Bakı
Dövlət Universitetinin Qubanın II Nügədi kəndindəki
Tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın
genişləndirilmiş iclası keçirilib.
Əvvəlcə toplantı iştirakçıları mərkəzdəki ümummilli
lider Heydər Əliyevin büstü önünə əklil qoyub,
xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov
respublikamızda təhsilə yüksək dövlət qayğısından, bu
sahənin dinamik inkişafından söz açıb. Rektor bildirib
ki, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas
amillərdən biri hesab edən Prezident İlham Əliyev bu
sahəyə çox yüksək diqqət və qayğı göstərir. Bu uğurlu
siyasətin BDU-ya da dəyərli töhfə verdiyi, Azərbaycanın
beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına
zəmin yaratdığı qeyd olunub.
Tədbirdə Quba Tədris-təcrübə və istirahət mərkəzi
haqqında ətraflı məlumat verilib. Mərkəz 2013-cü il
sentyabrın 18-də Prezident İlham Əliyev və Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın iştirakı ilə açılıb. Eyni
zamanda 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə
universitetdə təhsil alan tələbələr üçün müxtəlif tədris
təcrübələri keçmək, eləcə də müəllim və tələbələrin
istirahəti üçün hər cür şərait yaradılıb.
Toplantıda Quba Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Ağayev və Milli Məclisin deputatı Vahid Əhmədov
çıxış edərək ölkəmizin təhsil, eləcə də digər sahələrdə
əldə etdiyi uğurlardan söz açıblar.
İclasda BDU-nun tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva
2013-2014-cü tədris ilində Yekun Dövlət Attestasiyası və
yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və
istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı məruzəsi
ilə çıxış edib.
Elmi Şuranın iclasında elmi adların verilməsi, yay
semestrinin təşkili, yay imtahan sessiyasında iştirak
edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris
planlarının təsdiqi, AMEA-nın yeni seçilmiş həqiqi və
müxbir üzvlərinin, o cümlədən yubilyarların təbrik
edilməsi, həmçinin ilin nəticələrinə görə seçilənlərin
mükafatlandırılması kimi məsələlərə baxılıb.
Mətbuat və
informasiya şöbəsi |