Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Rusiya səfirliyində tələbələrlə görüş keçirilib

 

 Uzun illər yaranmış ənənələrə uyğun olaraq bu il də azərbaycanlı gənclərin bir qrupu ali təhsil almaq üçün Rusiya Federasiyasının nüfuzlu ali məktəblərini seçib. Belə ki, müvafiq qəbul prosedurlarından uğurla keçmiş 115 gənc yeni dərs ilindən Moskva, Sankt-Peterburq, Həştərxan, Volqoqrad. Krasnodar, Perm, Rostov-Don, Ryazan, Samara və bir çox digər şəhərlərin universitetlərində təhsil alacaq. Onlar jurnalistika, linqvistika, filologiya, tarix, pedaqogika, sosiologiya, informatika, iqtisadiyyat, hüquq, tibb və s. ixtisaslara yiyələnəcəklər.

Bu barədə qonşu ölkədə təhsil alacaq tələbələrlə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində avqustun 23-də keçirilmiş görüşdə məlumat verilib. Görüşdə iştirak edən tələbələri və onların valideynlərini salamlayan səfir Vladimir Doroxin RF-in Azərbaycan mütəxəssislərinin hazırlandığı əsas xarici mərkəzlərdən biri olduğunu, təmsil etdiyi ölkədə hazırda təqribən 7 min azərbaycanlı oğlan və qızın təhsil aldığını bildirib. Səfir biliklərə yiyələnməkdə tələbələrə uğurlar arzulayıb və öz işlərinin peşəkarı olmalarını, doğma ölkəyə xeyir vermələrini tövsiyə edib.

Rostov-Dondakı Cənub Federal Universitetinə qəbul olunmuş Kamilla Hacıyeva görüş iştirakçılarını tələbələr adından salamlayıb və Rusiya büdcəsi hesabına ali təhsil almaq, təhsil illərində Rusiyanı daha yaxından tanımaq imkanı verdiyinə görə Rusiya Federasiyasının hökumətinə, Azərbaycandakı rusiyalı diplomatlara minnətdarlığını bildirib.

"Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, İsmayıllı rayonunun İvanovka kəndindəki Heydər Əliyev adına tam orta məktəbin direktoru Mixail Uryupin çıxış edərək tələbələri təbrik edib, öz ürək sözlərini söyləyiblər.

Tədbirdə tələbələrə rus ədəbiyyatı klassiklərinin kitabları hədiyyə olunub. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov