Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

İşğal altında olan rayonlarımızı tanıyaq

Ağdam

 

Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran və Xocavənd, həmçinin Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 1,15 min kv. km, əhalisinin sayı isə 186,1 min nəfərdir (01.04.2013). Rayon kimi yaranma tarixi 08.08. 1930-cu il. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı), 123 kənd vardı.

Rayonun mərkəzi olan Ağdam Bakıdan 362 km məsafədə, Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün cənub-qərbindədir.

Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan memarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Tariximizin sirdaşı, ev ünvanı olan bu abidələr Ağdamın keçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq verir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi mənəvi abidələr aşkar edib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.

Böyütmək üçün şəkili seçinAğdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayon idi.

Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları, Üzeyir Hacıbəyov adına musiqi texnikumu, Ə.Haqverdiyev adına    Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Həmçinin, 38 kolxoz və sovxoz, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 67 idarə, 99 klub işğal altında qalmışdır.

Rayon ərazisinin 1700 hektarı meşəlik, 28 min hektar sahə isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti, əsasən, pambıqçılıq, üzümçülük və heyvandarlıqdı.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür, 1988-ci ilin son aylarında Ermənistandan-öz dədə-baba yurd-yuvasından, daha sonra isə Dağlıq Qarabağdan doğma ocaqlarından qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın ətrafında yerləşən rayonlara da dişini qıcadı.

 Ermənistanın separatçı hakimiyyəti bəzi xarici dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum həmin ilin iyul ayının 23-də Ağdamın işğalı ilə başa çatdı. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə düşmən ayağı dəyməyən Ağdam beşillik mübarizədən sonra işğal olundu.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə-yeksan edildi. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min (1993) nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.   

Rəsmi materialların əsasında hazırlanıb

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov