Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Bakı məktəblisi beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görülüb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıdakı G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 10-cu sinif şagirdi Atabala Manafzadə 2014-cü il 6-9 iyun tarixlərində   İsveçin Stokholm şəhərində keçirilən III beynəlxalq musiqi müsabiqəsində uğurla iştirak edib.  İsveçin "Konçertante" Assosiasiyası, "Maestro Akademiya" təşkilatı və Rusiyanın Gertsen adına Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə gerçəkləşən  müsabiqəyə ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çin, Estoniya, Serbiya, Yaponiya, İtaliya, Fransa və digər ölkələrdən 5 yaş qrupu üzrə 150 yeniyetmə gənc pianoçu qatılıb. Beynəlxalq münsiflər heyətinin qərarına əsasən  Atabala Manafzadə I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.  İstedadlı gənc eyni zamanda  bu il 11-17 iyun tarixlərində Almaniyanın Muehlaker şəhərində keçirilmiş "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" adlı IV beynəlxalq müsabiqədə də iştirak edib və ən yüksək mükafata - Qran-pri mükafatına layiq görülüb.

Qeyd edək ki,   A.Manafzadə  ilk uğuruna  2009-cu ildə imza atıb. O, gənc pianoçularn II respublika müsabiqəsində  I dərəcəli diploma layiq görülüb. 2010-cu ildə Polşanın Azərbaycandakı səfirliyi  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş uşaq və gənclər üçün F.Şopen müsabiqəsində, istedadlı uşaqların respublika müsabiqəsində, gənc pianoçuların festivalında  uğurlu ifalarına görə diplomlarla mükafatlandırılıb. 2012-ci ildə isə  Belqrad şəhərində IX Davorin Jenko beynəlxalq müsabiqəsinə qatılaraq iki yaş kateqoriyasında I dərəcəli mükafat və fəxri laureat adı qazanıb. 2012-ci  ildə  Atabalanın adı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə  gənc istedadların "Qızıl kitabı"na yazılıb və o,  Prezidentin  xüsusi aylıq təqaüdünə layiq görülüb.

Çoxlu sayda  mükafatlar sahibi olan paytaxt məktəblisi  Bakıdakı 4 nömrəli tam orta məktəbdə təhsil alır.  Onunla görüşdükdə söylədi ki,   beynəlxalq müsabiqələrdə  dünya bəstəkarlarının - V.Motsartın, F.Listin, İ.Baxın, R.Şumanın, Ü.Erikin, Qara Qarayevin  və digərlərinin əsərlərini sevə-sevə ifa edir və gələcəkdə  böyük musiqiçi olacağına ümid bəsləyir. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov