Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 
TƏHSİLİMİZİN UĞURLARI

Yeniyetmə ifaçımız  beynəlxalq müsabiqələrdə uğurla çıxış edib

 

Azərbaycan incəsənətini, musiqisini  dünyaya  tanıdan yeniyetmə və gənclərimizin  səsi-sorağı dünyanın ən mötəbər festival və müsabiqələrinin qalib kürsülərindən  gəlir. Bakıdakı G.Şaroyev adına 35 nömrəli Onbirillik Uşaq Musiqi Məktəbində fortepiano ixtisası  üzrə  təhsil alan  Nəriman Əmiraslanov  da belə yeniyetmələrdəndir. O, 2014-cü ildə 17-26 may tarixlərində İtaliyanın "Pianofriends" Assosiasiyası tərəfindən Milan şəhərində keçirilən "İstedadlı pianoçular orkestr ilə" adlı ustad dərsləri və orkestr ilə konsertlərdən ibarət festivalda, habelə "Gənc istedadlar orkestri ilə" beynəlxalq Barlassina müsabiqəsində iştirak edib. Almaniya, Amerika, Peru, Özbəkistan, Rumıniya, Rusiya, Yunanıstan, İsveçrə, İtaliya, Koreya, Yaponiya, Sinqapur, Albaniya və digər  ölkələrdən olan gənc pianoçuların iştirak etdiyi müsabiqədə Azərbaycanı Nəriman Əmiraslanov  təmsil edib. Müsabiqə 2 nominasiya üzrə klassik və romantik janrda keçirilib. Yuxarı yaş qrupunda romantik nominasiyada çıxış edən Nəriman üçüncü mükafata layiq görülərək laureat adını qazanıb.

Qeyd edək ki, N.Əmiraslanov 2011-2012-ci illərdə bir sıra beynəlxalq  müsabiqələrdə uğurlar qazanıb. O, 2011-ci ildə Estoniyanın Rakvere şəhərində keçirilən İ.S.Bax adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində I dərəcəli diploma, İsveçin Stokholm şəhərində  təşkil olunmuş II Beynəlxalq "Rondo" festival-müsabiqəsində II dərəcəli diploma layiq görülüb. N.Əmiraslanov 2011-ci il 22-24 noyabr tarixlərində Moskvada "Vosxodnıye zvyozdı v Kremle" adlı klassik musiqi üzrə gənc ifaçıların III Beynəlxalq festivalında, Avstriyanın paytaxtı Vyanada pianoçuların XII beynəlxalq fortepiano müsabiqəsində iştirak edib. Vyana şəhər rəhbərliyinin sponsorluğu və "Panmusica Austria" Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən müsabiqə çərçivəsində ustad dərsləri də təşkil olunub. Avstriya, Rusiya, ABŞ, Yaponiya, Koreya, Çin, Qazaxıstan və digər ölkələrdən olan ifaçıların təmsil olunduğu yarışmada A qrupunda (12 yaşadək) Nəriman Əmiraslanov çıxış edib.

Birinci mərhələdən öncə tanınmış professor Chung Leedən ustad dərsləri alan yeniyetmə V.A.Motsartın do minor sonatasının birinci hissəsini və lya major sonatasının üçüncü hissəsini - "Türk marşı"nı ifa edib. Bu mərhələdə uğurla çıxış edən Nəriman 7 iştirakçı ilə birlikdə ikinci mərhələyə vəsiqə qazanıb. Kipr, Yaponiya, Argentina və Macarıstandan olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci mərhələdə çıxış edən yeddi iştirakçıdan birinci yerə Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü yerə isə paytaxt məktəblisi  Nəriman Əmiraslanov layiq görülüb.

Sənət yarışmasının sonunda qaliblərə diplom və xüsusi hədiyyələr təqdim olunub.  2012-ci ilin aprel-may aylarında gənc pianoçu XII Beynəlxalq fortepiano müsabiqəsində, "We play together" adlı müsabiqədə (Fransa, Paris) və XXII "Çitta di Barletta" gənc musiqiçilərin beynəlxalq müsabiqəsində (İtaliya, Barletta   (İsveç, Stokholm) II mükafata, pianoçuların VII Beynəlxalq "Motsart" müsabiqəsində diploma (İtaliya, Roma) layiq görülüb. Mütəmadi olaraq, "Bahar suları", "Azərbaycan - ölkəm mənim",  Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə solo konsert proqramları ilə Kapelhaus, Azərbaycan Milli İncəsənət, Niyazi ev-muzeyində çıxışları olub. 2013-cü ildən Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "İstedad mərkəzi"nin üzvü seçilərək  bir neçə konsertlərdə - "Gəncliyin səsi", "Ü.Hacıbəyov festivalı",  M.Rostropoviç ev-muzeyində, "15 İyun Qurtuluş Günü"nə həsr olunmuş "Gənc İstedadlar Orkestr ilə" layihələrində çıxış edib və ifaları  diplomlarla mükafatlandırılıb.

Ölkəmizı beynəlxalq müsabiqələrdə və festivallarda uğurla təmsil  edən     Nərimanın  adı 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o,  Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

Dərs əlaçısı  N.Əmiraslanov Bakı Atatürk liseyinin 10-cu sinif şagirdidir. O, musiqiçi ailəsində dünyaya göz  açıb.  Professional musiqi ilə tanışlığa isə anası musiqişünas Sevinc İbrahimova ilə başlayıb. İlk musiqi təhsilini Xırdalan Uşaq Musiqi Məktəbinin müəllimi İradə Bağırovanın sinfində alıb. 2010-cu ildən isə o, təhsilini G.Şaroyev adına 35 nömrəli Onbirillik Uşaq Musiqi Məktəbində, professor Siala Sinamdzqvarişvilinin sinfində davam etdirir.

Bugünkü uğurlarına görə Nəriman müəllimlərinə minnətdar olduğunu bildirdi. Dedi ki, ölkə  rəhbəri İlham Əliyevin imzaladığı müvafiq sərəncamda öz adını görəndə hədsiz dərəcədə sevinib. İstedadına verilən bu qiymət onun yaradıcılıq həvəsini artırmaqla yanaşı, məsuliyyətini də birə-beş artırıb. Öz üzərində səylə çalışaraq ona göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov