Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Səbailli məktəblilərin Qubadakı yay istirahəti başa çatıb

 

Böyütmək üçün şəkili seçinBöyüməkdə olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin birgə layihəsinə yekun vurulub və layihə əsasında təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb.  Bu münasibətlə keçirilən təntənəli bağlanış mərasimində qeyd olunub ki, rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan, ümumilikdə 250-dən çox yeniyetmə düşərgədə istirahət edib. Quba şəhərinin ən mənzərəli yerində yerləşən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü, ödənişsiz "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxıb. 

Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, artıq 9-cu dəfə təşkil olunan "Şahinlər" düşərgəsinin tarixinə həsr olunmuş stendlər asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan edib.

Uşaqların Qubanın görməli yerlərinə, meşələrə,  rayonun  tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunub. İstirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçib. Burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olub, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıblar.

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən   müxtəlif mövzularda məşğələlər, maraqlı görüşlər keçirilib, filmlər nümayiş olunub. 

Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları  Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov,   DİN Daxili Qoşunları komandanının müavini, general-mayor Fəxrəddin Səmədov  və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.

Yeniyetmələr  qonaqlar qarşısında hərbi keçid edib, müxtəlif hərbi təlimlərdə və  istirahət dövründə öyrəndiklərini nümayiş etdiriblər. 

Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə düşərgədə istirahət edən uşaqlar da öz  məharətlərini göstəriblər. 

Yeniyetmələr və onların valideynləri istirahətin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.  

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov