"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq
təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli
qərarı ilə dəyişiklik edilib.
Təhsil Nazirliyinin Azərbaycan Respublikası
Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli
sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"nın icrası və Dövlət Proqramı
çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə
tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün
mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində
həyata keçirdiyi islahatlar davam etməkdədir.
Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil
Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər
əsasında, eyni zamanda Nazirlik tərəfindən Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik
nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar
nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan
tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların
təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun
olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin
olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən
ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq
təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli
qərarı ilə dəyişiklik edilib.
Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək
olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko
şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği
1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ
dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin
(Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin
məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ
dollarına qaldırılıb.
Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.
http://cabmin.gov.az/?/az/pressreliz/view/1379/
Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan
bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun
olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq,
Azərbaycanın gələcək inkişafı və xalqımızın rifahı
naminə aparılan islahatlar prosesinə öz töhfələrini
verəcəklər.
Dövlət Proqramının effektiv və səmərəli icrası
istiqamətində islahatlar bundan sonra da davam
etdiriləcəkdir. |