Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Ötən dərs ilinin mühüm hadisələri

 

*  Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm həyati əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq olunub.  

*  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il iyulun 24-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncam imzalayıb.  Sərəncamla respublikamızda mövcud rayon (şəhər) təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional idarəsi yaradılıb.  

*  Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə  "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.

 *  Bu il ilk dəfə olaraq maksimum adda və sayda - 271 adda 7,8 milyon nüsxə dərslik çap olunub.   

* Azərbaycan Prezidenti cənab İlham Əliyevin "2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının ali  məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncamına uyğun olaraq 102 nəfər ən yüksək nəticə göstərmiş tələbəyə Prezident təqaüdü verilib.   

*  Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq ali məktəblərdə təhsil alan, xüsusi istedadı və təlim uğurları ilə fərqlənən tələbələrdən ibarət "SABAH" qrupları yaradılıb. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən 738 tələbə "SABAH" qruplarına qəbul olunub.  

*  Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində məktəb direktorları və gələcəkdə direktor olmaq istəyən müəllimlər üçün müsabiqə yolu ilə təlimlər keçirilib. Təlimlərdə iştirak üçün 547 pedaqoji kadr müraciət edib. 4 aylıq təlimlərdən müvəffəqiyyətlə keçən 42 nəfər "Uğur sertifikatı" əldə edib.  "Uğur sertifikatı" sahiblərindən 14 nəfəri Bakı şəhərindəki məktəblərə direktor təyin olunub. 

*  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində "Sağlam təhsil - sağlam millət" layihəsi həyata keçirilməyə başlanılıb. Layihə çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq "Sağlam təhsil sinfi" fəaliyyətə başlayıb. 

*  Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən bütün pedaqoji heyətin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılıb. Sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28.825 müəllimi - bütün müəllimlərin 96 faizi  iştirak edib. Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faizi zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir.  

*  İlk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerləşdirilməsi və işə qəbulu Qaydaları"na müvafiq şəkildə işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib. Onlardan 771 nəfəri yerdəyişmə üzrə müsabiqəyə buraxılıb, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb. 

*  2014-2015-ci dərs ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. İlk dəfə olaraq müsahibə mərhələsində müəllimlərin kommunikativ qabiliyyətləri də qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə 1692 nəfər işə qəbul olunub. Onlardan 1405 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq olunub. 

*  Bakıda "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu" ictimai birliyinin (ASAİF) XII Forumu keçirilib.  

*  Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurmuş 176 nəfər XI sinif məzunu qızıl medalla, 25 nəfər isə gümüş medalla təltif olunub. 

*  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 7 may tarixli fərmanı ilə Bilik Fondu yaradılıb. Fondun fəaliyyətində məktəbli gənclərlə bağlı layihələr də xüsusi yer tutur. Bu baxımdan Bilik Fondunun "İlboyu təhsil" layihəsinə artıq start verilib. Layihə çərçivəsində "Qardaşlaşmış məktəblər" proqramı həyata keçirilir.

 *  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2014-2015-ci dərs ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 9 nəfər ən yüksək nəticə - 700 bal toplayıb. Onlardan 5-i I, 2-si IV, 2-si isə II ixtisas qruplarında imtahan verən gənclərdir.  

*  Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib. 56 məktəb əsaslı təmir edilib, 64 məktəbdə cari təmir işləri aparılıb. 265 fizika, kimya və biologiya laboratoriyası müasir avadanlıqlarla təchiz olunub, 70-dən artıq yeni məktəb İnternet şəbəkəsinə qoşulub. 

*  Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd verilməsi haqqında qərar qəbul olunub. 

*  Məktəblilər arasında keçirilən fənn olimpiadalarının ilk - rayon (şəhər) mərhələsinin I turunda 36908 şagird iştirak edib. Bu turda qalib gələn 6374 şagird II turda mübarizə aparıb. Həmin turun nəticələrinə görə 849 nəfər respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Respublika mərhələsinin nəticələrinə əsasən 189 şagird I-IV yerləri tutub. Olimpiadada 20 şagird I, 27 nəfər II, 61 nəfər isə III yerə çıxıb. 81 şagird 4-cü - həvəsləndirici yerə layiq görülüb.

 *  Azərbaycan məktəbliləri ötən dərs ilində beynəlxalq fənn olimpiadalarında 7 medal qazanıblar. Medallardan biri qızıl, qalanları isə bürüncdür.

 *  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müxtəlif şəhər və rayonlarda yaşayan gənclərin digər bölgələrə "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyaları keçirilib. Avqust-sentyabr aylarında reallaşdırılan həmin tur-aksiyalarda minlərlə məktəbli iştirak edib.

*  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə "Müəllimlərin etik davranış qaydaları" təsdiq olunub.  "Qaydalar"da hər bir müəllimin işə ilk dəfə qəbul olarkən içməli olduğu "Müəllim andı" təsbit olunub.

 *  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla həyata keçirilir. Ötən il Dövlət Proqramı çərçivəsində 787 gənc dünyanın aparıcı ölkələrinin ali məktəblərində təhsil almaq hüququ qazanıb.

 *  Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes tərəfdaşlığına əsaslanan sosial xarakterli "Müasir Azərbaycan Peşəkarları Layihəsi"nin icrasına başlanıb. Bu layihə çərçivəsində müxtəlif dövlət və özəl, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq qurularaq bir sıra ilk peşə-ixtisas təhsili müəssisələrinin bazasında müasir  resurs mərkəzləri yaradılıb.

 *  5 yaşlı uşaqların məktəb təliminə hazırlığının təmin olunması istiqamətində  müsbət addımlar atılıb. Bakı şəhəri üzrə 72 məktəbdə hazırlıq qrupları açılıb. 

Hazırladı: Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov