İyunun 11-də Qafqaz Universitetində bu ali təhsil
müəssisəsinin XVII buraxılşına həsr olunmuş "Məzun-2014"
mərasimi keçirildi. "İldən-ilə böyüyən ailəmizlə
Qafqazdan dünyaya" devizi ilə düzənlənən tədbirdə
məzunları təbrikə gəlmiş dövlət qurumlarının
təmsilçiləri, Milli Məclisin deputatları, ölkəmizin və
Türkiyənin bir sıra ali məktəblərinin nümayəndələri,
valideynlər iştirak edirdilər. Mərasimdə çıxış edən
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç
qonaqlara təşrif üçün minnətdarlığını bildirdi və
məzunları təbrik etdi. Rektor 3700 tələbəsi olan
universitetlərinin ulu öndər Heydər Əliyevin xeyir-duası
ilə 1993-cü ildə fəaliyyətə başladığını və indiyə qədər
ölkəyə 4 minədək məzun verdiyini, ildən-ilə inkişaf edən
təhsil ocaqlarına Azərbaycan Prezidenti İlham Əliyevin
diqqət göstərdiyini qeyd etdi. Bildirdi ki,
texnologiyalar və innovasiyalar əsri olan XXI əsrdə
dövrün tələbləri və çağırışlarına cavab verən
yüksəkixtisaslı mütəxəssislər hazırlanmasını əsas
hədəfi sayan universitet dünyanın çoxlu sayda
universiteti ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
Qeyd olundu ki, bu il Qafqaz Universitetini 660 gənc
bitirir. Onlardan 170-i magistratura pilləsinin
məzunudur. Bu il universitetə 930 plan yeri ayrılıb ki,
bu da ötən ildəkindən 128 yer çoxdur. Plan yerlərinin
530-u dövlət sifarişli yerdir.
Tədbirdə illərlə davam edən ənənəyə uyğun olaraq təhsil
aldıqları dövrdə bilik yarışlarında, olimpiadalarda,
yaradıcılıq müsabiqələrində fərqlənmiş, bölmə, fakültə,
universitet birincisi olan məzunlara hədiyyələr təqdim
edildi. ARDNŞ-ın vitse-prezidenti, Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzi İctimai Birliyi İdarə Heyətinin sədri
Xalik Məmmədov, Koreya Respublikasının Azərbaycandakı
səfiri Çoi Suk-in, Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Ədalət Muradov, "Azərkimya"
İstehsalat Birliyinin direktoru Muxtar Babayev,
Türkiyənin Hacettepe Universitetinin dekanı Mehmet Dəmir
Həsən, Milli Məclisin deputatı Arif Əşrəfov və başqaları
çıxış edərək məzunlara təbriklərini çatdırdılar, onlara
uğurlar arzuladılar.
Mərasim tələbələrin hazırladıqları bədii hissə ilə
davam etdirildi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |