Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Qarşıda qələbə günümüz var

 

Zəngin biliyi, dünyagörüşü, xarakteri və xoş  davranışı ilə hamıya nümunə olan müəllimlər gənc nəslin tərbiyəsində müstəsna rol oynayır. Xoşbəxt o müəllimdir ki, onu şagirdləri bir ömür boyunca hər zaman xatırlayır. İlk gənclik illərindən yorulmadan hər səhər dərsə, şagirdlərinin yanına tələsən təcrübəli pedaqoqlarımızdan biri də Bakıdakı 129 nömrəli tam orta məktəbdə çalışan İsfəndiyar Əliyevdir. 1981-ci ildən bu məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işləyən İsfəndiyar Əliyevin dərs dediyi şagirdlərin səsi bu gün səriştəli mütəxəssis kimi  neçə-neçə elm ocaqlarından, hərbi hissələrdən gəlir. Ömrünü gənclərin vətənpərvərlik tərbiyəsinə həsr edən İsfəndiyar müəllimin ən ali məqsədi işlədiyi illər ərzində torpağını sevən, vətəninin müdafiəsinə daim hazır olan vətənpərvər gənclər yetişdirməkdən ibarət olub.  Ürəyi vətənə, şagirdlərinə məhəbbət hissi ilə döyünən İsfəndiyar müəllim həm də maraqlı müsahibdir:

- Doğulduğum Lənkəran rayonunun Vilvan kəndi təbiətinə görə respublikamızın ən axar-baxarlı yerlərindən biridir. İllərdir ki, paytaxtda yaşasam da, ürəyim hər zaman ilk  beşiyim olan Vilvanla döyünür.

- Yəqin ki, kənddən uzaq düşməyinizin əsas səbəbi ali təhsil almağınızla bağlı olub?

Böyütmək üçün seçin- Əslində, qısa həyat tarixçəm belədir: 1968-ci ildə orta məktəbi bitirəndən sonra kəndimizdəki 8 illik məktəbdə pioner baş dəstə rəhbəri işləyirdim. Bir gün ordu sıralarına çağırıldım və Almaniya Demokratik Respublikasına göndərildim. Xidmət illərim mənim üçün çox yaddaqalan oldu. Hər şeydən əvvəl dünyagörüşüm zənginləşdi. Orta məktəbdə oxuduğum illərdə Böyük Vətən müharibəsi barədə kitablardan oxumuş, yaşlıların, müharibə iştirakçılarının söhbətlərini dinləmiş, kinofilmlərə baxmışdım. Amma Almaniyada qulluq edərkən çox mətləblər mənə aydın oldu...

Elə o illərdə məndə hərb sənətinə güclü bir meyil oyandı. Adam silahların dilini öyrəndikcə, texnikaya dərindən bələd olduqca insanpərvərliyə daha çox köklənir. Həyatın, insanlığın, humanizmin dəyərini daha çox anlayır.

Beləliklə, mən Almaniyadan vətənə  gənc zabit kimi qayıtdım. Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olundum. Ali məktəbi bitirdikdən sonra 1981-ci ildə 129 nömrəli tam orta məktəbdə  əmək fəaliyyətimə başladım. Artıq 34-cü ildir ki, bu məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işləyirəm.

- "Vətənpərvərlik insanda südlə-sümüklə yoğrulur" deyiminə münasibətiniz?

- Vətənpərvərlik ata-ananı sevməkdir. Ata-ananı sevmək vətəni sevməkdir. Torpağının, vətəninin qədrini bilməyən övlad təbii ki, valideyninin də qədrini bilməyəcək. Azərbaycan övladı mərddir, qorxmazdır. Əgər belə olmasaydı, bu gün respublikamızın hər bir rayonunda, şəhərində şəhidlər xiyabanı olmazdı. Bu gün o xiyabanlarda uyuyan şəhidlərin başdaşları bizi hər zaman vətənimizi qorumağa, tökülən qanların qisasını almağa səsləyir. Heç təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun 10 illik yubileyində Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva  vətənpərvərlik mövzusunu dövrün tələbi kimi səsləndirmişdir.

- Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində  illərin təcrübəsinə maliksiniz.

- Təkcə son bir ildə qazandığım nailiyyətlərim göz qabağındadır. Gənclərin çağırışaqədərki hazırlığı dərsliyinin hazırlanmasında, araya-ərsəyə gəlməsində, proqramın tərtib edilməsində ekspert şurasının tərkibində mən də iştirak etmişəm.  

İsfəndiyar müəllimin yaratdığı baza-kabinet  

129 nömrəli tam orta məktəbdə İsfəndiyar müəllimin rəhbərlik etdiyi gənclərin çağırışaqədərki hazırlıq fənn kabineti 2005-ci ildən Nizami və Nərimanov rayonları arasında baza-kabinet kimi fəaliyyət göstərir. Bu, respublikamızda ən nümunəvi baza- kabinetlərdən sayılır. İsfəndiyar müəllimin uzun illər ərzində min bir zəhmət bahasına, böyuk şövqlə, peşəsinə sonsuz məhəbbətlə qurub-yaratdığı, müasir tələblərə cavab verən bu baza-kabinet məktəblilərin ibtidai hərbi hazırlığının yüksək səviyyədə təşkil olunmasına təminat verir. Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunaraq kabinetə hədiyyə edilmiş plakatlar və digər əyani vəsaitlər də ilbəil yeniləşir və təkmilləşdirilir. Fənn üzrə bütün yeniliklər şagirdlərə bu baza-kabinet vasitəsilə çatdırılır. Respublika və rayondaxili təhsil ocaqları arasında keçirilən "Şahin", "Cəsurlar" hərbi idman yarışlarında İsfəndiyar müəllimin  yetirmələrinin qazandığı uğurlar məhz bu baza-kabinetdə öyrəndikləri hərbi biliklərin və vərdişlərin sayəsindədir. Təcrübəli müəllim otən bu illər ərzində əldə etdiyi yüksək bilik və bacarığını yeniyetmələrdən əsirgəməyib, onların fiziki cəhətdən sağlam, vətənə gərəkli, vətənpərvər gənc kimi yetişməsinə xüsusi səy göstərib və bu sahədə həmişə uğur qazanıb. 

Bu günün şagirdi sabahın əsgəridir 

Vətən uğrunda vuruşan, canından keçən mərd igidlərimizin şərəfli ömür tarixçəsini, həmçinin vətənə məhəbbət, torpağa sevgi kimi ülvi hissləri yetişməkdə olan gənc nəslə aşılamaq İsfəndiyar müəllimin əsas iş prinsiplərindəndir. Onun tədris etdiyi hərbi dərslər təkcə nəzəri biliklər, silah növləri, qumbaralar, minalar və zirehli texnikalar haqqında, həmçinin Silahlı Qüvvələrimizin nizamnaməsi barədə məlumat verməklə bitmir. Eyni zamanda hər ilin payız aylarında Nizami Rayon Hərbi Komissarlığı ilə rayon icra hakimiyyətinin birgə razılığı əsasında məktəblilər hərbi hissələrə aparılır. Şagirdlər burada  əsgər və zabitlərlə görüşür, onların gündəlik xidməti vəzifələri ilə maraqlanır, hərb sənətinin sirləri, zirehli texnika ilə əyani şəkildə tanış olurlar. Beynəlxalq aləmdə silah növlərinin daim yeniləşdiyi və təkmilləşdiyi bir zamanda İsfəndiyar müəllimin fikrincə bu cür praktiki dərslərin əhəmiyyəti çox böyükdür. Çünki gənclərin hərbi hazırlığının təkmilləşdirilməsi onların bilavasitə dünyagörüşlərinin formalaşmasına güclü təkan verir. Bu bir faktdır ki,  onun yetirmələri məhz hərbi biliklərin yüksək səviyyədə öyrənilməsi, aparılan dərslərin səmərəliliyi sayəsində əldə etdikləri bilik və bacarıqları ilə Azərbaycan Silahlı Qüvvələrində nümunəvi xidmətlərinə görə hər zaman fərqlənirlər.  

Çəkilən zəhmət səmərəsiz qalmır 

Qarşımda müxtəlif təşkilatlardan İsfəndiyar Əliyevin adına ünvanlanmış xeyli sayda diplomlar, təşəkkür məktubları, fəxri fərmanlar var. Onları bir-bir nəzərdən keçirirəm. Müxtəlif illər ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Pedaqoji sahədə səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə" fəxri fərman, Respublika Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, həmçinin Nizami rayon Hərbi Komissarlığı, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilən diplomlar, təşəkkür məktubları, çalışdığı təhsil ocağından verilmiş neçə-neçə fəxri fərmanlar ehtiyatda olan zabit İsfəndiyar Əliyevin əməyinə verilən qiymətdir. Bu təşəkkür məktublarında, fəxri fərmanlarda və diplomlarda təcrübəli pedaqoqun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında hərbi bilik və bacarığını əsirgəməyərək üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi neçə illik səmərəli fəaliyyəti yüksək dəyərləndirilir. Yeniyetmələrin RHK-da çağırış məntəqəsinə təhkim edilməsində, çağırışçıların sənədlərinin vaxtında toplanıb verilməsində İsfəndiyar müəllimin  xidmətləri nəzərəçarpandır. C.Naxçıvanski adına hərbi liseyə və ali hərbi məktəblərə namizədlərin seçilməsində şagirdlər arasında dəqiq araşdırmalar  aparan İsfəndiyar müəllimin yetirmələrinin çoxu orduda nümunəvi xidmət edərək  zabit peşəsinə yiyələnir.  

"Müəllim adımla fəxr edirəm" 

Bu il fevralın 15-də İsfəndiyar müəllimin 63 yaşı tamam oldu. Geridə nələr qaldı? Şərəfli müəllim ömrü!

İsfəndiyar müəllim bu barədə özü belə deyir:

- Çalışdığım məktəbdə təlim-tərbiyənin, tədrisin səviyyəsi  çox yüksək vəziyyətdədir. Müəllim peşəsindən söhbət düşəndə ulu öndərimizin vaxtilə dediyi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" kəlamını qürurla xatırlayıram. Bu sözlər  hər zaman məni daha həvəslə, daha gərgin işləməyə ruhlandırır. Bunu etiraf etmək çox xoşdur ki, işimdən zövq alır, şərəfli və müqəddəs peşə olan müəllim adımla fəxr edirəm.

Həyat yoldaşım Kifayət xanım da müəllimdir. Oğullarımız Taleh və Araz  halal müəllim çörəyi ilə böyüyüb. İki nəvəmiz var, böyüyü birinci sinifdə oxuyur.

Məqsədim vətənə sədaqətlə qulluq etmək, torpaqlarımızın erməni işğalından azad olunmasında  gənc vətənpərvərlər yetişdirməkdən ibarətdir. Dönüb geriyə boylananda 34 illik müəllimlik fəaliyyətimi, işıqlı, nurlu, zəkalı şagirdlərimi görürəm. Amma daha çox qarşıya, sabaha boylanmaq istəyirəm. Çünki qarşıda Ali Baş Komandanımızın rəhbərliyi  sayəsində qazanacağımız Qələbə günümüz var.  

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov