Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2014 - №35

 

BSU-nun tələbələri xaricdə yay məktəblərində fəal iştirak ediblər

 

Bakı Slavyan Universitetinin  tələbələri Bolqarıstan, Çexiya, Polşa və Yunanıstanda keçirilmiş yay məktəblərində fəal iştirak ediblər.

BSU-nun mətbuat xidmətindən bildiriblər ki, 2014-cü ilin yay məktəbinin iştirakçıları xarici dil biliklərini təkmilləşdirmək məqsədilə müxtəlif kurslarda staj keçmək imkanı əldə ediblər.  Tələbələrin bir qrupu Bolqarıstan Respublikasının Təhsil və Elm Nazirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin xarici tələbələr və təqaüd alan tələbələr üçün təşkil etdikləri bolqar dili və mədəniyyəti üzrə yay seminarında iştirak edib. Proqramın istiqamətlərindən biri öz ölkəsini təqdim etməkdən ibarət olub. BSU-nun tələbələri Azərbaycana, onun tarixinə, mədəniyyətinə və ənənələrinə həsr olunmuş klip təqdim etməklə bu vəzifənin öhdəsindən uğurla gəliblər.

Olomoutsdakı Palatski Universitetinin yay məktəbində çex dili üzrə staj keçmək imkanı əldə etmiş çexşünas tələbələr də fərqləniblər. Yay məktəbində stajkeçmə zamanı əldə edilmiş vərdişlərin və yaxşı hazırlığın göstəricisi ən yüksək ballar və beynəlxalq sertifikat olub. BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin II kurs tələbəsi Faiq Cəfərli dram dərnəyində fəal iştirak edib. Onun tamaşadakı ifası maraqla qarşılanıb.

Stajkeçmə müddətində tələbələr fəal tədris prosesinə cəlb olunub, habelə müxtəlif mədəni tədbirlərdə iştirak etmək, gəldikləri ölkənin tarixi və mədəni abidələri ilə tanış olmaq imkanı əldə ediblər. Bütün bunlar, şübhəsiz, gələcəkdə onların mütəxəssis kimi formalaşmasına müsbət təsir göstərəcək, gənclərin dünyagörüşünü genişləndirəcəkdir.

Qeyd etmək lazımdır ki, BSU-nun tələbələrinin xarici universitetlərin müxtəlif təhsil proqramlarına cəlb olunması ilə yanaşı Rusiya, Ukrayna, Polşa və Latviya universitetlərinin tələbələri də Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər, regionşünaslıq, alman filologiyası, tərcümə ixtisasları üzrə staj keçirlər. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov