Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Moskvada "Təhsildə müasir texnologiyalar" mövzusunda XXV Beynəlxalq konfrans keçirilib

 

24-26 iyun 2014-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Təhsildə müasir texnologiyalar" mövzusunda XXV Beynəlxalq konfrans keçirildi. Konfransa mən də nümayəndə kimi dəvət olunmuşdum. Öncə bu mötəbər elmi məclisdə iştirakıma şərait yaratdığına görə təhsil nazirimiz cənab Mikayıl Cabbarova dərin minnətdarlığımı bildirirəm.               

Belə ki, cənab nazirin bu il mayın 26-da Salyanda keçirdiyi qəbul zamanı mən ona sözügedən beynəlxalq elmi-praktik konfransa dəvət aldığımı və məruzə ilə çıxış etməli olduğumu bildirmiş, lakin maddi imkanım olmadığı üçün nazirlik hesabına ezamiyyəni maliyyələşdirməyi xahiş etmişdim. Cənab nazir xahişimi nəzərə alıb konfransda iştirakımı təmin etmək üçün müvafiq əmr verdi.

Konfransın iyunun 25-də keçirilən açılışında və plenar iclasında Moskva Vilayəti Troiçk şəhərinin rəhbəri Vladimir Yevgeneviç Dudoçki, Moskva Şəhər Təhsil Departamenti rəhbərinin birinci müavini Mixail Yuryeviç Tixonov və Rusiya elm və təhsil nazirinin müavini Veniamin Şayeviç Kaqanov  çıxış etdilər. Natiqlər təhsildə yeni texnologiyanın tətbiqinin aktuallığını və vacibliyini qeyd edib, bu sahədə görülən işlərdən danışdılar. Təhsildə İKT ilə bağlı konfranslarda dəfələrlə iştirakıma görə Troiçk şəhəri rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundum. Plenar iclasda Rusiya Təhsil Akademiyasının Təhsilin İnformasiyalaşdırılması İnstitutunun direktoru İ.V Robert, Təhsilin İnkişafı Federal İnstitutunun baş elmi işçisi L.L.Bosov, akademiyanın "Təhsilin informatlaşdırılması problemləri" laboratoriyasının müdiri S.A.Xristoçevskiy çıxış etdilər.

Sonra konfrans iştirakçıları təhsildə yeni texnologiyaların tətbiqi ilə bağlı təşkil olunmuş sərgi ilə tanış oldular. Proqrama əsasən iyunun 26-da  bölmə iclasları oldu. İclasda mən "Müəllimlərin ixtisasartırmasında İKT-nin rolu" mövzusunda məruzə etdim. Məruzəm elm və texnikanın sürətli inkişafı dövründə ənənəvi ixtisasartırma kurslarının günün tələblərinə cavab verməməsinə, onun İKT-nin tətbiqi ilə distant təhsil formasına keçirilməsinin aktuallığına, distant ixtisasartırmanın müsbət və mənfi cəhətlərinin şərhinə həsr olunmuşdu. Məruzəm ən yaxşı məruzə kimi diploma layiq görüldü. Eyni zamanda  mənə konfrans iştirakçıları üçün nəzərdə tutulan sertifikat təqdim olundu.

Bu kiçik qeydlərimin sonunda bir yaradıcı müəllim kimi arzu edərdim ki, belə konfranslar respublikamızda da müntəzəm keçirilsin və müəllimlərimizin böyük bir hissəsi onda yaxından iştirak etsinlər. 

Zabul ƏHMƏDOV,
Salyan şəhər A.Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi, əməkdar müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov