəmzi məna kəsb edirdi. Axı Ramiz Mirişli özü də vaxtı ilə bu Musiqi Kollecinin məzunu olmuşdur. Görüşün həmin gün təyin olunması həm də tədbirin tələbələrin yaddaşına maraqlı bir hadisə kimi həkk olunmasında  mühüm rol oynamışdır.

Tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov giriş sözü ilə açaraq keçmiş məzunlarını salamlamış, onu yenidən doğma  təhsil ocağında görmələrindən məmnunluq duyduqlarını söyləmişdir. Sonra o, Ramiz Mirişlinin həyat yolu və yaradıcılığı haqqında məlumat verərək tanınmış bəstəçinin çoxlu sayda lirik mahnının, filmlərə yazılmış musiqinin, simfonik əsərlərin müəllifi olduğunu bildirmişdir. Çıxışında Ramiz Mirişlini həm də fəal ictimai xadim, gözəl pedaqoq kimi səciyyələndirən N.Kazımov onun bu istiqamətlərdəki fəaliyyətindən də söz açmış, musiqi kadrlarının hazırlanmasında əvəzsiz xidmətlər göstərdiyini vurğulamışdır.

N.Kazımov çıxışının sonunda 80 illik yubileyi münasibəti ilə Ramiz Mirişlini təbrik etmiş, ona möhkəm sağlamlıq və yeni yaradıcılıq uğurları arzulamışdır.

Səmimi görüş üçün minnətdarlığını bildirən Ramiz Mirişli görüşün onu təsirləndirdiyini dilə gətirmiş, öz ürək sözlərini müəllim və tələbələrlə bölüşmüş, kollecdə oxuduğu illərdən xatirələr danışmışdır.

Sonra səhnə Musiqi Kolleci tələbələrinin ixtiyarına verilmiş, onlar maraqlı konsert proqramı nümayiş etdirmişlər.

Nəfəs və zərb alətləri orkestrinin çıxışı ilə başlayan konsertdə Ramiz Mirişlinin mahnıları ifa olunmuş, eyni zamanda tar, klarnet, trombon alətlərində müxtəlif əsərlər səslənmişdir. Konsert Musiqi Kollecinin xalq çalğı alətləri ansamblının çıxışları ilə başa çatmışdır. Ansamblın müşayiəti ilə kollecin IV kurs tələbəsi Nuranə Şıxəliyevanın ifa etdiyi sözləri Fikrət Qocaya, musiqisi Ramiz Mirişliyə məxsus "Bir xumar baxışla" mahnısı və digər musiqi nömrələri həm də konsertin ən təsirli anları kimi yadda qalmışdır.

Sonda yubilyar bəstəkarla xatirə şəkli çəkdirilib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov