Stimul keyfiyyət amilidir
Əjdər
AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Son zamanlar bir qayda olaraq müəllimlik ixtisasına
qəbul imtahanında aşağı bal toplayanlar gəlirlər. Hətta
bəzi valideynlər arasında övladının bir ixtisas qazana
bilməyəcəyi təqdirdə, heç olmasa, müəllim olmasını
arzulayanlar vardır. Bu cür düşüncələrin nəticəsində
müəllim hazırlığının keyfiyyəti həqiqətən aşağı düşür.
Son bir neçə ildə isə vəziyyət nisbətən dəyişməyə
başlamışdır. Müəllimlik ixtisasını seçənlər arasında
500-dən yuxarı bal yığanlar vardır.
Mən bu qənaətə Qafqaz Universitetinin tələbələrinin
nümunəsində gəlirəm. Bu universitetdə 500 və 500-dən
yuxarı balla müəllimlik ixtisasını seçənlər ödənişsiz
təhsil alırlar.
Ötən tədris ilində pedaqoji fakültəyə qəbul olunan 338
tələbənin əksəriyyəti 500 dairəsində, 33 nəfəri 600-dən
yuxarı, 1 nəfəri isə 700 bal toplamış abituriyentlərdir.
Təcrübə göstərdi ki, qəbulda yüksək bal toplamış
abituriyentlərə ödənişsizlik missiyasının verilməsi
onların pedaqoji fakültəyə gəlmələrini
stimullaşdırmışdır. Bu, bir universitetin təcrübəsidir.
Yaxşı haldır ki, Təhsil Nazirliyi pedaqoji kadr
hazırlığının keyfiyyətini yüksəltmək məqsədi ilə yeni
layihələr irəli sürür. Bu layihələr bütün pedaqoji
təhsil verən ali məktəblərə aiddir.
Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal
toplayan, ixtisas seçimində birinci müəllimlik
ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat
məbləğində təqaüdün verilməsinin Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilməsi, heç şübhəsiz,
stimullaşdırıcı təsir göstərəcəkdir. Fikrimcə, yaxşı
olardı ki, bu tələbələrin təlim-tərbiyə fəaliyyəti
izlənilsin, nəticələr qaneedici olduqda sonrakı
fəaliyyət mərhələlərində də (işlə təminat və s.) onların
stimullaşdırılacağı öncədən bilinsin.
Düşünürəm ki, hər bir ali məktəbin özünün də
stimullaşdırıcı layihələr tətbiqi abituriyentlərin
pedaqoji ixtisaslara həvəslə gəlmələrinə kömək edə bilər.
Hamıya bəllidir ki, hər hansı sahədə fəaliyyətin
stimullaşdırılması keyfiyyət göstəriciliyi ilə diqqəti
cəlb edir.
Stimullaşdırıcı proqramıtəqdirəlayiq hesab edirəm
Buludxan
XƏLİLOV,
ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə
elmlər doktoru, professor
2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına
qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma
proqramının həyata keçirilməsini təqdirəlayiq hesab
edirik. Bu stimullaşdırıcı proqramlardan biri də
müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək
balla qəbul olunan gənclərə xüsusi imtiyazların tətbiq
ediləcəyi ilə bağlıdır. Belə ki, ixtisas seçimində
birinci müəllimlik ixtisasını qeyd edən 500 və daha
yüksək bal toplayan ilk 300 tələbənin hər birinə 100
manat məbləğində əlavə təqaüd veriləcəkdir. Belə
tələbələrin sayı 300 nəfərdən az olarsa, onda ixtisas
seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən
tələbələr arasında da seçim aparılacaqdır. Təhsildə
islahatyönümlü bu cür tədbirlərin həyata keçirilməsi
böyük əhəmiyyət kəsb edir. Birincisi, müəllim peşəsinin
nüfuzunu artırmaq, gənclərin gələcəkdə müəllim peşəsini
seçməsi üçün bu tədbir çox böyük önəm daşıyır.
İkincisi, artıq uşaqlar orta məktəbdə oxuduğu müddətdə
gələcəkdə peşə seçimi zamanı müəllim peşəsini seçmək
həvəsində olacaqlar.
Üçüncüsü, qəbul zamanı abuturiyentlər müəllim peşəsini
üçüncü, dördüncü, beşinci... yerlərdə yazır, ilk yerdə
isə başqa ixtisasları qeyd edirdilər. Abituriyentlər
topladıqları balla ilk qeyd etdikləri ixtisaslara
düşmədikdə istək və arzu ilə seçmədikləri müəllimlik
ixtisasına düşürdülər. Nəticədə belə tələbələr istək və
məhəbbət olmadan müəllimlik ixtisasında təhsil alırdılar.
Eyni zamanda müəllimlik peşəsinin sirlərini dərindən
öyrənmirdilər. Təbii ki, ali təhsil aldıqdan sonra bu
sahədə işləmir, sadəcə olaraq diplom almaqla başqa
sahələrdə özlərinə iş axtarırdılar. İndi isə, hər halda
bəri başdan müəllim ixtisasına gələnlər öz istək və
həvəsləri ilə fərqlənənlər olacaqdır. Bu da müəllimlik
peşəsinə qəlbən bağlı olanları başqalarından
fərqləndirəcəkdir.
Dördüncüsü, bəzən görürsən ki, tələbə topladığı balla
ilk seçdiyi ixtisaslara düşmədiyi üçün müəllim
ixtisasına düşür. Bu da tədris prosesinə də ciddi zərbə
vurur. Belə ki, həmin tələbələr (yəni ya təsadüfən, ya
da məcburən müəllimlik ixtisasını seçənlər) yaxşı oxumur,
öz peşələrini dərindən öyrənmirlər. Bu mənada belə
hallar da aradan qaldırılacaq və tələbələrin tədris
prosesinə marağı artacaqdır.
Beşincisi, bu gün ali məktəblərdə SABAH qruplarının
yaradılması peşəkar kadrların hazırlanması sahəsində
uğurlu addımlardan biridir. Bu mənada ixtisas seçimində
birinci müəllimlik ixtisasını qeyd edən və qəbulda
yüksək bal toplayan tələbələr üçün universitetlərdə
daxili qaydada SABAH qrupları yaratmaq olar. Bu da
peşəkar müəllim hazırlığı işinə müsbət təsir göstərə
bilər.
Gələcək müəllimlərə dövlət qayğısı
Mirzəli
MURQUZOV,
ADPU-nun fizika fakültəsinin dekanı, fizika-riyaziyyat
elmləri doktoru, professor, "Şöhrət" ordenli, əməkdar
müəllim
Məlumdur ki, dövlətimizin təhsil siyasətində gənclərə
qayğı xüsusi yer tutur. Bu qayğının təzahürlərinə (dövlət
xətti ilə qabaqcıl xarici ölkələrdə təhsil, yüksək bal
toplayanlara Prezident təqaüdü, nisbətən uzaq yerlərə
təyinatla göndərilənlərə əlavə vəsait ödənilməsi və s.)
dair çoxlu misallar göstərmək olar.
Bu günlərdə dövlətin gənclərə növbəti qayğısının
təzahürünə şahid oluruq. Belə ki, ali təhsil
müəssisələrinə qəbul imtahanında 500 və daha yüksək bal
toplayan, ixtisas seçimində müəllimlik ixtisasını 1-ci
qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə
təqaüdün verilməsi qərara alınmışdır.
Hazırda ali məktəblərə qəbul imtahanlarının getdiyi və
ardınca ixtisas seçiminin aparılacağı bir dövrdə belə
qərarın verilməsi, fikrimizcə, vaxtında atılan
təqdirəlayiq bir addımdır. 2013-cü ildə qəbul edilmiş
təhsilin inkişafi üzrə Dövlət Strategiyasının
tələblərinə uyğun peşəkar bilik və kompetensiyalara
malik yüksək ixtisaslı müəllim və təhsil menecerlərinin
hazırlanması qarşıya mühim bir məqsəd kimi qoyulmuşdur.
Gələcəyə yönəlmiş belə perspektivli məqsədin həyata
keçirilməsində aparılan əsaslı islahatlarla yanaşı
qabiliyyətli gənclərin müxtəlif müəllim ixtisaslarına
cəlb olunması da son dərəcə önəmlidir. Qeyd olunan
məsələləri alqışlamaqla yanaşı, buna dair öz
mülahizələrimizi də bildirmək isdərdik. Yaxşı məlumdur
ki, müəllim sənəti şərəfli olduğu kimi həm də olduqca
çətin, mürəkkəb və məsulyyətli bir işdir. Bunları nəzərə
alaraq tələbə qəbulunda müəllim sənətinə seçim məlum
ümumi qaydalardan fərqlənməli və yeni qaydada
aparılmalıdır. Biz bunu aşağıdakı şəkildə təklif edirik.
1. Şagirdin məktəbdə təhsil aldığı müddətdə onun bütün
müvəfəqiyyət göstəriciləri (bilik, bacarıq, nizam-intizam,
fiziki və psixolojı durumu, nitqi və məntiqi) haqda
həmin məktəbin pedaqoji şurasının qərarı və zəmanəti
qəbul komissiyasına təqdim olunur.
2. Qəbul iki mərhələdə (test və müsabiqə) aparılır.
3. Gənc tələbə olduğu və yaxud müəllim işlədiyi zaman
onun əməyinin stimullaşdırılması üçün oxuduğu ali təhsil
müəssisəsi və Təhsil Nazirliyi tərəfindən əlavə
tədbirlər görülə bilər.
4. Oğlanların qızlara nisbətən müəllim peşəsinə daha çox
cəlb edilməsinə diqqəti artırmaq yaxşı olardı.
Təhsil Nazirliyinin pedaqoji kadr hazırlayan ali təhsil
müəssisələrində təhsil proqramının məzmununa yenidən
baxılmasını təqdirəlayiq hesab edirəm. Çünki bu
istiqamət təhsil sahəsində aparılan islahatların ən
vacib tərkib hissəsidir.
Artıq tələbələr hər cür biliklər toplusu ilə deyil,
hadisə və obyektləri bütövlüyə və keyfiyyətə aparan real
biliklər sistemi ilə silahlandırılmalıdır. Müəllimlər
dərketmənin ən müasir strategiyasına (sistemlik,
özünütəşkil, qlobal təkamülçülük və s.)
yiyələnməlidirlər. Başqa sözlə, bu günun, sabahın
müəlliminin dünyaya baxışı konseptual səviyyədə
olmalıdır. Onlar yeni proqram və dərsliklərin
yaradılması və tətbiqində fəal mövqe tutmalıdırlar. Əks
halda, təhsilin yeniləşməsi baxımından ali pedaqoji
təhsil orta təhsil məktəblərindən geri qalmış olardı.
Təhsil Nazirliyi tərəfindən aparılan islahatyönümlü
tədbirləri dəstəkləyir və ümid edirik ki, təhsilin bütün
sahələrini əhatə edən bu işlər çox yaxın bir zamanda
gözlənilən uğurlu nəticələrini verəcəkdir.
Təhsil Nazirliyinin yeni qərarı düşünülmüş addımdır
Mircəfər
HƏSƏNOV,
AMİ-nin kafedra müdiri, professor, əməkdar müəllim
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda pedaqoji kadrların səriştəliliyi,
elmi-metodiki hazırlığının yüksəldilməsi əsas
vəzifələrdən biri kimi vurğulanmış və təhsilin
inkişafında müəllimlərin əməyi xüsusi qeyd edilmişdir.
Bu baxımdan ilkin müəllim hazırlığı çox böyük əhəmiyyət
kəsb edir. Təəssüf hissilə qeyd etmək lazımdır ki, son
illərdə müəllim olmaq arzusunda olmayan və qəbul
imtahanlarında aşağı bal toplayan gənclər pedaqoji
institut və universitetlərə qəbul olurlar ki, bu da iki
cəhətdən özünü doğrultmur. Birincisi, həmin gənclərin
intellektual səviyyələri aşağı olduğu üçün yüksək
səviyyəli mütəxəssis kimi yetişə bilmirlər. Digər
tərəfdən, müəllimlik peşəsini sevmədikləri üçün alababat
kadr kimi yetişən gənclər çox vaxt digər sahələrdə
çalışırlar.
Təhsil Nazirliyinin yüksək bal toplayan, ixtisas
seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk
300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi
haqqında qərar qəbul etməsi çox düşünülmüş bir addımdır
və mənə elə gəlir ki, sadaladığımız qüsurların aradan
qaldırılmasına köməklik göstərəcəkdir.
Sözsüz ki, son bir ildə respublikamızda təhsilin
inkişafı sahəsində həyata keçirilən pedaqoji və
ümumiyyətlə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan
tədbirlər kimi Təhsil Nazirliyinin bu qərarı da hamı
tərəfindən müsbət qarşılanacaqdır.
Yüksək səviyyəli müəllimlərin hazırlanmasına xidmət edən
qərar
Nazim
QASIMOV,
Bakıdakı 70 nömrəli məktəb-liseyin direktoru, əməkdar
müəllim
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24
oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiqindən sonra Təhsil Nazirliyində
bir sıra uğurlu islahatlar həyata keçirilməyə başlanıb.
Belə addımlardan biri də pedaqoji ixtisasa üstünlük
verən gənclərə, sabahkı tələbələrə oxuduqları
müddətlərdə əlavə 100 manat məbləğində təqaüdün
verilməsi haqqında qərardır. Fikrimizcə bu, yüksək bilik
və ixtisas vərdişlərinə malik müəllimlərin
hazırlanmasına, eləcə də müəllim peşəsini seçmiş
tələbələrin, bütövlükdə cəmiyyət arasında müəllim
peşəsinin nüfuzunun artmasına xidmət edəcəkdir.
Məlum olduğu kimi, müəllim nüfuzunun artırılması
istiqamətində Təhsil Nazirliyi son bir ildə bir sıra
uğurlu yeniliklər tətbiq edib. Qiyabi pedaqoji təhsilin
ləğvi, kolleclərdə müəllim hazırlığının dayandırılması,
Bakı şəhərinin təhsil müəssisələrində çalışan
müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsi, eləcə də ucqar yaşayış
məntəqələrində çalışan gənc müəllimlərin sosial
durumlarının yaxşılaşdırılması ilə bağlı həyata
keçirilən tədbirlər Azərbaycan cəmiyyətində müsbət
qarşılanır.
Bu il ali təhsil müəssisələrinə qəbulda 500 və daha çox
bal toplayan, ixtisas seçimində birinci müəllimlik
ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat
məbləğində əlavə təqaüd verilməsi çoxdan gözlənilən
addımlardan biridir.
Təhsil Nazirliyi tərəfindən gerçəkləşdirilməsi nəzərdə
tutulan bu layihə həm də onu göstərir ki, Dövlət
Strategiyasının strateji hədəflər içərisində nəzərdə
tutulmuş tədbirlər ardıcıl şəkildə həyata
keçirilməkdədir. Bu da hər bir məktəbdə işləyən
müəllimlər arasında yaxşı mənada canlanma yaradır. Bu
tədbirlər bütovlükdə öz gələcəyini müəllimlik peşəsinə
istiqamətləndirmiş gənclərin dövlət tərəfindən daim
diqqətdə olmasını nəzərdə tutur.
Sonda onu da qeyd etmək istəyirəm ki, istedadlı
müəllimlərin daha da peşəkar olmaları üçün onların
stimullaşdırıcı layihələrdə iştirakı, eləcə də qabaqcıl
təhsil sahəsinə malik olan dövlətlərə təcrübə
mübadiləsinə göndərilmələri müəllim nüfuzunun artmasına
xidmət edər.
Mənim fikrimcə, Təhsil Nazirliyinin xətti ilə həm
şagirdlərin, həm də müəllimlərin reytinqini
müəyyənləşdirmək üçün dekabr və may aylarında sınaq
testlərinin keçirilməsi onların məsuliyyətini xeyli
artırardı.
Hazırladı:
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |