Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Azərbaycan nümayəndə heyəti daha bir beynəlxalq elmi konfransda iştirak edib

 

Böyütmək üçün şəkili seçinBakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov Kompozit Materiallar Mexanikası üzrə XVIII Beynəlxalq elmi konfransın Təşkilat Komitəsinin sədri, "Mechanics of Composite Materials" dövri elmi jurnalının baş redaktoru, Avropa Elmlər Akademiyasının və Latviya Elmlər Akademiyasının akademiki Vitauts Tamujun dəvəti əsasında 2-6 iyun 2014-cü il tarixlərdə adıçəkilən beynəlxalq konfransda iştirak edib. Dünyanın 30-dan çox ölkəsindən 200-ə qədər alimin iştirak etdiyi konfransın 3 əsas bölməsindən birinə - "strukturlar" bölməsinə professor Asəf Zamanov rəhbərlik edib. Qeyd etmək yerinə düşər ki, konfransın Beynəlxalq Təşkilat Komitəsinin 11 ölkədən olan 15 üzvündən biri bizim institututun əməkdaşıdır. Konfransın əsas təşkilatçılarından biri impakt-faktor göstəricili, Riqada rus dilində, Nyu-Yorkda ingilis dilində nəşr edilən, Azərbaycandan ilk dəfə professor Asəf Zamanovun redaksiya heyətində təmsil olunduğu "Mechanics of Composite Materials" beynəlxalq elmi jurnalıdır. Konfransda A.Zamanov elmi rəhbəri olduğu doktorantlarla birgə son vaxtlar alınmış elmi nəticələr əsasında iki məruzə ilə çıxış edib. Məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Konfransda iştirak edən xarici ölkə universitetlərinin mütəxəssisləri - məsul şəxsləri ilə gələcək əməkdaşlığa dair məsələlər də müzakirə edilib. Litva Edukalogiya Universitetinin (Lithuanian University of Educational Sciences) rektoru akademik Algirdas Qayjutis professor Asəf Zamanovu rəhbərlik etdiyi universitetə dəvət edib. Litva Edukalogiya Universitetində baş tutan görüşdə rektorlar rəhbərlik etdikləri ali məktəblərin fəaliyyət istiqamətləri, uğurları barədə məlumat veriblər. Görüşün nəticəsi olaraq elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə hazırlanıb və rektorlar tərəfindən imzalanıb. Müqaviləyə əsasən tərəflər elmi-pedaqoji kadr potensialı, həmçinin maddi-texniki bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji kadrların və təhsil müəssisələrinin rəhbərlərinin ixtisaslarının artırılması, Azərbaycanda və Litvada beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin təşkili, yeni pedaqoji texnologiyaların  tətbiqi, müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyi ilə təhsil layihələrinin reallaşdırılmasında birgə iştirak edəcəklər.

Qeyd etmək yerinə düşər ki, Litva Edukalogiya Universiteti ilə əməkdaşlığın reallaşmasında ölkəmizin Litvadakı səfiri Həsən Məmmədzadənin xüsusi rolu olub.  

Sevinc QULİYEVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov