Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat Təşkilatına namizəd qəbul olunub

 

Bakıda fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbinin Beynəlxalq Bakalavriat Təşkilatına bu qurumun İbtidai Təhsil Proqramı (PYP) üzrə təhsil vermək üçün etdiyi namizədlik müraciəti qəbul olunub. Beləliklə, məktəb 2014-cü il sentyabrından Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı üzrə təhsil verəcək namizəd məktəb statusu qazanıb. Bununla əlaqədar Beynəlxalq Bakalavriat Təşkilatından Avropa Azərbaycan Məktəbinə rəsmi məktub göndərilib. Məktəbin direktoru Şandel Leazberiyə ünvanlanmış məktubda bildirilir ki, BBT namizədliyi müddətində məktəbi davamlı olaraq dəstəkləyəcək. Məktəbin  PYP bölməsində çalışan bütün müəllimləri Beynəlxalq Bakalavriat Təşkilatının Onlayn Kurikulum Mərkəzinə (OCİ) daxil ola və bununla da İB nəşrlərinin və tədris materiallarının elektron versiyasını əldə edə biləcəklər.

Avropa Azərbaycan Məktəbindən verilən məlumata görə, bu modern təhsil ocağının ən yaxın hədəflərindən biri IB-nin növbəti "World School" ("Beynəlxalq məktəb") pilləsinə yüksəlməkdir.

Xatırladaq ki, bu səviyyədə olan məktəblər ümumi fəlsəfə və viziona əsaslanan təlim mühiti yaradır, üzərlərinə yüksək keyfiyyət öhdəçiliyi götürürlər. Bunun da müqabilində məktəb öz şagirdləri üçün əhəmiyyətli hesab etdiyi beynəlxalq təhsili təmin edir.

Onu da diqqətə çatdıraq ki, yalnız Beynəlxalq Bakalavriat Təşkilatına üzv olan məktəblər qurumun İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və  Karyera yönümlü sertifikat kimi akademik proqramlarından istifadə edə bilərlər.

2011-ci  ildə Bakıda təsis olunmuş Avropa Azərbaycan Məktəbi dünyanın ən qabaqcıl təhsil standartları əsasında fəaliyyət göstərən yeni tipli təhsil müəssisəsidir. Məktəb beynəlxalq aləmdə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECİS) ötən il üzv qəbul edilib.

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov