Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Məktəblilərin Şəmkir və Göygölə ekskursiyaları maraqla qarşılanıb

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyaya qoşulan Cəlilabad və Biləsuvar məktəbliləri avqustun 27-də Şəmkir və Göygöl rayonlarında olublar.

Şəmkirə gələn şagirdləri rayon icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri qarşılayıblar. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayan məktəblilərə məlumat verilib ki, Böyük İpək Yolu üstündə yerləşən bu qədim qala 2007-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmalarından aydın olub ki, şəhər ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra Rusiya qoşunlarının hücumuna məruz qalıb və dağıdılıb.

Orta əsr Şəmkir qalasının dağıntıları qarşısında xatirə şəkli çəkdirən məktəblilər sonra Heydər Əliyev və Gənclər mərkəzlərində, bayraq muzeyində, abidələr və istiqlal parklarında, XVIII əsr alman kilsəsində olublar.

Şəmkirlə tanışlıqdan sonra  şagirdlər Göygölə səfər ediblər. Burada mehribanlıqla qarşılanan məktəblilər tur-aksiyanı Heydər Əliyev parkından başlayıblar. Parkda Heydər Əliyev, Gənclər və Uşaq Əyləncə mərkəzləri, həmçinin qapalı və üstüaçıq idman meydançaları fəaliyyət göstərir ki, bu da gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar açır.

Məktəblilər parkın ərazisini gəzdikdən sonra  alman Viktor Klaynın mənzil-muzeyinə baxıblar.

Tur-aksiyadan razı qalan Cəlilabad şagirdlərindən ibarət qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Əminağa İsbarov deyib ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini də vacib məsələ kimi diqqətdə saxlayır . "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası buna bariz nümunədir. Üç gündür ki, maraqlı ekskursiyalar keçirilir, bölgənin tarixi yerləri, maddi-mədəniyyət abidələri, eləcə də müasir tikililəri ilə məktəblilər tanış oldular. Biz də, şagirdlər də bu turdan böyük zövq aldıq. Buna görə ölkəmizin rəhbərinə minnətdarıq.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov