Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun 2014 - №22

 

İnstitutda beynəlxalq elmi konfrans işə başlayıb

 

Böyütmək üçün şəkili seçin11-13 iyun tarixlərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda III Beynəlxalq elmi konfrans keçirilir. İyunun 12-də BPKİYİ-nin 75 illik yubileyinə həsr olunmuş tədbir başlamazdan öncə iştirakçılar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər düzdülər, akademik Zərifə xanım Əliyevanın da xatirəsi hörmətlə yad edildi. Şəhidlər xiyabanını ziyarət edən konfrans iştirakçıları daha sonra Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin fəaliyyəti ilə tanış olmaq məqsədilə bu təhsil müəssisəsinə gəldilər.

Sonra tədbir BPKİYİ-nin akt zalında keçirilən plenar iclasla davam etdirildi.

Konfransda BPKİYİ-nun rektoru Asəf Zamanov iştirakçıları salamlayaraq bu beynəlxalq tədbirdə iştirakı vacib və zəruri saydıqları üçün bütün nümayəndələrə, xüsusən də xarici qonaqlara minnətdarlığını bildirdi.

Konfransın rəhbərlik etdiyi institutun 75 illik yubileyinə təsadüf etdiyini diqqətə çatdıran rektor BPKİYİ-nin keçdiyi tarixi inkişaf yolu haqqında ətraflı məlumat verdi.

A.Zamanov "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusuna həsr edilmiş konfransın əhəmiyyətindən söz açdı. İki il öncə həmin mövzuda keçirilmiş və mövzu ilə bağlı aktual məsələləri, eləcə də gələcək beynəlxalq əməkdaşlıq yollarını müzakirə etmiş beynəlxalq tədbirin bu istiqamətdə müsbət nəticələrindən biri olduğu vurğulandı. Rektor təhsilin səviyyəsinin ölkənin inkişaf səviyyəsi ilə bilavasitə bağlı olduğunu qeyd edərək son illər ölkəmizdə iqtisadi sahədə stabil artım baş verdiyini, həyatın bütün sahələrində, o cümlədən təhsildə yüksək inkişafa nail olunmasına hədəflənmiş irimiqyaslı layihə və proqramların həyata keçirildiyini diqqətə çatdırdı. Bu baxımdan ölkə Prezidentinin xüsusi sərəncamı ilə ötən il oktyabrın 24-də təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı xüsusi qeyd edən natiq bu mühüm sənədin ölkəmizdə təhsilin yeni keyfiyyət səviyyəsinə qaldırılmasına yönəldiyini bildirdi və onun əsas strateji istiqamətlərini diqqətə çatdırdı.

Rektor innovasiya, təhsilin keyfiyyəti və inkişafı ilə bağlı son illər institutlarında görülmüş işlərdən və əldə olunmuş uğurlardan da söz açıb, III Beynəlxalq konfransın bu işlərə yeni təkan verəcəyinə əminliyini bildirdi.

Daha sonra çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Natiq İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Belarusun Azərbaycandakı səfirliyinin nümayəndəsi Dmitriy Afsyanskiy, Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru, professor Andrey Monastırnı, BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, Türkiyə Respublikasının Hacettepe Universitetinin professoru İsmayıl Haqqı, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Rahim Əzizov, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Sübhan Namazov, gürcüstanlı qonaq Manana Kacaya, Sumqayıt Dövlət Universitetinin əməkdaşı Ramazan Məmmədov, Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Rəcəb Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Sevil Məmmədova və başqaları BPKİYİ-nin fəaliyyətini, burada həyata keçirilən tədbirləri,  xüsusən xarici ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işləri çox yüksək dəyərləndirdiklərini bildirdilər. Müasir dünyada elmin, təhsilin önəmli rolundan bəhs edən natiqlər bu beynəlxalq tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq konfransın işinə uğurlar arzuladılar.

Bir neçə iştirakçıya sertifikat təqdim olunduqdan sonra konfransın plenar iclası başa çatdı. Proqrama uyğun olaraq konfrans öz işini  iki gün ərzində bölmələrdə davam etdirir.

Verilən məlumata görə, konfransın proqramına xarici ölkələrin, eləcə də Azərbaycanın alim və mütəxəssislərinin 120 məruzəsi daxil edilib. 

Hicran ƏKBƏROVA,
foto Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov